Şuşada keçirilən Beynəlxalq Media Forumu jurnalistlərin gözü ilə - SORĞU

26 İyul 2022 10:50 (UTC+04:00)

22 iyul tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” Beynəlxalq Media Forumu keçirilib. Beynəlxalq Media Forumun əsas məqsədi media sahəsində müxtəlif tendensiyaların qlobal və yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik və təcrübə mübadiləsinin təşviqi, həmçinin yerli və xarici media nümayəndələri və subyektləri arasında əməkdaşlığın genişləndirilməsidir. Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, azərbaycanlı jurnalistlər və xarici qonaqlar iştirak edib. Bəs, media nümayəndələri Şuşada keçirilən forum barəsində nə düşünür?

SİA forumda iştirak edən media nümayəndələrinin fikirlərini öyrənməyə çalışıb:

Jurnalist Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, Şuşa şəhərində keçirilən Beynəlxalq Media Forumu həm mediamız üçün, həm Şuşa və işğaldan azad olunmuş torpaqlarımız üçün, həm də ümumilikdə Azərbaycanımız üçün çox əhəmiyyətli bir tədbir idi. Forumda medianın qlobal problemləri müzakirə olundu. Bu problemlərin Azərbaycana necə təsir etməsi və bundan çıxış yolları məsələlərinə toxunuldu. Bu baxımdan Şuşada keçirilən Beynəlxalq Media Forumu çox faydalı oldu. Forumda 200-ə yaxın şəxs iştirak edirdi. Forumda həmçinin 30-a yaxın xarici qonaqlar da iştirak edirdi.

Şuşada keçirilən Beynəlxalq Media Forum həm mediamız üçün, həm də ölkəmiz üçün çox faydalı oldu. Bu baxımdan Medianın İnkişafı Agentliyinin təşkilatçılığına təşəkkürümü bildirirəm. MEDİA işini elə təşkil etmişdi ki, Forumda diqqətdən kənar bir nəfər belə qalmadı. Ümumilikdə forumu çox yüksək dəyərləndirir və hesab edirəm ki, Şuşada keçirilən Beynəlxalq Media Forumu hər birimiz üçün çox faydalı oldu”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin fikirlərinə görə, tarixdə ilk dəfə mədəniyyətimizin və qürurumuzun paytaxtı Şuşada keçirilən Milli Mətbuat Günü və təbii ki, Beynəlxalq Media Forumu əlamətdar hadisə kimi yaddaşlara həkk olunacaq və unudulmayacaq: "Öncə qeyd edim ki, həm iyunun 21-də Bakıda keçirilən “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” adlı konfrans, həm də Şuşada baş tutan “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu bütün məqamlar nəzərə alınmaqla, yüksək peşəkarlıqla təşkil edilmişdi və bu səbəbdən təşkilatçılara vasitənizlə təşəkkürümü çatdırmağı özümə borc bilirəm.

Şuşada keçirilən Beynəlxalq Foruma gəldikdə isə, düşünürəm ki, sözügedən tədbiri Azərbaycanda media sahəsində həyata keçirilən islahatların növbəti, həm də daha dinamik mərhələsinin başlanıldığını elan edən mesaj kimi yanaşmaq daha doğru olardı. Bu məqam özünü Prezident İlham Əliyevin Milli Mətbuat Günü ilə bağlı media nümayəndələrinə ünvanladığı müraciətdə özünü daha qabarıq büruzə verir. Cənab Prezident müraciətində öncə son illər həyata keçirilmiş islahatların media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşıdığını, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edildiyini vurğulayır, sonra isə qeyd edir ki, vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar”. Qarşıya qoyulan hədəf kifayət qədər aydındır və media sahəsindəki islahatların yeni, Şuşadan başlayan mərhələsində bu hədəflərə doğru forma ilə məzmunun vəhdət təşkil etdiyi bir yol xəritəsi ilə hərəkət ediləcəyinə zərrə qədər də şübhəm yoxdur.

Əslində, “Şuşa” və “Beynəlxalq Media Forumu” anlayışlarının özü belə media sahəsindəki islahatların mahiyyətini tam şəkildə ifadə edir. Azərbaycan mediası milli mətbuatımızın ənənələrinə, mədəniyyətimizə, dəyərlərimizə söykənərək inkişaf etməli və öz tarixi missiyasını beynəlxalq müstəvidə davam etdirməlidir. Bunun üçün isə yüksək peşəkarlıq, işgüzarlıq, yaradıcılıq potensialı, müasir çağırışlara çevik cavab verə biləcək iti ağıl, vətəndaşlıq məsuliyyəti tələb olunur.

Hesab edirəm ki, Milli Mətbuatımızın 150-ci ildönümündə və yenə də Şuşada artıq bu istiqamətlərdə əldə etdiyimiz nəticələrdən danışacağıq".

“Aznews.az” saytının baş redaktoru Taleh Şahsuvarlı qeyd edib ki, 22 iyulda Şuşada tarixi bir gün yaşandı: “Milli Mətbuatımızın yeni ildönümü əziz şəhərdə qeydə olundu. Media ilə bağlı böyük bir tədbir- Beynəlxalq Forum Xankəndinin başının üstündə keçirildi. İştirakçılar Şuşaya prezidentin təşəbbüsü və tapşırığı ilə təyyarə ilə aparıldılar. Tədbirə Prezidentin köməkçisi Hikmət Hacıyev, QHT-lərlə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, PA-nın müvafiq sahə üzrə əməkdaşları, MEDİA-nın rəhbərliyi, Rəhman Hacıyevin timsalında digər qurumlardan nümayəndələr, Şuşanı əliyalın azad edən oğullar qatılmışdılar. Prezident İlham Əliyevin təbriki oxundu. O təbrikdə çox mesaj var. Bu mesajlara əsaslanaraq deyə bilərəm ki, dünənki tədbir media rəhbərlərinin Şuşanı görməsi üçün deyil, yeni hədəfləri Şuşadan görməsi üçün təşkil olunmuşdu. Mən dünən Şuşadan Qərbi Zəngəzuru gördüm. Bəli, Prezident yeni zəfər yürüşünə media ordusu ilə start verdi".

“Editor.az” saytının baş redaktoru Fərid Şahbazlının sözlərinə görə, Şuşada keçirilən beynəlxalq Media Forumu Azərbaycan mətbuatının 147-ci il ildönümünün Şuşada qeyd olunması müstəqil Azərbaycanın tarixində çox mühüm hadisədir. Azərbaycan jurnalistləri ilk dəfə olaraq Şuşada peşə bayramlarını qeyd etdilər. Şuşada keçirilən beynəlxalq media forumuna xarici jurnalistlər, ekspertlər də dəvət olunmuşdular.

Hesab edirəm ki, ilk dəfə olaraq Milli Mətbuat Günündə bu cür intellektual bir tədbir keçirildi. Keçirilən bu forum çərçivəsində medianın transformasiyası, Azərbaycan mətbuatının qarşısında duran vəzifələr, Azərbaycan mətbuatının beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi kimi vacib məsələlər müzakirə olundu. Bunlar şübhəsiz ki, müstəqil Azərbaycan mətbuatının tarixində bir yenilik idi. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinə etdiyi müraciət Azərbaycan jurnalistlərin fəaliyyətinə verilən yüksək diqqətin və etimadın nümunəsi idi. Düşünürəm ki, forum çərçivəsində müzakirə olunan məsələlər Azərbaycan mətbuatının gələcək fəaliyyətində mühüm istiqamət kimi yer tutacaq".

Arzu Qurbanlı