Belə bir atalar sözümüz var: Qız da, oğlan da övladdır, hər ikisi bir-birindən şirin. Lakin həmişə belə düşünürükmü? Onların hər ikisi əksəriyyətimiz üçün bal şirinliyindədirmi? Xeyr, belə deyil. Əsrlərdir ki, oğlanla qız övladı arasındakı ayrı-seçkilik cəmiyyətimizdə açıqca görünür. Bunun səbəbkarı, əslində isə günahkarı əsasən kişilərdir. Kİşilərin həyatda ən böyük arzusu qadınlarının onlara oğlan doğması olur. Oğlan doğulmayanda isə ailədə söz-söhbət yaranır, kişinin dünənədək dərdindən öldüyü, sevdiyi qadın əksər halda onun gözündən düşür, hətta bu səbəbdən boşanmalar da baş verir. Bununla bağlı yüzlərlə fakt söyləmək olar. Nəticə isə göz qarşısındadır. Elə məni bu yazını yazmağa vadar edən də həmin nəticədir.
Azərbaycan birinci oldu
İki gün öncə mətbuatda belə bir xəbərlə rastlaşdım: Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir. Bunu media eksperti Aynur Veysəlova “Azərbaycan mediasında gender həssaslığının artırılması” mövzusunda jurnalistlər üçün keçirilən təlimdə çıxışı zamanı deyib. O qeyd edib ki, 2021-ci ilin statistikasına əsasən, Azərbaycanda 100 qıza 115 oğlan düşür: “Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3 təşkil edir. Nəzərə almaq lazımdır ki, dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir”.
Ekspert bildirib ki, ötən 55 il ərzində Azərbaycanda nəsilvermə əmsalı xeyli azalıb: “Azərbaycanda son onilliklər ərzində nəsilvermədə baş vermiş tənəzzül və dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsindən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur.
BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir. Bu vəziyyətlə qarşılaşmaq istəmiriksə, qızlara dəyər vermək lazımdır. Ədalətli cəmiyyət naminə qızlar üçün bərabər imkanlar yaradılmalıdır”.
Qeyd edim ki, bu ilin 6 ayı ərzində 60.094 doğum dövlət qeydiyyatına alınıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, onlardan 32.074-ü oğlan, 28.020-i qız cinsindən olub.
90-cı illərdən üzü bəri
Bugünkü bu qorxunc göstərici yuxarıda da qeyd etdiyim kimi, cəmiyyətimizdə oğlan övladına üstünlüyün verilməsi, onun daha çox arzulanmasıdır. Bu arzunu da həyatımıza daxil olan müasir texnologiyalar “çin etdi”. USM-lər 90-cı illərədək ailələrimizdə doğulan, hətta “ta bəsti” deyilib Bəsti adı verilən qızlarımıza “bəsti” hökmünü verməyə başladı. O Bəstilər ki, kişi qeyrəti, namusu, zəhmətkeşliyi, ata-ana qədri bilməsi ilə yaddaşlarımıza həkk olunublar. O Bəstilər ki, evlənib həyat yoldaşı ilə uzaq şəhərlərdə yaşamağı seçən oğulların evin altında qalan yaşlı ata-anasının baxıcılarına çevriliblər illərlə. Öz ailələrinin işini bitirib, axşamda-səhərdə ata evinə qaçıb onlara qulluq ediblər. O Bəstilər ki, oğullar ata-ananın cənazəsinə gəlib çıxanadək onların başının üstünü kəsiblər.
Bütün bunları hər birimiz yaşadığımız rayonlarda, şəhər və kəndlərdə qohumlarımız, qonşularımız arasında dəfələrlə müşahidə etmişik. Lakin bütün bunlar eyni zamanda oğlan övladına olan istəyimizi, onlarla qızlarımız arasına qoyduğumuz ayrı-seçkiliyi dəyişə bilməyib. Çünki bizim təfəkkürümüzdə problemlər var. Biz hər zaman düşünmüşük ki, oğul davamçıdır. Maraqlıdır, qız övladı bəs nədir, sonsuzluqdur. Belə çıxır ki, biz qızı övlad hesab etmirik ki, onunda övladını özümüzə davamçı hesab etmirik. Çox təəssüf ki, XXI əsrdə yaşasaq da, hələ də X-XI əsrlərin təfəkkürü ilə yaşamaqda, bunu eynilə qəbil etməkdəyik. Bu səbəbdən də hər bir kişi evində ən azından bir oğlan övladı olmasını istəyir, həm də şiddətli dərəcədə istəyir. Odur ki, buna nail olması üçün də bəzən şiddətli hərəkətlər törədir. Həyat yoldaşına qarşı zorakılıq edir, onunla nikaha son qoyur, yenidən ailə qurur. Lakin onu anlamır ki, övlad payını verən Yaradandır. Alın yazın deyilsə, istəyirsən 3 dəfə evlən-boşan. Bunun da dəfələrlə şahidi olmuşuq.
