Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə Neva çayında dəniz paradı keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Rusiya donanmasının dəniz siyasətinin əsas elementlərini müəyyən edən yeni doktrinanı imzalayıb. Sözügedən doktrinada ABŞ Rusiyanın əsas rəqibi və əsas təhlükə mənbəyi kimi göstərilir. Paradda 40-dan çox gəmi və sualtı qayıq, 42 döyüş təyyarəsi və 3500-dən çox əsgər qatılıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Nikolay Evmenov və çoxlu sayda hərbi rəsmilər də paradda iştirak edib.
Buradakı çıxışında Vladimir Putin qeyd edib ki, Rusiyanın milli maraqları sərhədləri və bölgələri müəyyənləşdirir: "Bunlar arasında ilk növbədə Arktika sularımız, Qara dəniz, Oxot dənizi və Berinq dənizi, Baltik və Kuril boğazları var. Biz onları ciddi şəkildə və bütün vasitələrlə qoruyacağıq".
Bundan əlavə Putin deyib ki, burada vacib olan Rusiya donanmasının qabiliyyətidir: "Rusiya donanması, suverenliyimizi və azadlığımızı pozmağa qərar verən hər kəsə ildırım sürəti ilə cavab verə bilər".