2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası nə vəd edir? - ANALİZ

28 İyul 2022 14:03 (UTC+04:00)

Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan məsələlərlə bağlı növbəti yazımızda prioritet sahələrin hansılar olduğu və yeni inkişaf modelinin necə həyata keçiriləcəyindən danışacağıq.

Strategiyaya görə, 2022-2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modeli Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən edəcəkdir. Bu mərhələdə başlıca məqsəd yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə, hər bir Azərbaycan Respublikası vətəndaşının sabit təminatlı həyat səviyyəsinə nail olmaqdır. Bu zaman başlıca vektor artımın səviyyəsindən çox, onun keyfiyyətinə əsaslanacaqdır. Strateji dövrdə yeni artım modeli özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcəkdir.

İnkişafın əsas qüvvəsi sahibkar olduğundan, dövlət bütün qüvvəsini və resurslarını rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin dəstəklənməsinə yönəldəcəkdir. Bu model hamı üçün bərabər imkanlar və fürsətlər yaradacaqdır.

Azərbaycan Respublikası vətəndaşının bilik, bacarıq və səriştələrinin artması onun gəlir qazanmaq imkanlarını genişləndirəcək və sağlam həyat tərzini təmin edəcəkdir. Bilikli cəmiyyət müasir texnologiya və innovasiyaların həm yaradıcısına, həm də istifadəçisinə çevriləcəkdir. Ölkədə təbii resurslardan dayanıqlı istifadə etməklə, ekoloji mühiti qorumaqla iqtisadiyyatın effektivliyinə nail olunacaqdır. Yüksək inkişaf səviyyəsi eyni zamanda yüksək maddi və mənəvi rifahı təmin edəcək, dayanıqlı artan milli gəlirdən insanlar daha geniş şəkildə faydalanacaqlar.

Yeni sosial-iqtisadi inkişaf modelinin reallaşdırılması üçün ölkədə zəruri iqtisadi resurslar və müasir infrastruktur bazası mövcuddur. Strateji dövrdə sosial-iqtisadi inkişaf modeli əvvəlki dövrlərdə əldə edilmiş nailiyyətlərə əsaslanmaqla reallaşdırılacaq.

Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixracının artırılması hesabına davamlı və yüksək iqtisadi artım təmin olunacaqdır. Keyfiyyətli məhsul və xidmətlər ixracı hesabına ölkə iqtisadiyyatı qlobal dəyər zəncirinə inteqrasiya ediləcəkdir. Bu məqsədlə daha sağlam və rəqabətli biznes mühiti yaradılacaq, sahibkarlığın inkişafına dövlət geniş dəstək verəcəkdir. Dövlətə məxsus olan hüquqi şəxslərin effektivliyi artırılacaq, onların hesabatlılığı gücləndiriləcəkdir. Nəticədə ölkə iqtisadiyyatı hər il orta hesabla 3‒4%, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5% artacaq.

Özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılacaqdır. Sağlam və rəqabətli biznes mühiti üçün qanunun aliliyi təmin olunacaq və effektiv məhkəmə islahatları həyata keçiriləcəkdir. Bu islahatlar sahibkarlıq fəaliyyəti ilə məşğul olanların mülkiyyətinin və maraqlarının effektiv müdafiəsinə imkan verəcəkdir. Sahibkarlıq fəaliyyəti üzərində izafi tənzimləmə optimallaşdırılacaq. Təbii inhisar subyektlərinin rəqabətə mənfi təsirlərinin qarşısı alınacaq və bütün bazarlarda rəqabət gücləndiriləcək.

Dövlət satınalmalarında şəffaflıq və səmərəlilik artırılacaqdır. İnvestisiyalar üçün əlverişli vergi şərtləri tətbiq ediləcək və digər fiskal stimullar veriləcəkdir. Bu islahatların həyata keçirilməsi sayəsində biznes mühiti daha da sağlamlaşdırılacaq, milli iqtisadiyyata etimad artacaq və nəticədə böyük həcmdə daxili və xarici investisiyalar cəlb ediləcəkdir. Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin effektivliyi, ünvanlılığı və şəffaflığı gücləndiriləcəkdir.

Uğurlu ölkələrin təcrübələri əsasında biznes startaplarının və inkubatorlarının, ixracyönümlü istehsal və xidmətlər üzrə biznes layihələrinin dəstəklənməsi mexanizmləri təkmilləşdiriləcək. Nəticədə, sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud fəaliyyətini genişləndirmək istəyənlər, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmləri yaradılacaqdır. Bu əsasda sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30%-nin mikro, 35‒45%-nin kiçik və 25‒35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir. Dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin iqtisadi səmərəliliyi yüksəldiləcək, idarə edilməsi yaxşılaşdırılacaq və şəffaflığı artırılacaqdır.

