Mixail Qusman: Azərbaycan fəal beynəlxalq əməkdaşlıq siyasəti yürüdən ölkələrdəndir - MÜSAHİBƏ

27 İyul 2022 13:32 (UTC+04:00)

“Şuşa getdikcə öz tarixi əhəmiyyətinə qayıdır- Azərbaycanın mədəniyyət paytaxtına çevrilir”

Xəbər verildiyi kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 20 ölkədən jurnalistlərin qatıldığı birinci Beynəlxalq Media Forumu keçirilib. Rusiyanı TASS informasiya agentliyinin baş direktorunun 1-ci müavini Mixail Qusman təmsil edib. “Moskva-Bakı” portalına müsahibəsində o, forumun əsas mövzusu, Şuşanın bu gün necə yenidən qurulduğu və niyə Azərbaycanın getdikcə daha çox mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsindən danışıb. Qusmanın müsahibəsini oxucularımızın diqqətinə çatdırırıq.

- Forumun əsas mövzusu hansı mövzuya çevrilib?

- Şuşada keçirilən 1-ci Beynəlxalq Media Forumu beynəlxalq media məkanında kifayət qədər əlamətdar hadisəyə çevrildi. O, təkcə Azərbaycanın bütün aparıcı KİV nümayəndələrini və rəhbərlərini bir araya toplayıb. Foruma dünyanın 20 ölkəsindən müxtəlif KİV rəhbərləri gəlib, müzakirələrdə fəal iştirak ediblər. Forumun iş hissəsi bir gündən ibarət olsa da, bu gün son dərəcə hadisələrlə yadda qaldı. Rəsmi hissəyə əlavə olaraq, dörd çox maraqlı panel müzakirəsi aparılıb. Ümumiləşdirsək, deyə bilərik ki, forum bu gün qlobal jurnalist ictimaiyyətini narahat edən mövzular üzrə güclü, maraqlı və yüksək peşəkarlıqlı söhbətə çevrilib. Biz hamımız tektonik sürüşmələrlə sarsılan mürəkkəb bir dünyada yaşayırıq. İnformasiya cəmiyyəti müxtəlif çətinliklərlə üzləşir. Bunlar texnoloji çağırışlar, kiber müharibələr və saxta hücumlardır. Bütün bunlar təkcə Rusiya və Azərbaycan mediasını narahat edən məsələ deyil. Bu, bütün dünya jurnalistlərini narahat edən məsələdir. Bu çətinliklərə necə qarşı çıxmalı? Bu dövrdə ən düzgün həll yollarını necə tapmaq olar? Forumun əsas müzakirəsi bu idi.

- Forumun platforması kimi Azərbaycan niyə seçildi?

- Forum Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilib. Məncə, bu, çox yaxşı təşəbbüsdür. Amma deməliyəm ki, Azərbaycanın media nümayəndələrinin iştirakı ilə bağlı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəsi var. Azərbaycan 4-cü Dünya Xəbər Agentlikləri Konqresinin təşkilatçısı olub. O, dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndə heyətlərini qəbul edib. Ona görə də bir çox dünya mediasının rəhbərləri azərbaycanlı həmkarlarının dəvətlərinə həvəslə və səmimiyyətlə açıqdırlar.

- Bu il Şuşaya ilk dəfə deyil ki, səfər edirsiniz. Şəhər sürətlə dəyişirmi?

- İndi Şuşaya baxırıqsa və biz orada tam bir gün keçirmişiksə, deməli görmüşük ki, şəhər böyük tikinti meydançasına bənzəyir. Qeyd etdiyim kimi, yeni obyektlərin tikintisi, köhnələrinin yenidən qurulması bir dəqiqə belə dayanmır. Hətta gecə biz Şuşadan çıxanda şəhər yenidən qurulur, inşaatçılar işləyirdi. Şuşa getdikcə öz tarixi əhəmiyyətinə qayıdır- Azərbaycanın mədəniyyət paytaxtına çevrilir. Şəhər gözümüzün qabağında dəyişir.

- Sizcə, Azərbaycanın dünyada rolu necə dəyişir?

- Azərbaycan uzun müddətdir ki, çox fəal beynəlxalq əməkdaşlıq siyasəti yürüdən ölkələrdən biridir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sayəsində bu gün Qoşulmama Hərəkatının aparıcı beynəlxalq qurumlarından biri olan sədridir. Təqvimə baxsanız, bu gün elə həftə tapmaq çətindir ki, Azərbaycanda bu və ya digər fərqli istiqamətdə beynəlxalq tədbir keçirilməsin. Ona görə də biz jurnalistlər üçün 1-ci Beynəlxalq Media Forumunun keçirilməsi ideyasını çox cəlbedici gördük. Bu barədə təkcə Rusiyanın nümayəndələri danışmayıb. Forumda iştirak edən İspaniya və Bolqarıstan, Qazaxıstan və Pakistan və bir çox başqa ölkələrin nümayəndələri də bu barədə danışıblar.

- Moskvada belə tədbirlər keçirməyi planlaşdırırsınız?

- Əlbəttə! Rusiya kifayət qədər beynəlxalq media tədbirlərinə ev sahibliyi edir. Məsələn, mənim doğma TASS agentliyimin təşəbbüsü ilə ilk Ümumdünya İnformasiya Agentlikləri Konqresi məhz Rusiyada keçirildi. Bu birinci konqresdən sonra bütün Dünya Konqreslərini aparan Dünya Xəbər Agentlikləri Şurası yaradıldı. Yeri gəlmişkən, gələn il Mərakeşdə keçiriləcək. Bu gün biz bütün beynəlxalq media və jurnalist strukturlarında fəal iştirak edirik: YUNESKO-dan Avropa Alyansına (EANA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatından (OANA) MDB İnformasiya Şurasına qədər. Biz bütün bu beynəlxalq strukturlarda iştirak edirik və fəal rol oynayırıq.

Müsahibə - Tatyana Novikova

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb