Mediamızda əsaslı islahatların vaxtıdır - KÜNCDƏN BAXIŞ

22 İyul 2022 15:31 (UTC+04:00)

İnternet medianın inkişafı və bu sahədə tam nəzarətin olmaması çox ciddi problemlər yaradır. Biz bunu müxtəlif vaxtlarda və kritik situasiyalarda dəfələrlə görürük. Dezinformasiyalar, qərəzli, böhtan xarakterli mayteriallar çoxalır. Bundan hətta reket juranlistlər biznes qururlar. Artıq minlərlə sayt, sosial şəbəkə kanalları açılıb və bunun adı media qoyulub. Oxucular da oxuyanda bunu mətbuat hesab edirlər. Bu məsələnin birinci tərəfidir- bura aiddir ciddi medianın necə yaradılması, ona necə nəzarət edilməsi məsələləri…

İkinci tərəf – Ciddi medianın idarə edilməsi, yəni menecment məsələsi… Biz hər zaman dünya standartları, peşəkarlıq və sairə məsələləri müzakirə edirik, özümüzü bu prinsiplərə uyğunlaşdırmaq istəyirik. Amma bunu tətbiq edə bilmirik. Mütləq bizim saytlar tərəfli olmalıdır– ya hansısa bir qüvvənin tərəfində və ya bir şəxsin tərəfində. Bu cür idarə etmə ilə media bazarına, auditoriyaya girmək mümkün deyil. Çünki həm tərəfsiz, obyektiv materiallar paylaşılmalıdır, həm də auditoriyanın gözlədiyi məlumatlar çatdırılmalıdır. Məsələn mediada sosial problemlərə çox az toxunulur, onun əvəzinə şou xarakterli materiallar işlənilir. Jurnalistikanın janrlarından yalnız xəbər janrı qalıb. Mətbuat təkcə xəbər demək deyil, xəbər mətbuatın yalnız bir janrı, bir tərəfidir. Analitik yazılar, araşdırmalar, müsahibələr hazırlanmalı, müxtəlif problemlər işıqlandırılmalıdır. Bu kimi məsələlər qalıb kənarda, mətbuat ancaq xəbərdən ibarət olub. İnsanlarda artıq xəbər oxumaqdan bezib. Pamflet, felyeton, esse, oçerk, parodiya kimi publisistik yazılara nadir hallarda rast gəlinir.

Hazırda oxucu auditoriyası minlərlə sayt arasında bölüşüb. Hər bir sayta məhdud sayda oxucu düşüb. Media orqanlarının sayının az olması daha effektlidir. Məsələn hər hansı bir hadisəni kütləyə çatdırmaq üçün böyük media holdinqləri formalaşarsa, artıq çatdırılan məlumatı məhdud sayda oxucu kütləsi deyil, daha geniş kütlə oxuyar.

Xırda, zəif və çoxsaylı media orqanlarında təmərküzləşmə prosesi getməlidir. Bu təmərküzləşmə prosesinə əsasən bir neçə media orqanı birləşərək, böyük media holdiqnləri formalaşmalıdır. Kiçik saytların işçi qüvvəsi saxlaya bilməməsi və ya 1-2 nəfərlə ortaya ciddi media qoyması mümkün deyil. Onun xaricdə və ölkənin regionlarında müxbir postları yoxdur. Peşəkar işləmək üçün çoxsaylı kadrlar olmalıdır. Bu kimi çatışmazlıqlarla biz dünya mediasına çıxa bilmərik.

Dünyaya çıxmaq üçün çoxsaylı işçi qüvvəsi olan – peşəkart saytlar, qəzetlər, informasiya agentlikləri olmalıdır ki, dünyanın hər yerindən xəbər versin. Maraqlı təhlillər, araşdırmalar ortaya qoysun və nüfuz qazana bilsin. Bütün bunlar olmadan media subyektləri özünü maliyyələşdirə bilmir. Özünü maliyyələşdirə bilməyən media heç zaman peşəkar, tərəfsiz ola bilməz. Dünyada, ölkədə ictimaiyyət arasında nüfuz qazana bilməz.

Son zamanlar Medianın İnkişafı Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Ümumiləşdirsək, mediamız özünü maliyyələşdirə bilmir, asılıdır, tərəflidir, sponsorludur. Bu tip media ictimaiyyət arasında nüfuz qazana bilməz, ancaq şou auditoriya toplaya bilər. Artıq bunlar ciddi istinad ediləcək media hesab edilmir. Məsələn 2-ci Qarabağ müharibəsi zamanı bizim media demək olar ki, dünyaya çıxa bilmədi. Dünya müharibə haqqında məlumatları rus, gürcü, türk mediasından alırdı.

Media kütlələrə psixoloji təsir silahıdır. Bu silah bizim (yəni, dövlətin, cəmiyyətin-E.B.) əlimizdə deyil. Çünki insanlar media orqanlarında dolğun, ciddi , tərəfsiz məlumat ala bilməyəndə artıq sosial şəbəkələrə üz tuturlar. Hadisənin əslini, reallığı sosial şəbəkələrdə axtarırlar. Nəticədə ölkə mediası ictimaiyyətə təsir funksiyasını itirir. Bu məsələnin müəyyən edilmiş mexanizmi olmalıdır. Qızıl ortanı tutmaq lazımdır. Senzura olmur, mətbuata tam azadlıq verilir və digər tərəfdən ifrat azadlıq meyllərinin qarşısı alınır. İnsanların bir-birini təhqir etməsi, şər-böhtan atması, təxribat xarakterli məlumatların yayılması məsələlərinə ciddi nəzarət edilməlidir. Digər tərəfdən azad reklam bazarı olmalıdır. Bu özünü maliyyələşdirmə prosesində əsas rol oynayır. Reklamların verilməsi strukturu qaydaya salınmalıdır.

Üçüncü tərəf– peşəkarlığın olmamasıdır. Bununla bağlı ilk vaxtlarda media orqanlarına maliyyə yardımı lazımdır. Hər hansı bir media özünü tam doğruldanadək ona edilən yardımlarla, peşəkarları ətrafına toplamalı və onları əlində saxlamağı bacarmalıdır. Peşəkarlıqdan kənar, təcrübəsi olmayan ucuz işçi qüvvəsinin toplanması mediada özünü doğrultmayan, yalnış materialların yayımlanmasına səbəb olur.

İntellektual səviyyəsi zəif olan, müəyyən bazası olmayan şəxsin cəmiyyət qarşısında çıxış etməsi düzgün deyil. Bütün bu tərəflər kompleks şəklində həll edilməlidir. Məsələnin bir tərəfini həll edib, digər tərəfini boş buraxdıqda bu boşluqlar ortadan qalxmayacaq. Elə bir şərait yaradılmalıdır ki, həm dövlətin çatdırmaq istədiyi məlumatlar, həm də ortaya qoyulan sosial problemlər böyük kütləyə çata bilsin. Əhalinin böyük hissəsi həmin media orqanına inansın, onu dinləsin, oxusun, izləsin.