Altı ayın nəticələri: verilən vədlər, gerçəkliyə çevrilən işlər TƏHLİL

25 İyul 2022 16:16 (UTC+04:00)

PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik"

"Mən artıq qeyd etdim, biz hamımız yadda saxlamalıyıq, çox güman ki, dünya iqtisadiyyatında tənəzzül, yəni, resessiya qaçılmazdır və buna hazır olmaq lazımdır. Resessiya, əlbəttə, əgər baş verərsə, ilk növbədə, neftin qiymətinə mənfi təsir göstərəcək. Ona görə gələn ilin büdcəsində neftin qiyməti düzgün seçilməlidir. Biz bu barədə hələ danışacağıq, vaxta var. Amma biz dünyada gedən prosesləri əlbəttə ki, izləməliyik. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır". Bu fikirləri iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxış edərkən söyləyib. "Gələn il görüləcək işlər əminəm ki, ölkəmizi daha da gücləndirəcək. Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik - bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın", - deyə dövlətimizin başçısı qeyd edib.

DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ YENİ HƏDƏFLƏRƏ DOĞRU

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin son altı ayın xarici və daxili siyasət xətti müzakirə edildi. Son bir ilin mənzərəsini təhlil etsək, bu müddətin ölkəmiz üçün uğurlu olduğunu deyə bilərik. Azərbaycan postmüharibə dövründə bütün çağırışlara hazırlıqlı olduğunu nümayiş etdirir. 2022-ci ilin altı ayının nəticələri və göstəriciləri də bu reallığı təsdiqləyir. Prezident İlham Əliyev istər cari ilin birinci rübünün yekunlarına, istərsə də 6 ayın yekunlarına həsr olunan müşavirədə bir çox mühüm məsələlərə toxunmaqla, çox vacib mesajlar da verdi. Belə ki, bu dövrdə dünyanın bir çox ölkələrinin rəhbərləri ilə mühüm görüşlər keçirilib və zəruri sazişlər imzalanıb, son 1 il 8 ayda Azərbaycan xalqının rifahının yaxşılaşdırılması üçün sosial islahatlar həyata keçirilib. Dünyada baş verən böhrandan daha az təsirlərlə çıxmaq üçün mühüm sosial paketlər tətbiq olunub. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi əsas nüanslardan biri də bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın xarici borcunun minimum səviyyədə olmasıdır. Dövlət başçısı çıxışı zamanı bir daha qeyd etdi ki, pandemiyadan və müharibədən yenicə çıxmış bir dövlət olaraq Azərbaycan bütün bərpa işlərini öz hesabına həyata keçirir. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan geniş bəhs edərək diqqəti bu məqama yönəltdi ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin təməl daşıdır. Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri bunu bir daha təsdiq edir ki, bu gün iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması nəticəsində Azərbaycanın dayanıqlı inkişafına geniş imkanlar açır. Belə ki, cari ilin 6 ayının göstəriciləri deyilənlərin təsdiqidir. Ölkəmizdə ötən 6 ayın iqtisadiyyatı 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye istehsalı 11,5 faiz artıb, əhalinin gəlirləri təxminən 20 faiz, ixrac 2 dəfədən çox, qeyri-neft ixracı 25 faizdən çox artıb. Məhz güclü iqtisadiyyət nəticəsinqdə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ordu quruculuğu, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin miqyası da genqişlənib. Həmçinin uğurlu iqtisadiyyat nəticəsində ölkəmiz işğaldan azad edilmiş ərazilərimizdə bütün işləri öz daxili imkanları hesabına həyata keçirir.

ALTI AYININ YEKUNLARI ÖLKƏMİZİN DİNAMİK İNKİŞAF YOLUNDA OLDUĞUNU BİR DAHA GÖSTƏRİCİSİDİR

Dünya iqtisadiyyatını ağır sınağa məruz qoyan qlobal proseslərin ölkəmizdən yan keçəcəyini gözləmək, həqiqətən, sadəlövhlük olardı. Məhz buna görə dövlətimizin başçısı xüsusi olaraq qeyd etdi ki, dünyanın kapital bazarları kimi, bir çox suveren fondları da böyük itkilərə məruz qalıb. Bu cür qlobal təhlükələrə baxmayaraq, ölkəmizin ixracatla bağlı inkişaf göstəriciləri xüsusi diqqət çəkir. Prezident İlham Əliyev həmin sahə ilə bağlı bunları qeyd etdi: “Bizim xarici ticarətimiz də böyük dərəcədə artıb-haradasa 70 faizdən çox. İxracımız 2 dəfədən çox artıb. Qeyri-neft ixracımız 25 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollardır. Bütün bu rəqəmlər hər bir ölkə üçün qürur mənbəyi ola bilər”.

İstənilən ölkənin iqtisadi dayanıqlığının və iqtisadi potensialından səmərəli istifadəsinin göstəricilərindən biri xarici borcların həcmi və onların qaytarılması prosesi ilə bağlıdır. Bu sahədəki vəziyyət həmişə tərəfdaşların və beynəlxalq maliyyə institutlarının xüsusi diqqət mərkəzində olur. Elə buna görə də dövlətimizin başçısı çıxışında bu sahədə əldə olunan nailiyyətlərə xüsusi diqqət yetirdi: “Mən bir neçə il bundan əvvəl vəzifə qoymuşdum ki, xarici borcumuzu ümumi daxili məhsulun 10 faizinə endirək. Bu il iyulun 1-də mənə verilən rəqəmlərə görə, xarici borc ümumi daxili məhsulun 10,7 faizini təşkil edir... Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr özlərini normal hiss edə bilərlər. Amma bizdə bu, 10 faizdir”.

