HÜMBƏT HƏSƏNOĞLU
Dəbdəbənin içində oturmuşam. Bura ofislə evin qarışığı olan, zalların və otaqların bir-birinə dizayner təfəkkürü ilə keçdiyi bahalı bir məkandır. Pəncərədən Xəzərin axşam mənzərəsi görünür.
Qarşı kresloda bu dəbdəbənin sahibi, uşaqlıq dostum, böyük pulların yiyələrindən biri Əhəd əyləşib.
- Doktor, ürəyim səni çoxdan görmək istəyirdi, buralarda az oluram. Londonda yaşayıram. Sabah qayıdıram. Sən bizlərə elə uşaqlıqdan örnək idin. Cəmi bir sinif yuxarıda oxusan da, sənə böyük kimi baxırdıq. Rusiyaya oxumağa getdin, sonra Almaniyadan sorağın gəldi. Yadındadır, bizə oradan breloklar gətirmişdin, birini də mənə hədiyyə etmişdin. Çox gözəl idi, çox sevinmişdim. Sənin kimi, mən də medinstituta girmək istədim, balım çatmadı. Narxoza girdim. Sovet dağıldı, qaynatam prokuror idi, dedi pul qazanmağın zamanıdır. Çoxları kimi biz də daraşdıq Sovetdən qalan mallara və mülklərə. Yaxşı pullar qazandım.
Son dəfə sənin şəhərinə gəlmişdim, sən Almaniyadan təzə qayıtmışdın.
Dedim gəl qoşul bizə, sökhasökdür, sən də pullan. Yadındadır, mənə nə cavab verdin?
- Yox, yadımda deyil.
- Mənim heç yadımdan çıxmır o sözlərin. Sən dedin:- Əhəd, bilirsən insanlar niyə qaşıqla yeyir? Çünki, qaşıq ağızın ölçüsü qədərdir, çömçə də ağzına aparsan, elə qaşıq qədər ağzına yerləşəcək.
Mən və mənim kimilər nəinki çömçə, qazanla yemək istəyirdik…
İndi malımın, mülkümün sayını bilmirəm…
İstanbulda da işlərim var.
Keçən il orada, “boğaziçi” deyilən yerdə bir restoranı gözüm tutdu. Gülün, çiçəyin içində bir restoran idi. Təhlükəsizlik komandam əleyhinə olsa da, dedim burada türklər demiş, bir kahvaltı yapaq. Mətbəxləri də xoşuma gəldi. Çıxanda tapşırdım ki, bu restoranı mənə alsınlar. Sabahısı gün türk köməkçim mənə gəlib dedi ki, siz oranı ala bilməzsiniz.
Dedim, istədiklərindən də artıq para verin, amma o restoranı mənə alın!
Türk dedi, patron bu mümkün deyil, çünki o restoran elə sizin imiş.
Ayrıca ofis saxlayıram, mülklərimlə, onlardan gələn icarə pulları və sairə ilə məşğuldurlar.
Doktor, səni bura dəvət etməkdə məqsədim özümü sənə tərifləmək deyil.
O, bir müddət susandan sonra yavaş səslə dedi: - doktor, məni heç nə sevindirmir. Yuxu üzünə həsrətəm, bir gecəlik rahat yuxu üçün sərvətimin yarısını verərdim. Həyat mənə ağ- qara telovizordakı kimi görünür. Həkim, psixoloq qalmayıb ki, mənə baxmasın. Danışıqlarının da, yazdıqları dərmanların da heç bir xeyri olmur. Həmişə gərginlikdəyəm. Ancaq o ağ zəhrimarı qəbul etdikdə müvəqqəti özümə gəlirəm. Dənizin ortasında dor ağacı sınmış qayıq kimiyəm.
Doktor, sənə həmişə inanmışam, ümidim sənsən. Titrək səslə əlavə etdi; xahiş edirəm, yol göstər, kömək et!
