Mənə dəniz lazım deyil

1 Avqust 2022 16:14 (UTC+04:00)

Günümüzün reallığı ondan ibarətdir ki, bir qism diribaş, araxa-dayaqlı məxluqatlar kef edirlər. Yəni az zəhmət qarşılığında milyonlar qazanır, əlləm-qəlləm əməlləri hesabına malikanələr, villalar, obyektlər əldə edirlər. O qədər harınlayıb, yollarını azırlar ki, hətta yanlarında qoçu dəstələri də saxlayırlar. Vay o günə ki, kasıb-kusub, imkansız insan qudurğan məmurun və ya harınlamış iş adamının qəzəbinə tuş gələ, o zaman fırtına qopacaq, o kasıb fəlakətlər girdabına atılacaq və qoçu dəstəsi tərəfindən əziləcək, təhqir və təzyiqlərə məruz qalacaq. Bu barədə çox faktlar, misallar çəkmək olar, sadəcə, çimərlik mövsümü başlayandan bəri orada qoçu dəstələrinin törətdikləri əzazilliyi bir epizod üzrə qeyd etməklə, vəziyyətin fənadan da fəna olduğunu anlamaq olar.

Əvvəlcədən qeyd etmək olar ki, Azərbaycan qanunlarına və dini qaydalarımıza görə, dağ, meşə, dəniz və digər məkanlar şəxsi mülkiyyətə verilə bilməz, yəni xalqa məxsusdur. Amma Azərbaycanda bir para məxluqat var ki, dənizi, meşəni, dağı şəxsi mülkiyyətlərinə çeviriblər. Bu baxımdan, kimsə yayın istisində sərinlənmək üçün dənizə üz tutsa, çomaqla qarşılanacaq. İcazə ilə çimərlikdən bəhrələnmək arzusuna düşsən, pul ödəməli, şərtlər və tələblər yerinə yetirməlisən. Halbuki, başbilənlər hər çimərlik mövsümqabağı bar-bar bağırırlar ki, çimərliklərə giriş pulsuzdur. Ancaq çimərliklərə girişdə baş verən hərc-mərcliyi görəndə, düşünürsən ki, ya bunlar insanlarla məzənirlər, ya da onların özləri çimərlikləri zəbt edənlərlə iş birliyində olduqlarından, baş verənləri görmək və eşitmək istəmirlər. Ola da bilər ki, qərar verən imtiyazlı məmurlar istirahət günlərini Maldiv adalarında, Karlovı Varidə, Soçidə, Bodrumda, Quş adasında və digər dünyanın ən bahalı və göz qamaşdıran istirahət mərkəzlərində keçirdiklərindən, Bakı çimərliklərində hansı həngamələrin törədildiyindən xəbərdsizdirlər. Vəzifəli şəxslər bilmirlərmi ki, Novxanı, Şüvəlan, Mərdəkan, Pirşağı, Qızılqum, Bilgəh, Şıx çimərliklərində qiymətlər tüğyan edir? Görmür və ya eşitmirlərmi nəzarət-filan olmadığından dənizin bir hissəsini zəbt edənlər çimərliyə gələnlərdən 15-80 manat pul tələb edirlər? Qəzetlərdən, saytlardan, sosial şəbəkələrdən oxumurlamı ki, bir çaynik qaynanmamış bozbaş suyuna bənzər çayı insanlara 40-50 manata təklif edirlər. Vay o dəqiqələrə ki, yanında olan körpə uşaq kabab iyini duyduğundan kabab istəyə. İmkansızlığından o məqamda xəcalətdən balaca uşağının və ya nəvənin üzünə baxa bilməyəcəksən.

Bütün bu kimi biabırçı hallara əsasən deyirəm ki, mənə dəniz lazım deyil, heç çimərlik də istəmirəm. Düzdür, Eyyub Yaqubov adlı şou əhlinin bərkgedən mütrübü daley-daleyində iddia edir ki, “mənə dəniz verin, o tənha qalıb”. Birincisi, E.Yaqubova anlatmaq lazımdır ki, dəniz heç də tənha, filan deyil. Çünki işbaz məxluqatlar dənizi məngirləyiblər, 24 saat özlərinin qoçu dəstələri ilə dənizi və sahil zolaqlarını nəzarətdə saxlayırlar. İkincisi də, imkansız insanlardan fərqli olaraq sənin kimilər üçün nəinki 40-50 manat, düşünürəm ki, heç iki-üç min manat ödəniş də o qədər maddi sıxıntı yarada bilməz. Qurumlara gəlincə, onlar öz səlahiyyətlərini daha qətiyyətlə və tələbkarlıqla yerinə yetirsə, çimərliklərdə işbazların meydan sulamalarının qarşısı alınar. Necə ki, Buzovna çimərliyinin ətrafında tikilmiş daş hasarlar qısa müddətdə dağıdıldı və ərazi əhalinin istifadəsinə verildi. Dəniz Allahın Azərbaycan xalqına bəxş etdiyi böyük sərvətlərdəndir. Hər kəsin də bu sərvətdən bəhrələnmək haqqı var. Əgər kimsə xalqın haqqına qarşı çıxırsa və dənizin hökmdarı olmaq iddiasına düşürsə, bu dünyada, həm də haqq dünyasında öz lənətini qazanacağı şübhəsizdir.

İ.ƏLİYEV