Bəli, elə ki, USM-lər uşaqların cinsini müəyyən etməyə başladı, bu, kişilərimiz və özünü oğlan doğa bilməməkdə günahkar hesab edən qadınlarımız üçün yaxşı bir fürsət oldu.
USM-lər həm də ailə planlaması işini görür
Statistikaya nəzər salsaq görərik USM-lər ilk zamanlar ailədə 2-3 qız övladı olub oğlan dünyaya gətirmək istəyən analara xidmət edirdi. Bu yolla minlərlə ailə öz oğlan övladı arzusuna çatırdı. Sonralar isə ultrasəs müayinəsi, sözün əsl mənasında, ailə planlamasına da çevrildi. Belə ki, bu gün Azərbaycanda selektiv abortların gətirdiyi nəticələr üçün tək kişilər deyil, həm də qadınlarımız təqsirkardır. Çünki qadınlar zaman-zaman ultrasəs müayinəsini ailə planlamasına da çevirdilər. Yəni ilk övladı qızdırsa, daha ikincinin qız olmasına yol vermədilər. İkincini oğlan istəməklə həm həyat yoldaşlarının arzularını gerçəkləşdirdilər, həm də artıq övlada gərək olmadığını düşündülər. Beləliklə indi hamımız şahidik ki, əksər ailələrdə iki uşaq var: bir qız, bir oğlan. Bunun gələcəkdə bizi böyük problemlərlə üz-üzə qoyacağından hələlik xəbərimiz olmadığı üçün bu cür də davam etməkdəyik.
Yaşlı bir qadın tanıyırdım, mama-tibb bacısı idi. O deyirdi ki, ailədə iki uşaq tamamilə səhv fikirdir. Həmin ailə fikirləşməsin ki, biz dünyaya insan bəxş etdik. İki uşaqdan biri ata, biri anadır. Əgər ailədə üçüncü uşaq varsa, bu, artım sayıla bilər. Nə qədər doğru söylənmiş fikirdir. Dəfələrlə təsadüf etmişik ki, ailələrdə iki övladdan biri ya xəstəlikdən, ya da hansısa qəza nəticəsində dünyasını dəyişir, o biri uşaq evdə tək qalır, bundan böyük travma alır. Bu, həm də uşaqların psixoloji durumuna ciddi təsir göstərir. Öz qardaş və ya bacısını itirən uşaq əgər ailədə üçüncü uşaq olarsa, onunla təsəlli tapar, əks təqdirdə onun vəziyyətini düşünmək heç də çətin deyil. Belə uşaqlar üçün gələcək həyat daha dözülməz olur. Çünki onlar tamamilə tək qalırlar.
Məsələnin bu tərəfi üçün məhz qadınlar günahkardır. Çünki iki övladından birinin oğlan olması ilə kişi artıq ailə üzvlərinin daha da artmasına maraqlı olmur. Lakin qadın həm də anadır. Övladının bu gününü və gələcəyini düşünmək kişilərdən çox, qadınlara bəxş olunan hissdir. Lakin qadınların işlərinin yüngül olması, karyera dalınca getmək, daha çox əziyyət çəkməmək üçün USM-lərin köməkliyi ilə ailə planlaşdırmaları bu kimi problemlər yaradır. O problemlər ki, əhali sayının da, ailədə uşaq sayının da artımına və bunun yaratdığı problemlərə ciddi şəkildə təsir göstərir.
Günahkar kişi və ona oğlan doğan xərçəng xəstəsi qadının hekayəsi
“Söz vaxtına çəkər”, deyirlər. Elə 90-cı illərdən söz düşmüşkən heç vaxt yadımdan çıxmayan, hər zaman böyük təəssüf hissi ilə xatırladığım bir həyat hekayəsini də qısaca nağıl etmək istəyirəm. 1990-95-ci illər arası idi. Qonşuluğumuzda bir gənc ailə vardı. Bir-birinin ardınca iki qızları dünyaya gəlmişdi. Elə bu ərəfələrdə məlum oldu ki, qadında xərçəng xəstəliyi aşkar edilib. Əri isə oğlan övladı eşqi ilə yaşayırdı. Bu səbəbdən də xərçəng xəstəsi yoldaşına xəyanət etdi. Bir müddət sonra xəbər yayıldı ki, onun başqa bir qadından (nikahdankənar) oğlu dünyaya gəlib. Bu xəbərin onun xəstə həyat yoldaşını necə sarsıtdığını sözlə ifadə etmək o qədər çətindir ki... Xəstə olasan, üstəlik də belə bir xəbər eşidəsən...