Rəqəmsal texnologiyaların inkişafı məqsədilə xüsusi fondlar və inkişaf institutları fəaliyyət göstərəcək, bu əsasda internet, yüksəksürətli mobil internet (5G texnologiyası daxil olmaqla), xüsusilə genişzolaqlı internet xidmətlərinin əhatəsi 95%-ə çatdırılacaqdır. Aqrar sektor, sənaye və xidmət sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq artacaq, həmçinin yeni iş yerləri yaradılacaqdır.

Dövlət aqrar sektor, sənaye və xidmət sahələrinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, müxtəlif sənaye parkları və məhəllələri, turizm və rekreasiya zonaları yaradılacaq, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacaq. Nəticədə, 2022‒2026- cı illərdə kənd təsərrüfatı hər il orta hesabla 4% artacaqdır.

Nəqliyyat sektorunda orta illik artım tempi 5%-i üstələyəcək. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlir 2019-cu ildəki 227 mln manatdan 2 dəfəyədək artaraq, 450 mln manata çatacaqdır. Qeyri-neft/qaz sənayesi hər il orta hesabla 8,3% artacaq, sənaye zonalarının qeyri-neft/qaz sənaye istehsalında payı 15%, qeyri-neft/qaz sənaye ixracında payı isə 25% olacaqdır.

İnformasiya və rabitə sektorunda hər il orta hesabla 10%-dən çox, tikinti sektorunda isə təxminən 3% artım olacaqdır. 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda yaradılacaq əlavə dəyər 2019-cu illə müqayisədə 1,5 dəfə artacaqdır. Dayanıqlı iqtisadi artım üçün ölkədə makroiqtisadi sabitlik və dayanıqlıq təmin olunacaq, maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi gücləndiriləcək.

Makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin gücləndirilməsi iqtisadi artımın davamlılığı üçün vacibdir. Ölkənin makroiqtisadi dayanıqlığı‒ irihəcmli strateji ehtiyatlarının mövcudluğu milli iqtisadiyyatımızın xarici mühitdəki dəyişikliklərə dayanıqlı olmasını gücləndirəcəkdir. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft/qaz ÜDM-ə nisbət göstəricisinin yuxarı həddi 2026-cı ilin sonunadək 17,5% təşkil edəcək, bu şəraitdə Dövlət Neft Fondunun aktivləri dayanıqlı səviyyədə saxlanılacaqdır.

Növbəti illərdə tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanılması hədəflənir.

İxrac şaxələnəcək və qeyri-neft ixracı genişlənəcəkdir. İxracı asanlaşdırmaq üçün idarəetmə və institusional mexanizmləri tənzimləmə çərçivəsi təkmilləşdiriləcəkdir. İxracyönümlü yerli məhsulların keyfiyyətli istehsalı təmin olunacaq və e-ixrac inkişaf etdiriləcək, qeyri-neft/qaz ixracının təşviqinə dövlət dəstəyi artırılacaq, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft/qaz ixracının həcminin 85% artmasına nail olunacaqdır.

Əməkhaqları artırılacaq və hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcəkdir. İşləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum 16 əməkhaqları artırılacaqdır. Xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunacaqdır.

Özəl sektorda yeni iş yerləri yaradılacaq, məşğulluq səviyyəsi artacaqdır. Yeni iş yerləri yaradan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaqdır. Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək, bunun nəticəsində qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki 77,6%-dən artaraq 80%-ə çatdırılacaq.

Qeyri-formal məşğulluğun mərhələli azaldılması nəticəsində muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payı 50% (2021-ci il üzrə: 46,9%) təşkil edəcəkdir. Bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaqdır. Pensiyaçılar üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılacaqdır. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və sosial xidmətlər sistemi inkişaf etdiriləcəkdir. Minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75‒80%-də saxlanılacaqdır.

Yaşından, sosial statusundan, yaşayış yerindən asılı olmayaraq hamı üçün əlçatan, keyfiyyətli və müasir səhiyyə xidmətləri sistemi yaradılacaqdır. Region və şəhərlərdə müasir tibb xidmətləri inkişaf etdiriləcəkdir. Əhalinin idmanla məşğul olması təşviq olunacaqdır. İstirahət və idman məqsədləri üçün yeni park və qoruqlar salınacaqdır. ÜDM-də səhiyyə xidmətlərinin payı 2%-dən artaraq 4,3% təşkil edəcəkdir. Beləliklə, doğulanda gözlənilən ömür uzunluğu 73,2 ildən 75,2 ilə çatacaq.

Göründüyü kimi, qarşıdakı 5 ildə sosial-iqtisadi sahələrdə çox böyük irəliləyişlər gözlənilir. Strategiyada nəzərdə tutulan digər sahələrlə bağlı növbəti yazılarımızda danışacağıq.

Elçin

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb