"Strateji istiqamətlərin əsasını Azərbaycan dilini qorumaq və inkişaf təşkil edir" - PROFESSOR AÇIQLADI

1 Avqust 2022 13:03 (UTC+04:00)

“2001-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan dilinin tətbiq üsulunun təkmilləşməsi haqqında xüsusi fərman verilmişdir”. Bu fikirləri SİA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmlər doktoru, professor Sayalı Sadıqova bildirib.

Onun sözlərinə görə, bu fərmanda Azərbacan əlifbasının tətbiqi işinin təkmilləşməsi və qəti olaraq ölkədə latın qrafikasına keçid təmin olunmuşdur: “Əsaslandırılmışdır ki, ölkə daxilində bütün mətbuat, qəzet və yazışmalar avqust ayının 1-dən Azərbaycan əlifbası olan latın qrafikası ilə həyata keçirilsin. Bu iş hazırda uğurla yerinə yetirilir. Eyni zamanada, Azərbaycan dilinin qorunması, Azərbaycan dilinin yüksək səviyyədə inkişafının təmin edilməsi yönündə mühüm strateji istiqamətlər müəyyənləşdirilib. Bu strateji istiqamətlərin əsasını Azərbaycan dilini qorumaq və inkişaf təşkil edir. Bu gün Azərbaycan dili yüksək səviyyədə qorunur və onun qorunması istiqamətində çox mühüm işlər aparılır. Xüsusilə, Azərbaycan əlifbasının tətbiq edilməsi məsələsində Ulu Öndər Heydər Əliyevin ardıcıl siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2004-cü ildə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncam imzalanmışdır. Bu sərəncama görə Azərbaycan dilində olan bütün kitablar, yəni kiril qrafikasında nəşr olunan bütün kitablar latın qrafikasına çevrilmişdir.

Qeyd edim ki, bu qrafikanın qəbul edilməsində, müsbət əhəmiyyətin inkilşaf etdirilməsində görkəmli dilçi alim Afat Qurbanovun mühüm rolu olmuşdur. 1990-cı ildə Əlifba Komissiyasının sədri Afat Qurbanov təyin edilib və onun rəhbərliyi altında xüsusi komissiya yaradılmışdır. Bu komissiyada latın qrafikasının qəbul edilməsi əsaslandırılmışdır. Afat Qurbanov tərəfindən əlifba tərtib edilmişdir. Onun tərtib etdiyi əlifba ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılanmışdır. Onun əlifbası bu gün çox uğurla istifadə olunur. Latın qrafikası bu gün dünyada beynəlxalq qrafikadır. Bu qrafikada Azərbaycan dilinin tarixi və müasir nailiyyətləri özünü tam şəkildə ifadə edir”.