Yəqin ki, qadın ailənin artıq uçurumun kənarında olduğunu düşünürdü. Və bunun qarşısını almaq üçün qadın fədakarlığı ilə mübarizə aparırdı. Günlərdən birində eşitdik ki, o, hamilədir. Və dedilər ki, ultrasəs müayinəsindən keçib, uşaq oğlandır. Həkimlər uşağı dünyaya gətirməməsini məsləhət görmüşdülər. Bilə-bilə ki, bu xəstəliklə uşaq dünyaya gətirmək onun üçün həyati təhlükədir, heç kim onu yolundan döndərə bilmədi. Uşağı dünyaya gətirməkdə qərarlı olduğunu bildirdi. Onun 9 aydakı çətinlikləri, yaşadıqları haqqında danışa bilmirəm. Çünki bu, artıq sözün bitdiyi andır.
Hamı qadının günlərin birində öləcəyini, bu yükü sonadək daşıya bilməyəcəyini düşünürdü. Lakin “sən saydığını say, gör fələk nə sayır” misalı uşaq dünyaya gəldi. Bu uşaq xəstə bir qadının ailəsini xilas etmək mücadiləsi idi. Ərinin onu atıb ona oğlan doğan qadına getməsi qorxusundan yaranan hiss idi. Və bir də bu risk üçün çox yaxın zamanda həyata əlvida deməsi idi.
Çox keçmədi, xəstəlik əzrail kimi qadının boğazından yapışdı. Sanki Allah o uşağı dünyaya gətirməsi üçün ona möhlət vermişdi. Qısa bir zamanda 3 körpə övladını və onun ölümündə günahkar olan oğlan istəkli ərini tərk etdi.
Bax, yüzlərlə belə günahkar kişilər var. Bilə-bilə ki, yoldaşı üçün təhlükəlidir, onu oğlan doğmağa vadar edən, 2-3 qızdan sonra onu atıb başqası ilə evlənən, müasir dövrün dəblərindən olan nikahdankənar oğlan sahibi olan qəddar, qadınları ölümə sürükləyən, onların mənəviyyatı ilə oynayan, təhqir edən yüzlərlə kişilər var. Bu təhqirlər tək qadınlarımıza deyil, həm də onların dünyaya gətirdikləri qızlaradır. Çünki ataları onlarla kifayətlənməyib oğul arzulayır, arzusuna çatmayanda qızlarını, onların anasını atır və ya onlara çox pis şəkildə xəyanət edir.
7 oğulun bir bacıya möhtac anası
Xalqımızın belə bir deyimi də var ki, Allah hansından verir versin, xeyirli övlad versin. Yəni qız, oğlan olmasından asılı olmayaraq övlad düzgün tərbiyə edildikdə, ona yetərincə məhəbbət göstərildikdə və o bu məhəbbəti dəyərləndirdikdə xeyirli övlad ola bilər. Yoxsa oğlan arzula, o da getsin ən pis yola düşsün və ya layiqli övlad olmasın, onun davam etdirəcəyi nəsildən nə çıxacaqdır. Bu mənada arzulayaraq və heç bəlkə də arzulamadan bir-birinin ardınca 7 oğlu olmuş bir ananın axır aqibətindən də söhbət açmaq yerinə düşərdi.
2000-ci illər olardı. Tanıdığım bir qadın vardı, zəhmətkeş, əlləri qabarlı. Kənddə yaşayırdı. Həyat yoldaşı illər öncə rəhmətə getmişdi. Qadının 7 oğlu, bir qızı vardı. Yəqin zamanında arzulamışdılar ki, 7 oğul istərəm, bircə dənə qız gəlin...
Övladlarını atasız, min bir zəhmətlə böyütmüşdü qadın. Oğlanların hamısı ailə qurub evdən ayrılmışdılar. Hamısı da bir-birinin bəhsinə ki, o evdən ayrıldı, mən də ayrılmalıyam, sərbəst yaşamalıyam. Şəhərdə də yaşayanı vardı, rayon mərkəzində də, hətta kənddə də. Lakin ata qapısı heç də tez-tez açılmırdı, burada tək yaşayan ana ilə çox gec-gec maraqlanan olurdu. Bir qadının kənddə ərdə olan bir qızından savayı. Axşamda-səhərdə bu qız ananı yoluxur, yaşlaşmış qadının bütün ehtiyaclarını yerinə yetirirdi.
Yenə də günlərin birində qızı anasının yanına gəlir, hər işini görür, evinə qayıdır. Həmin gecə ana dünyasını dəyişir. Qızı bir də səhəri gün axşamçağı gəlir. Qapını açmağa çalışır, qapı açılmır. Anası qapının arxasında dünəndən düşüb qalmış, vəfat etmiş, bədəni şişmişdi.
