Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində “Rəqəmsal DOST könüllüləri” təcrübə proqramı uğurla başa çatıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, ikiaylıq təcrübə proqramı çərçivəsində 17 könüllü gənc üçün mərkəzdə xüsusi şərait yaradılıb, bilik və bacarıqlarının hərtərəfli inkişafına dəstək göstərilib.
Eyni zamanda, onlara “Təqdimat bacarıqları”, “Vaxtın idarə edilməsi”, “CV hazırlanması və müsahibədə iştirak” və digər təlimlər keçirilib.
Məqsəd İKT ilə bağlı təbliğat və maarifləndirmə işinin aparılması, İKT sahəsi üzrə biliklərə yiyələnmək istəyən gənclərə dəstək, nəzəri və praktiki təlimlərin keçirilməsi, onların innovativ yeniliklərdən istifadəsinə şərait yaradılması, nəticədə “Rəqəmsal könüllülər ailəsi”nin formalaşdırılması olub.
Proqram çərçivəsində DOST Agentliyinin “Könüllü DOST” proqramında iştirak etmiş gənclərə və IT sahəsinə marağı ilə seçilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə üstünlük verilib. Könüllü gənclər mərkəzin fəaliyyətində yaxından iştirak edib, onlara tapşırılan işləri uğurla yerinə yetirib, korporativ ünsiyyət vərdişləri və səmərəli təcrübə qazanıblar. İnformasiya təhlükəsizliyi, sistem administratorluğu, operativ dəstək xidməti, proqramlaşdırma, dizayn kimi sahələrdə təcrübə əldə ediblər.
Təcrübə proqramının sonunda təltifetmə mərasimi keçirilib. “Rəqəmsal DOST könüllüləri”nə sertifikatlar təqdim olunub.