Azərbaycanda söz azadlığı yüksək səviyyədə təmin olunur və mətbuatın informasiya əldə etmək, eləcə də ictimaiyyəti zəruri məlumatlarla təmin etmək sərbəstliyi var. Ölkədə fəaliyyət göstərən kütləvi onformasiya vasitələrinin sayı da belə deməyə əsas verir. Lakin bəzi şəxslər dövlət tərəfindən verilmiş fəaliyyət azadlığından sui-istifadə edərək, dezinformasiyalara, informasiya şantajlarına əl atır, reketçiliklə məşğul olurlar. Əlbəttə, jurnalist peşəsinə kölgə salmağa cəhd edən belə şəxslərlə mübarizə aparılır, ancaq son zamanlar növbəti “reket jurnalistlər”in saxlanılması sübut edir ki, bu məsələyə diqqətimiz daha da artırılmalıdır. Bəs, media nümayəndələri bu haqda nə fikirləşir?
SİA mövzu ilə bağlı media nümayəndələrinin fikirlərini öyrənməyə çalışıb:
.jpg)
“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, mediada yalan, açıq qərəz və reytinq xatirinə real olmayan, hərtərəfli araşdırılmamış yanlış materialların çap olunması illərdir mediada müzakirə olunan bir mövzudur: “Əlbəttə bu problemin miqyasını kiçiltmək üçün görülən işlərin nəticələri olsa da, hələ də bu problemi tam şəkildə aradan qaldırmaq mümkün olmayıb. Hələ də jurnalist etikasına və media qanunvericiliyinə uyğun olmayan yanaşmalar göstərən jurnalistlərə rast gəlmək mümkündür. Ümumiyyətlə ictimai-siyasi və dövlət həyatımızın bəzi tərəfləri var ki, həmin tərəflərlə bağlı mediada yanlış məlumatlarım aradan qaldırılması üçün illəri sərf olunması və bu prosesin uzun illərə hesablanması bəzi hallarda qəbulolunandır. Yəni ictimai-siyasi həyatımızın elə sahələri var ki, bi sahələrdə yalan və qərəzli materialların yayılmasının qarşısını birdəfəlik həll etmək və bu problemi aradan qaldırmaq üçün illər boyu çalışmaq yolveriləndir. Amma ictimai-siyasi dövlət həyatının elə istiqamətləri var ki, bu sahədələrdə belə problemin qarşısı dərhal alınmalıdır.
Dövlət və hərbi sirlər diqqətli olmaq lazımdır. Mətbuat nümayəndəsi olaraq söz və ifadə azadlığının məhdudlaşdırılmasının qəti şəkildə əleyhinəyəm. Çünki bizim məqsədimiz sivil, demokratik cəmiyyət qurmaqdısa, bu prosesdə hər hansı yanlışılığa yol vermək olmaz. Jurnalistlərə təlqin olunmalıdır ki, onlar peşə maraqları ilə dövlət maraqları arasındakı sərhədləri dəqiq şəkildə müəyyənləşdirməlidirlər”.

“7news.az” xəbər portalının baş redaktoru Səbuhi Abbasovun fikirlərinə görə, mətbuatda dezinformasiyaların yayılması bütün dünyada geniş şəkildə yayılıb: “Bu, bir virus kimi medianı öz cənginə alıb. Medianın inkişaf etməsi, sosial medianın yaranması, hər il müxtəlif funksiyalara malik sosial şəbəkənin peyda olması dezinformasiyaların çoxalmasına yol açır. Bu da bütövlükdə idarəolunmaz bir mexanizm əmələ gətirir. Hesab edirəm ki, burada müəyyən boşluqlar var və biz bu boşluqların yaranmasına imkan verməməliyik. Ümumilikdə dezinformasiyanın mahiyyəti, çəkisi və cəmiyyətə təsiri var. Dünyanın ən inkişaf etmiş, ən demokratik ölkələri belə milli maraqları tapdalayan, dövlətçiliyin sütunlarını zədələmək gücünə malik olan dezinformasiyaları birbaşa cinayət hesab edir. Düşünürəm ki, dezinformasiyaların yayılması, geniş ayaq açması bütövlükdə dövlətin milli maraqlarına toxuna bilər. 44 günlük Vətən müharibəsindən öncə və sonra dezinformasiyaların ölkədə baş verən proseslərə təsir sözün əsl mənasında cəmiyyətdə müəyyən təlaş yaratmağa müvəffəq olurdu. Düşünürəm ki, dezinformasiyaların konkret sərhədləri müəyyənləşdirilməlidir”.

“Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli qeyd edib ki, "Media haqqında" qanun qəbul olunub: “Ümid edirəm ki, qanunun icrasından sonra artıq bu sahədə də müsbət dönüş yaranacaq. Mediamızda uzun illərdən bəri formalaşmış "reket" şəxslərə qarşı mübarizə daha sərt və sürətli aparılmalıdır. Bunun üçün müvafiq qanun da var. Azərbaycan hüquqi dövlətdir, reket fəaliyyətlə məşğul olan KİV-lər və onun nümayəndələri ciddi şəkildə araşdırılıb, üzə çıxarılmalı və ifşa edilməlidir. Yalnız bu halda nəticəyə nail olmaq olar. Digər tərəfdən isə medianın azadlığı da əlindən alınmamlıdır. Dövlət özü maraq göstərməlidir ki, onun müstəqil və peşəkar mediası formalaşsın. Belə olmadıqda, biz nəyi müşahidə edə bilərik? İlk növbədə həmin sadaladığımız insanlar sabah sosial şəbəkələrə üz tutaraq, orada özlərinə yuva salacaqlar”.

“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadənin sözlərinə görə, hər bir jurnalistin işlədiyi redaksiya, redaksiyanın isə cəmiyyət və dövlət qarşısında müəyyən öhdəlikləri var: “Yalan yazmamaq, cəmiyyəti çaşdırmamaq, ayrı-ayrı şəxslərin, o cümlədən dövlət qurumlarının etibarını zədələməmək bu öhdəliklərə daxildir. Xüsusilə Azərbaycan kimi düşmənlərlə çevrələnmiş ölkələrdə daha diqqətli olmaq, peşəkar yanaşma sərgiləmək çox vacibdir. Təəssüf ki, son vaxtlar İP xatirinə peşəkarlıq arxa plana keçib. Nəticədə yalan informasiyalar KİV-lərə sürətlə yol tapır, həqiqətə uyğun olmayan məlumatlar yayılır və qısa müddət ərzində ictimailəşir. Bu istiqamətdə vacib tədbirlər görülür. Amma mən problemin yalnız inzibati resursların hesabına həll olunacağına əmin deyiləm.
Düzdür, qanunun aliliyi təmin olunmalıdır, müvafiq dövlət qurumu öz vəzifəsini yerinə yetirməlidir. Ancaq bununla paralel olaraq, həm də jurnalistlər arasında maarifləndirmə işləri aparılmalıdır. Jurnalistika təsadüfi adamlar ən çox üz tutduğu sahələrdən biridir. Bu cür səhvlərə də məhz o adamlar yol verirlər. Buna görə də jurnalistlərin özlərinin də spesifik sahələr üzrə maarifləndirilməsinə çox böyük ehtiyac var”.
Arzu Qurbanlı