7 oğlu olan ananın son aqibəti... Qız camaatı çağırır, ona kömək edirlər, ana dəfn olunur. Sonra oğlanların hamısı hadisəni eşidir və kənddə-ata evlərinə gəlirlər.
Hər kəsi sarsıdan bu hadisə uzun illər danışıldı. Elə indi də söz düşəndə həmin 7 oğulun anasının hekayəti acınacaqlı şəkildə xatırlanır.
Yüzlərlə belə hadisələrin şahidi oluruq. Lakin qızla oğlan arasındakı ayrı-seçkiliyə son qoya bilmirik. Çünki təfəkkürümüzdə problemlər var.
Oğlun yoxdu-sonun yoxdu, dedilər...
Bizdə oğlan övladına verilən üstünlüyün nəticəsidir ki, zaman-zaman dilimizdə hətta oğlanla bağlı deyimlər, atalar sözləri də yaranmışdır. Məsələn, oğul düşmən çəpəridir, oğul nəslin davamçısıdır, oğul evin dirəyidir, oğul ata-ananın baş tacıdır və sair belə onlarla deyimlər, atalar sözləri yaranmışdır. Ən dəhşətlisi isə budur ki, ailələrimizdə oğlan doğulmayanda sanki o nəslin, kökün davamının olmadığını düşünürük. Aşağıdakı misralar böyük şairimiz Məmməd Araza da vaxtilə oğlu olmadığı üçün sonsuz deyənlərə qarşı tək şairin düşüncələri deyil, bu düşüncə tərzində olan cəmiyyətə bir giley, bir təəssüf hissi idi.
Oğlun yoxdu - sonun yoxdu, dedilər,
Sağın yoxdu, solun yoxdu, dedilər,
Odun boyda suyun yoxdu, dedilər,
Bu da belə bir ömürdü, yaşadım.
Bir oğlu olmayan qadın və ya kişi rəhmətə gedəndə də yaxınları onu “oğulsuz canına mən qurban olaram” deyib ağlayırlar. Və yaxud da Yaradana asi düşərək, “Allah, nə deyim sənə, buna da bir şirin pay verərdin də”, - deyirlər.
Onu da çox böyük təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, bizdə oğlan uşağına, şirin pay, deyirlər. Mən bunu əvvəlki yazılarımda, hətta felyetonlarımda da dəfələrlə vurğulamışam. Bəs görəsən qızlar necə, acı paydırlar?..
Selektiv abortlar qadağan olunmalıdır
Selektiv abortlar insanlığa qarşı haqsızlıq, təhqirdir. Qadınla kişi arasında bərabərliyə zidd, ən təhlükəli vasitədir. Hansı ki, buz Gender bərabərliyindən danışırıq, lakin bu bərabərliyi pozan birinci amil selektiv abortlardır.
Selektiv abortların çoxalmasında, dünyada ölkəmizi birinci etməsində, oğlan və qız balansının pozulmasında, bunun gələcəkdə böyük problemlərə səbəb olmasında hər birimiz günahkarıq. Biz illər öncədən bu xalqa məxsus milli adət-ənənələrdən yola çıxmalıydıq. Bu yolda insanlığa balta çalan bu yeniliyi baltalamalı, onun inkişafının, yayılmasının qarşısını almalıydıq.
Bu gün son illərin statistikasına nəzər salanda bütün illərdə doğulan uşaqlar arasında oğlanların qızlardan artıq olmasını müşahidə edirik. Bunun yaratdığı problemlər isə artıq hiss olunmaqdadır. Yaxın gələcəkdə isə bu problemin ağırlığı çiyinlərimizi yara edəcək.
Bu gün Azərbaycanın selektiv abortlara görə dünyada birinci yerdə olması artıq səhiyyə sistemində təbilin çalınmasının vaxtının çatdığını göstərir. Selektiv abortlar indiyədək niyə qadağan olunmayıb? Görəsən bunun qarşısını nə kəsib? Çünki kiminsə haqqı deyil dünyaya gətirəcəyi uşağın cinsini əvvəlcədən bilsin. Heç kimin də bunu bilməməklə hüququ pozulmur. Bəs belə isə bu növ abort nə üçün qadağan olunmur?
Oğlanların sayı artır, qızların sayı dəfələrlə azalır. Biz gələcəkdə ana olacaq qız tapa bilməyəcəyik. Düşünürəm ki, bütün həkimlər, mütəxəssislər bu çağırışımıza səs verər, selektiv abortlar qadağan edilər. Son olaraq onu demək istəyirəm ki, bizim Bəstilər, Yetərlər, Qızbəstilər başımızı heç vaxt aşağı etməyiblər. Qoy onların davamçıları olan qızlarımız doğulsun...
Mətanət MƏMMƏDOVA