İşxan Verdyan: “Ermənistan Qərbə və ya Rusiyaya yox, öz qonşularına yönəlməlidir” - MÜSAHİBƏ

22 İyul 2022 14:30 (UTC+04:00)

Erməni bloger: “Nizamlanmanın getməli olduğu 3 yol var, amma əminəm ki, digər 3 şərtin həyata keçirilməsinə 4-cü trek mane olur”

Tanınmış erməni bloger, İrəvandan olan fəal İşxan Verdyan iki paralel proses- Azərbaycan-Ermənistan nizamlanması və Türkiyə-Ermənistan yaxınlaşması ilə bağlı fikirlərini Caliber” analitik mərkəzinə müsahibəsində açıqlayıb və ermənilərin Türkiyədə necə yaşadığından danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Üçtərəfli Bəyanatın imzalanmasından il yarımdan çox vaxt keçir. Bu müddət ərzində Azərbaycan və Ermənistan nümayəndələri müxtəlif səviyyələrdə çoxlu görüşlər keçiriblər. Sizcə, Ermənistan-Azərbaycan nizamlanması bir az da olsa irəliləyibmi?

- O vaxtdan bəri mənə elə gəlir ki, heç nə dəyişməyib. Üstəlik, hesab edirəm ki, vəziyyət Qarabağda 44 günlük müharibə başlayana qədərki səviyyədə qalıb. Razıyam, müxtəlif səviyyələrdə hər cür görüşlər olur, amma məsələ sözdən, istəkdən irəli getmir. Heç bir praktik nəticə görünmür. Sərhəddə hələ də atışma hadisələri gedir, insanlar hələ də ölür. Yəni vəziyyəti stabil adlandırmaq olmaz.

Digər məsələlərlə yanaşı, getdikcə qarşılıqlı ittihamlar və iddialar eşidilir. Konstruktiv addımlar yoxdur. Şəxsən mən hazırda bütövlükdə vəziyyətə şübhə ilə yanaşıram. Düşünürəm ki, bir növ konservasiya var, mübahisəli tezislərin köklənməsi var ki, münaqişə mövcuddur və heç nə dəyişməməlidir. Ən azından məndə belə təəssürat yaranır.

- Azərbaycanla Ermənistan arasında 3 istiqamətdə münasibətlər həyata keçirilməlidir: kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası və delimitasiyası və sülh müqaviləsinin imzalanması. Sizcə, hansı həyata keçirilməyə daha yaxındır?

- Düz deyirsiniz, nizamlanmanın getməli olduğu 3 yol var, amma erməni tərəfinin xüsusilə israr etdiyi 4-cü trek də var. Qarabağda yaşayan ermənilərin “statusu və hüquqları” (dırnaq işarəsi- red.) nəzərdə tutulur. Orada hansı ifadələr işlədilir, hansı şərtlər və suallar verilir, bilmirəm, amma əminəm ki, digər 3 şərtin həyata keçirilməsinə məhz bu 4-cü trek mane olur.

- Bu gün Ermənistanın gündəmində 2 istiqamət var: Ermənistan-Türkiyə yaxınlaşması və Ermənistan-Azərbaycan nizamlanması. Necə düşünürsünüz, bu sahələrdən hansı Ermənistan üçün prioritetdir- həm əhali, həm də rəhbərlik üçün?

- Hesab edirəm ki, prioritet ilk növbədə Ermənistan-Azərbaycan nizamlanmasıdır, yalnız bundan sonra Ermənistan-Türkiyə yaxınlaşması olmalıdır. Çünki Ermənistan, əslində, Türkiyə ilə deyil, Azərbaycanla düşmənçilik edir. Türkiyə ilə yaxınlaşma prosesi yavaş-yavaş irəliləyir. Addımlar kiçikdir və hələ heç bir açıq praktik nəticə vermir, lakin onlar hələ də mövcuddur. Ən əsası isə bu istiqamətdə işi davam etdirmək üçün qarşılıqlı istək var. Bu istəklər, planlar hər iki tərəfdən siyasətçilər tərəfindən səsləndirilir və bunlarda heç bir ziddiyyət yoxdur. Amma eyni zamanda, fikrimcə, 1-ci yerdə qalmalı olan Ermənistan-Azərbaycan nizamlanması dalana dirənib.

