İstirahət mərkəzlərində qida zəhərlənmələrinin sayı niyə artır? - MÜTƏXƏSSİS AÇIQLADI

27 İyul 2022 15:03 (UTC+04:00)

"İstirahət mərkəzlərində zəhərlənmələrinin sayının artmasının səbəbləri ilk növbədə qida ilə qaynaqlı olur". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, təbii ki, yay aylarında temperatur yüksək olur: "Bu baxımdan bir çox yüksək risk qruplu qidalar düzgün saxlanılmadıqda tərkibində mikroorqanizmlərin, bakteriyaların çoxalması üçün əlverişli mühit yaranır. Təbii ki, insanlar bu cür qidaları qəbul etdikdə zəhərlənmə halları baş verir.

Ümumiyyətlə ictimai-iaşə obyektlərində və istirahət mərkəzlərində qida seçərkən xüsusilə yay aylarında çox diqqətli olmaq lazımdır. Çünki temperatur rejimi yüksək olduğuna görə keyfiyyətli qidalar olsa belə düzgün saxlanılmadıqda bioloji çirklənməyə məruz alır. Buna xüsusilə zülal tərkibli qidalar aiddir. Ət, toyuq və süd məhsulları yüksək risk qrupuna aiddir. Bu məhsullar soyuducuda saxlanılmalıdır. Yalnız istifadə olunan zaman soyuducudan çıxarılmalıdır. Bundan əlavə olaraq istirahət mərkəzlərində və digər ictimai-iaşə obyektlərində qidalara düzgün şəkildə nəzarət olunmur. Təbii ki, belə olan halda zəhərlənmələrin baş verməsi qaçınılmazdır. Yay aylarında ən çox zəhərlənmələr qarpızdan baş verir. Qarpızın Azərbaycan üçün xarakterik olanı iyulun sonları avqust ayında nəzərdə tutulur. Lakin bu zamana qədər satışda biz kifayət qədər qarpızları görürük. Bu qarpızlar həddindən artıq kimyəvi dərmanlarla dərmanlanmış qarpızlardır. İnsan gün ərzində sadəcə bir qida ilə qidalanmır. İstirahət mərkəzlərinə gedərkən insanlar qarışıq məhsullara üstünlük verməməlidirlər. Daha çox meyvə və tərəvəzdən olan qidalara üstünlük verməlidirlər. Xüsusilə kifayət qədər su qəbul etməlidirlər".

Arzu Qurbanlı