Dostumu belə halda görmək ağır idi mənə. Onu həmişə şən, gülərüz, həyatsevər bir insan kimi tanıyırdım.
- Əzizim Əhəd, həkim gərək işini Hippokratdan başlasın. O, xəstənin yanına dələndə deyərmiş; biz bu otaqda üç nəfərik; mən, sən və xəstəlik. Sən mənim tərəfimdə olsan, biz ikimiz o xəstəliyə qalib gələ bilərik. Yox, sən xəstəliyin tərəfinə keçsən, mən ikinizə qarşı aciz qalaram.
- Doktor, hər şeyə hazıram, təki yenidən hamı kimi olum.
- Əhəd, bir həyat həqiqətini mütləq bilməlisən. Allah hər şeyi insana qədərində verib. İnsan doğulanda onun “proqramında” hər şey yazılıb: gözünün rəngindən tutmuş, nəfəs sayına qədər. Təsəvvür et ki, hər insanın beynində bir kisəcik var. O kisəcikdə insanın bütün ömrünə hesablanmış “sevinc” var. Bizim xoş günlərimizdə, şad günlərimizdə orqanizm o sevinc kisəsinin ağzını azacıq açıb qənaətlə “ xərcləyir”. Yaradanın hesabıyla o “sevinc kisəsi” ömrümüzün sonuna qədər bizə artıqlaması ilə bəs etməlidir.
Ağ və digər “zəhrimarları” qəbul edənlərdə nə baş verir? Həmin maddələr kisəciyin ağzını tam açırlar. Kisəcikdən tökülən “sevinc şəlaləsindən” insan sonsuz həzz duyur, kef alır. İnsan həftələrə, aylara hesablanmış sevinci bir günə israf edir.
Tədricən o kisə boşalır, və insan qəmin, kədərin içinə düşür. Belə insan artıq adi insan sevinclərinə tamarzı qalır. Yeganə çıxış yolu qıraqdan bədənə narkotik maddələrin yeridilməsi olur, təbii ki, onların təsiri, maddələrin təsir müddəti qədər olur. Burada prinsipial bir məsələ var. Əgər kisəcikdə sevinc hormonları hələ qalıbsa, ümid var. O qalan “sevinci” qənaətlə istifadə etmək olar və bəzi təbii üsullarla o kisəyə dəstək də olmaq olar. Əvvəl sənin o kisəni yoxlamalıyam, bunun üsulu var. Gələn dəfə buralarda nə vaxt olacaqsan?
- Doktor, qurban olum, belədirsə, üç günə qayıdaram.
- Yaxşı, mən gedim, gecdir.
- Əziz dostum, doktor, mən sənin üçün nə edə bilərəm? Nə istəyirsən, de!
- Şükür, hər şeyim var, elə bir ehtiyacım yoxdur.
O, qolundakı saatı çıxarıb dedi:- doktor, bunu kiçik diqqət kimi qəbul et, xahiş edirəm.
Saat məşhur İsveç markasının saatı idi.
Gülərək dedim: - mən evimdən baha saatı qolumda gəzdirə bilmərəm.
- Doktor, bəs sənin üçün nə edə bilərəm?
- İndi ki, təkid edirsən, masanın üzərindəki iki şokolad qutusundan birini götürüm, onunla evə gec gəlməyimin bəraətini asan qazanaram.
Liftdən çıxanda qolumdakı saata baxdım. Özümə məxsus bir aforizmim yadıma düşdü: “ Sənin yüz bahalı saatın olsa belə, onlar sənin həyatını bir saniyə də olsun artıra bilməzlər!”
Maşın Novxanı yoluna çıxanda dənizdən əsən meh məni xoşhallandırıb sevindirdi. Sevinc kisəmin-sərvət kisəmin hələ dolu olduğuna sevindim…
Sumqayıt şəhəri
İyul- 2022-ci il