İncəsənət həyatınızda nə qədər yer tutur? Təbii ki, bu suala dəqiq cavab vermək mümkün deyil. Rəssamlıq, heykəltəraşlıq, poeziya, musiqi, balet, teatr, kino - bunların hamısının həyatımızda öz yeri var, ya az, ya çox. Amma bu bir həqiqətdir ki, sənət insan üçün həmişə var olub. Bəşər övladının qırx min il əvvəl mağara divarlarına çəkdikləri şəkillər buna ən böyük sübutdur. O qədər nəfis işlənib ki, sənət tarixçilərini belə hələ heyrətləndirir o rəsmlər.
Göbeklitəpədə heyvan relyefləri olan nəhəng bloklar, sarı, qırmızı və qara rənglərdən ibarət rəsmlərlə bəzədilmiş Çatalhöyük evləri, incə işçiliyi ilə diqqət çəkən, Anadolunun hər bölgəsində rast gəlinən qab-qacaq və aksesuarlar. Hamısı da bu gün belə insanı təəccübləndirən sənət əsərləridir. Alman filosofu Hegelin dediyi kimi, rəssamlar bəşəriyyətin ilk müəllimləridir.
Anadolu coğrafiyasında qədim sənətkarların əl işləri nümunəsi çoxdur. TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Anadoluda ilk dəfə monumental memarlıqda iri daşlardan istifadə edən və ilk dəfə heykəltəraşlıq emalatxanası quran Hetlərdən (Xetlər) və onların Türkiyənin Qaziantep rayonunun İslahiye qəsəbəsindəki Yesemek daş karxanası və heykəl atelyesindən danışacağıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, mən Sevda Mirzə oxuyub təqdim edirəm.
Anadolunun beş min illik qədim mədənniyyəti və dünya tarixinin ən mühüm sivilizasiyalarından biridir Hetlər.
Hetlər Avropanın və Yaxın Şərqin mifologiyasına, dilinə, dininə, siyasətinə və ticarətinə böyük təsir göstərib, hüquq və dövlət quruluşu kimi bir çox mövzularda öncül olublar.
Hetlər ilklərin sivilizasiyasıdır. İlk yazılı müqavilə Kadeş Sülh Razılaşması adlanır ki, Hetlərlə Misir arasında bağlanıb. Anadoluda ilk dəfə atları əhliləşdirənlər, arabaları icad edənlər də onlardır.
Hetlər Anadolu coğrafiyasında ilk dəfə olaraq mütəşəkkil dövlət quruluşu və güclü mərkəzi hakimiyyət qurmuşlar. Parlament monarxiyası onlardan başlayıb.
Hetlər mədənlər yaratmış, xüsusilə yüksək keyfiyyətli dəmir məmulatları istehsal etmişlər ki, bu, silah texnologiyasında bir irəliləyişə səbəb olub.
Hetlər həm də sənətdə yeni zəmin yaradıblar. Anadoluda ilk dəfə monumental memarlıqda iri daşlardan istifadə edən və ilk dəfə heykəltəraşlıq emalatxanası quran mədəniyyət də Hetlərə aiddir.
Yesemek daş karxanası və heykəl atelyesi Qaziantep rayonunun İslahiye qəsəbəsində yerləşir. Bu, qədim Yaxın Şərqdə indiyə qədər üzə çıxarılmış ən böyük heykəltəraşlıq emalatxanasıdır. Bu səbəbdən də nadir arxeoloji qazntı sayılır. Zeuqma antik şəhəri kimi Yesemek də üstün universal dəyərə malik olduğu üçün UNESCO-nun Müvəqqəti Dünya Mirası siyahısındadır.
“Şərq üslübu” adı ilə tanınan, zamanla qərbə doğru yayılan, yunan incəsənətinə təsir edən bənzərsiz heykəltəraşlıq məktəbidir Yesemek. Burada beş yüzdən çox daş heykəl var! Yerdən çıxmış kimi görünən heykəllər çox təsiredicidir. Yesemekdəki qapı şirləri, sfenkslər və qanadlı aslanların eskizləri bu gün açıq səma muzeyində gələnləri qarşılayır. Dağ Tanrı, döyüş səhnəsi relyefləri, Amanos dağlarını təmsil edən memarlıq örnəkləri minilliklərdən sonra elə öz təbii halında nümayiş etdirilir. Bunlar bizə zamanın uçduğunu, nəsillər, mədəniyyətlər dəyişsə də, sənətin əbədiliyini bir daha göstərir.
Güman edilirdi ki, Yesemekdəki heykəllər əvvəlcə ətraf yaşayış məntəqələrinə göndərilmək üçün istehsal edilib. Araşdırmalar dərinləşdikcə məlum olub ki, bu emalatxanadakı heykəllər eyni yerdə tikintisinə başlanan şəhər üçün düzəldilib.
Yesemekdə aparılan arxeoloji tədqiqatlar nəticəsində heykəllərin qaralamalarının üç mərhələdən keçdiyi öyrənilib. Birinci mərhələ heykəlləndiriləcək qaya bloklarının hazırlanması olub. Qaya səthləri daha sonra balyoz və ya çəkiclə oyulub. Böyük qayaları asanlıqla parçalamaq mümkün olmadığı üçün hetlər maraqlı üsullar inkişaf etdirib. Onlar heykəl olması nəzərdə tutulan qayada deşiklər açaraq içərisinə taxta parçaları qoyublar, onu su ilə nəmləndirərək ağacın şişməsini gözləyiblər. Şişmiş ağac genişlənərək qayada çatlar əmələ gətirdiyi üçün istədikləri parça qayadan asanlıqla ayrılıb. Bu parçalara forma vermək isə artıq heykəltəraşlara buraxılırdı.
Yesemek daş karxanası və heykəltəraşlıq emalatxanasında daş blokların necə kəsildiyi, heykəltəraşlıq eskizlərinin necə hazırlanaraq tamamlandığı haqqında əvəzsiz məlumatlar verir. Yesemek antik dövrün heykəltəraşlıq sənətinin inkişafını anlamağa imkan verən, dünyada bənzəri olmayan bir yerdir.
Hetlərin sənətlə iç-içə olduğunun göstəricisidir Yesemek. Bu qədər heykəl üçün çoxlu da heykəltəraş olmalıdır bir məmləkətdə. Bu isə hetlərin sənətə verdiyi qiymət deməkdir.
Yesemek çoxsaylı heykəlləri ilə insanı əsrarəngiz və təsirli bir aləmə aparır. Antik dövrlərə şahidlik edən o heykəllərin gözlərinə baxınca, onların səssizliyini duyunca adam qədim zamanların maraqlı sənət hekayələrini dinləyir sanki.