BU GÖSTƏRİCİLƏR, İLK NÖVBƏDƏ, AZƏRBAYCAN PREZİDENTİNİN QƏTİYYƏTLİ SİYASİ İRADƏSİNİN NƏTİCƏSİDİR

Göründüyü kimi, iqtisadi müstəqilliyimizin dayanıqlığına dəlalət edən bu uğurların arxasında təkcə ölkəmizin resursları və onlardan səmərəli istifadə amili dayanmır. Bu göstəricilər, ilk növbədə, Azərbaycan Prezidentinin qətiyyətli siyasi iradəsinin nəticəsidir. O ali iradənin ki, hədəfində öz vətəndaşının sosial rifah halının daha da yaxşılaşdırılması, beynəlxalq münasibətlərdə isə etibarlı tərəfdaş nüfuzunun qorunması dayanır. Prezident İlham Əliyevin müşavirədəki çıxışı bir daha göstərdi ki, ölkəmiz seçdiyi yola sadiqdir, hər zaman olduğu kimi, xarici siyasətində də beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə söykənir, bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı şəkildə faydalı və etibarlı əməkdaşlıqda maraqlıdır. Sözsüz ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə bölgədə yaratdığı yeni reallıq da, zaman keçdikcə, dünya gücləri tərəfindən daha çox nəzərə alınır. Belə ki, ölkəmizin 120 dövləti bir araya gətirən Qoşulmama Hərəkatındakı liderliyi bunun əyani sübutudur. Prezident İlham Əliyev çıxışında onu da xüsusi vurğuladı ki, ölkəmiz Qoşulmama Hərəkatı ilə yanaşı, digər mötəbər beynəlxalq təsisatlarla, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, eləcə də Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşməsində maraqlıdır. Prezidentin çıxışının xarici siyasət sahəsi ilə bağlı olan hissəsi bir daha təsdiq etdi ki, Azərbaycan hakimiyyəti populizmdən uzaq olan və yalnız ümummilli maraqlarımıza xidmət edən praqmatik siyasət seçiminə sadiqdir. Dövlətimizin başçısı bir daha bildirdi ki, Azərbaycan region ölkələri ilə yanaşı, dünyanın digər aparıcı dövlətləri ilə də bərabərhüquqlu əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verir. Prezident İlham Əliyev bu sırada Amerika Birləşmiş Ştatları ilə dövlətlərarası münasibətləri xüsusi qeyd edərək belə dedi: “Bu əlaqələrin həm böyük tarixi və gözəl gələcəyi var. Yəni, bir sözlə, əsas güc mərkəzləri ilə, eyni zamanda, əsas beynəlxalq təşkilatlarla, baxın, cəmi bu altı ay ərzində nə qədər böyük işlər görülüb”.

"BİZ QARABAĞI, ZƏNGƏZURU YENİDƏN QURURUQ, YENİDƏN QURMALIYIQ"

Bu gün müasir Azərbaycan özünün yeni bir inkişaf dövrünü yaşayır. Zəfər qazanmış Azərbaycanın hər bir sahəsində onu uğurlar müşayiət edir. Bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilir. Əlbəttə ki, bütün işlərin reallaşmasında iqtisadiyyat əsas amildir. "Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub", - deyə Prezident diqqətə çatdırıb."Azərbaycanda iqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik",- deyən dövlət başçısı bildirib ki, heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq!

"HƏRBÇİLƏRİN SOSİAL MÜDAFİƏSİ MƏSƏLƏLƏRİ DƏ AZƏRBAYCANDA YÜKSƏK SƏVİYYƏDƏ TƏMİN EDİLİR"

Müşavirədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri də hərbçilərin sosial müdafiəsi və müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemlərinin daim diqqət mərkəzində saxlanıldığını, ümumiyyətlə, hərbçilərin sosial müdafiəsi məsələləri ölkəmizdə yüksək səviyyədə təmin edildiyini bildirdi: «Hərbçilərin sosial müdafiəsi məsələləri də Azərbaycanda yüksək səviyyədə təmin edilir. Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır". Dövlətimizin başçısı çıxışı zamanı vurğuladı ki, indi qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir: "Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir, onun haradasa 90 faizi yenidən qurulub. O cümlədən azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur - biz bunu o ağır iqlim şəraitində edirik. Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir”. Prezident qeyd edib ki, müharibədə əlil olmuş bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olunublar. “Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

"NÖVBƏDƏ OLAN BÜTÜN ŞƏHİD AİLƏLƏRİ YAXIN GƏLƏCƏKDƏ EVLƏRLƏ TƏMİN EDİLƏCƏK"

"Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir". Bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində bildirib.“Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu, reallıqdır. İndi dünyada o qədər müharibələr olub - bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın olan yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb. Reabilitasiya mərkəzləri yaradıldığını və ən müasir texnologiyalarla təchiz edildiyini diqqətə çatdıran Prezident deyib: “Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu, bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır, özü də bizim qarşımızda bu boyda işlər ola-ola”. Bir sözlə, müşavirədə açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. Və bütün bu uğurlu göstəricilər bir daha sübut edir ki, sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyev vədlərini yerinə yetirir və yetirəcək. Daha güclü Azərbaycan naminə! Dövlətimizin başçısının vurğuladığı kimi, «biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, bütün sahələrdə onu yerinə yetirmişik, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın!».

RƏFİQƏ KAMALQIZI