Erməni cəmiyyətinə gəlincə, o, gündəmə reaksiya verir. Hansı istiqamətdə müsbət nəticələr görülürsə, bu, Ermənistan cəmiyyəti tərəfindən müsbət qarşılanacaq. Əminəm ki, Ermənistan Türkiyə ilə olduğu kimi Azərbaycanla da münasibətlərinin normallaşmasını gözləyir. Lakin müsbət nəticələrin olmaması insanların bu mövzu haqqında müsbət fikir söyləməsinə və düşünməsinə mane olur.

Ermənistan hökuməti üçün isə çox güman ki, Türkiyə ilə münasibətlər prioritetdir.

- Sizin fikrinizcə, bu gün Rusiyanın Ermənistan-Azərbaycan məsələsində mövqeyi necədir?

- Burada əlbəttə, əsas mövqeni Rusiya tutur və bu, göz qabağındadır. Bu gün Rusiya sülhməramlıları Qarabağda- Azərbaycan ərazisindədir. Ümumiyyətlə, Qarabağ məsələsi həmişə Rusiya Federasiyasının tam təsiri və nəzarəti altında olub, qalır və qalacaq. Təbii ki, bölgədə köklü dəyişikliklər baş verməsə.

- Sizcə, Ermənistanın gələcəyi Qərblədir, yoxsa Rusiya ilə? Ümumiyyətlə, əhali daha çox Avropa və ya Rusiya dəyərlərinə meyil edir?

- Sual bir qədər mürəkkəbdir, ona görə ki, Rusiya özünün necə mövqe tutmasından asılı olmayaraq, həm də Qərb dəyərlərinin daşıyıcısıdır. Əgər Rusiya Qərb dəyərlərindən məhrum olsa, o zaman can atacaq heç nə qalmayacaq. Belə müxalifət sünidir. Ermənistan nə Qərb, nə də Rusiyanı rəhbər tutmamalı, o, öz regionuna yönəlməli və inteqrasiya etməlidir ki, bu daha məntiqlidir. Və İrəvan qonşu ölkələrlə münasibətləri yaxşılaşdırandan sonra, o zaman düşünmək mümkün olacaq ki, hansı istiqamətdə hərəkət etsin, amma regionun ümumi maraqlarına uyğun olsun.

Bundan sonrakı hərəkətləri təkcə Ermənistanın istəyi yox, bütün regionun ümumi konyukturası diktə edəcək. Bu gün Ermənistan Rusiyanın təsirindən uzaqlaşıb Qərbə doğru getmək istəsə belə, buna nail olmayacaq. Ermənistan Rusiyanın qarnındadır, ona yaxındır və tamamilə ondan asılıdır. İrəvan isə heç bir qlobal geosiyasi hiylələr edə bilməyəcək. Bu gün Ermənistan xüsusilə regional maraqlara diqqət yetirməli və qonşuları ilə münasibətləri normallaşdırmalıdır, xüsusən də orada işin miqyası inanılmaz dərəcədə böyük və müsbətdir.

- Bildiyimə görə, hazırda Türkiyədəsiniz. Ermənilər orada özlərini necə hiss edirlər?

- Düzdü, hazırda Türkiyədə yaşayıram. Bu, müvəqqətidir. Tezliklə Ermənistana qayıdacağam. Türkiyədə ermənilərlə çox yaxşı rəftar olunur, heç bir ayrı-seçkilik qətiyyən yoxdur. Üstəlik, ermənilərə böyük mədəni hüquqlar verilib, onların öz məktəbləri, kilsələri, mədəniyyət mərkəzləri var. Və hər dəfə türk hökuməti məmurlarının, bələdiyyə sədrlərinin böyük məmnuniyyətlə iştirak etdikləri bayramlarda mədəni tədbirlər təşkil olunur. Ermənilər Türkiyədə özlərini əla hiss edirlər. Türkiyə əhalisi də ermənilərə qarşı çox dözümlüdür. Heç bir ayrı-seçkilik yoxdur. Düşünürəm ki, Türkiyə ermənilər üçün çox gözəl yerdir. Türkiyədə çoxlu erməni yaşayır və onların heç nəyə ehtiyacı yoxdur.

Müsahibə - Hüseyn Səfərov

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb