"Azərbaycan regionda söz sahibinə çevrilib" - DEPUTAT AÇIQLADI

25 İyul 2022 14:58 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə təkbətək və geniş tərkibli görüşü, müəyyən sənədlərin imzalanması onu göstərir ki, Azərbaycan Avropa üçün vacib bir ölkədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq Avropada enerji təhlükəsizliyinin qarantına çevrilib: "Demək olar ki, iki dəfə qaz tədarükü artacaq. Bununla bağlı Avropa tərəfindən Azərbaycana geniş investisiyalar qoyulacaq. Bu, Azərbaycanda yeni iş yerlərinin açılmasına xeyli kömək edəcək. Eyni zamanda Avropa Komissiyası alternativ enerjidən istifadəni yüksək qiymətləndirdi. Azərbaycanda çox ciddi şəkildə bu məsələlərə beynəlxalq maraq var. Avropa Komissiyası çox ciddi şəkildə diqqət edir. Çox yaxşı haldır ki, birtərəfli qaydada Avropa Komissiyası Azərbaycana qarşı təzyiqləri demək olar ki, azaldıb və Azərbaycan ilə ikitərəfli münasibətlərə daha çox önəm verir. Hesab edirəm ki, yaxın gələcəkdə Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli müqavilələr bağlana bilər. Artıq Azərbaycan regionda söz sahibinə çevrilib. Azərbaycan Prezidentinin dünyada böyük nüfuzu, sözünün çəkisi var. Hesab edirəm ki, Avropa Komisissiyasının rəhbərinin birbaşa Azərbaycana səfər etməsi, razılaşmaların əldə olunması Azərbaycan və Avropa İttifaqı arasındakı yaxşı münasibətin növbəti nümunəsidir".

Arzu Qurbanlı