“Heydər Əliyevin Azərbaycan mətbuatında rolu danılmazdır” - JEM SƏDRİ AÇIQLADI

20 İyul 2022 17:52 (UTC+04:00)

“1998-ci ildə mətbuatda senzuranın ləğv edilməsi faktını qabarda bilərik ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra senzura ləğv edildi. Bu o deməkdir ki, mətbuat üzərində heç bir təzyiq, heç bir nəzarət ola bilməz”. Bu fikirləri SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib.
Onun sözlərinə görə, mətbuat azaddır, müəyən qaydalar çərçivəsində istədiyini yaza bilər: “Təbii ki, mətbuatın da öz qaydaları, qanunları var. Əvvəl KİV haqqında qanun var idi. İndi isə Media haqqında qanun var. Bu qanunda göstərilən tələblərə uyğun olaraq mətbuat öz fəaliyyətini davam etdirdi. Amma Ulu Öndər Heydər Əliyevə qədər mətbuatın üzərində ciddi senzura var idi. Hətta o dövrlərdə efirdə nazir jurnalisti ağır təhqir etmişdi. Heydər Əliyevin jurnalistlərə böyük hörməti var idi. Yəni jurnalist peşəsinə böyük hörməti var idi. Ulu Öndərin jurnalistlərlə münasibətinlərinə, təmaslarına nəzər yetirsək görərik ki, onlarla necə rəftar edir, onlara necə həvəslə müsahibələr verir.

Ulu Öndər hər zaman jurnalistlərlə səmimi söhbət etmiş, açıqlamalar vermişdir. Həmçinin jurnalistlərin istənilən bir mövzuda ünvanladığı suala çox rahat, səmimi bir şəkildə cavab verirdi. Bu da Ümummilli Liderin mətbuata olan münasibətinin göstəricisidir. Heydər Əliyevin Azərbaycan mətbuatında rolu danılmazdır. Bununla bağlı çoxsaylı nümunələr vermək olar. Heydər Əliyev Azərbaycanda bir çox siyasi məsələlərin təməlini qoyduğu kimi mətbuatın inkişafının da təməlini qoyanlardan olub. Mətbuatımız 100 ildən çoxdur ki, mövcuddur. Amma demək olar ki, 70 il əsarətdə olmuşuq.

Bildiyimiz kimi Azərbaycan mətbuatının yaranması Azərbaycanın görkəmli nümayəndəsi Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Təbii ki, bundan sonra ölkəmizdə mətbuat inkişaf etməyə başladı. Azərbaycan mətbuatı çox ağır sınaqlardan keçib bu günə qədər uğurla irəliləmişdir. Bu gün müstəqil mətbuatımız inkişaf etməyə davam edir”.