"Qida boyaları təbii və süni qida boyları olmaqla iki yerə bölünür. Təbii qida boyaları tərəvəzlərdən, göyərtilərdən və müxtəlif bitkilərdən əldə olunan qida boyalarıdır". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.
Onun sözlərinə görə, süni qida boyalarının təkibində isə kimyəvi qatqı maddələri olur: "Həmin süni qida boyaları demək olar ki, gündəlik həyatımızda bizi əhatə edir. Dondurmaların, un məmulatlarının, müxtəlif növ qazlı və rəngli içkilərin tərkibində yer alır. Uşaqların bir gündə dondurmanı, şirniyyatı, rəngli içkini qəbul etməsi hiperaktivliyin pozulmasına gətirib çıxarda bilir. Kimyəvi qida boyalarını gündəlik həyatımızda istifadə etsək, təbii ki, bu da xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilir. Buna görə də düşünürəm ki, insanlar daha çox ev şəraitində hazırlanan kompotlara üstünlük verməlidirlər. Çünki kompotu hazırladığımız meyvənin lifləri öz tərkibində qalır. Bunun da təbii ki, həzm prosesinə müsbət təsiri var.
Bundan əlavə olaraq insanlar süni rəngli boyalardan hazırlanmış şirniyyatlara üstünlük verməməlidirlər. Süni rəngləndiricilər şirniyyatlarla yanaşı, həmçinin ət məhsullarının tərkibində də olur. Bu qidalar bədəndə xərçəng hüceyrələrinin yaranmasına və çoxalmasına gətirib çıxarır. Düşünürəm ki, ev şəraitində hazırlanan qidalara daha çox üstünlük verilməlidir".
Arzu Qurbanlı