Məhərrəmlik ayında toy edənlərə ŞƏHƏR SAKİNLƏRİNİN BAXIŞI - SORĞU

1 Avqust 2022 17:34 (UTC+04:00)

Hər kəsin bildiyi kimi ölkəmizdə artıq məhərrəmlik ayı başlayıb. Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir. Məhərrəm ayının 10-u - Aşura günü isə avqustun 8-nə düşür. Aşura günündə ənənəvi qanvermə aksiyaları keçirilir. Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq. Məhərrəmlik ayında İmam Hüseynin şəhid olması ilə əlaqədar olaraq matəm elan olunuraq toyların, şənliklərin keçirilməsi hətta mahnı dinləmək belə günah hesab olunur. Keçmiş zamanlarda hər kəs bu kimi qaydalara riayət etsə də, artıq zaman keçdikcə bir çox insanlar bu kimi adət ənənələrə əməl etməməyə başlayıb. Bəs sizcə bu proses necə həyata keçirilməlidir? İnsanların səbr etməyərək məhərrəmlik ayında toy şənliklərinin keçirməsi nə dərəcdə düzgündür? Bütün bu suallara cavab tapmaq məqsədi ilə SİA paytaxt sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Həsən Rəhimov: “Hər kəsin bildiyi kimi məhərrəmlik ayı müqəddəs bir aydır. Deyərdim ki, məhərrəmlik ayında olunması günah olan əməllər normal günlərdə də həmin hərəkətləri həyata keçirtdik də, günah hesab olunur. Misal olaraq içki içmək məhərrəmlik ayı olmasa belə içkinin istifadəsi dində günah hesab olunur. Mən özüm dində günah hesab olunan əməlləri həyata keçirtməməyə çalışıram. Lakin məhərrəmlik ayında toy edən, içki içən insanlara qarşıda neytral mövqe tuturam. Çünki artıq bu həmin insanların öz seçimidir”.

Şəhər sakini Şövkət Zeynalova: “Biz dədə-babadan görmüşük ki, məhərrəmlik ayında toy etmək olmaz. Bu bir növ öz imamına, peyğəmbərinə hörmət əlaməti olaraq sayılır. Çünki insan öz yaxın birini itirəndə 40 gün onun hörmətini saxlayaraq toy etmir, saçına rəng qoymur, şənlənmirsə indi də öz imamımıza hörmət edərək bunları həyata keçirtmirik. Təbii ki, bu mənim fikirlərimdir. Kimsə bunu qəbul etməyə də, bilər”.

Şəhər sakini Fuad Zeynalsoy: “Mənim fikrimcə, insanın öz yaxını vəfat edərkən necə kiçillər saqqal saxlayıb, qadınlar qaraya bürünürsə bu 2 ayda da bu cür davranmalıyıq. Çünki bu ay bizim imamımız şəhid olur. Məhz bu səbəbdən imamımıza hörmət edərək onun yasını saxlamaqda borcluyuq. Kimsə bu ayda özünə sıxışdırıb toy edib, əylənirsə bu onlara çox bahabaşa gələcək deyə düşünürəm”.

Şəhər sakini Əsəd Cahangir: “Əslində qanuni baxımdan məhərrəmlik ayında toy edilməsi cinayət işi sayılmır. Yəni hər kəs şənlikdə edə bilər, toy da. Lakin mənəvi nöqteyi nəzərdən bu mövzuya baxsaq görərik ki, xalqın müqəddəs saydığı və yas saxladığı bir ayda toy şənliyinin keçirilməsi düzgün deyil. Çenki imam və inanc sahiblərinin dini inancına qarşı hörmətsizlik edilməsi düzgün deyil.Hesab edirəm ki. Bir ay sonrada, 40 gün sonra da şənliyi keçirtmək. Yaxşı olar ki, biz milyonlarla insanın müqəddəs saydığı bir duyğunu zədələməyək. Məhərrəmlik ayı eyni zamanda İmam Hüseynin şəhadət ayıdır”.

Şəhər sakini Natiq Camalov: “Məhərrəmlik müqəddəs bir ay kimi qeyd olunur. Təbii ki, bunun üçündə bu ayda toy edib, şənlik keçirtmək olmaz. İnanın ki, məhərrəmlik ayında toy edən insan heç vaxt xoşbəxt ola bilməz. Əgər bir insanın qanında həqiqətən də müsəlmanlıq varsa, o insan heç vaxt bu aylarda şənlik keçirdib, mühərrəmlik ayına zidd olan əməl həyata keçirtməz. Bütün müsəlmanların borcudur ki, bu ayda İmam hüseyn eşqinə dualar edib, onun yasını saxlasın”.

Şəhər sakini Günay Əliyeva: “Mənim fikrimcə, məhərrəmlik ayında müqəddəs işlərlə məşğul olmaq lazımdır. Hansı hərəkət ki, bu ay üçün məbul sayılmır onu etmək olmaz. Çünki bu kimi məllər bizim günah qazanmağımızla nəticələnir. Həmçinin müqəddəs məhərrəmlik ayında İmam Hüseyn şəhid olub. Məhz bu səbəbdən də İmam Hüseyn yolunda onun yasını saxlamaq bütün müsəlmanlara aiddir”.