MİQ imtahanları ilə bağlı suallar nə vaxt cavablandırılacaq? - ARAŞDIRMA

20 İyul 2022 15:35 (UTC+04:00)

Müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmiş bu şəxslər imtahan suallarının məzmunundan tutmuş, imtahanın müddətinə qədər - bir çox məsələdən şikayətçidirlər. Baxmayaraq ki, təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindən müəllimlərin işə qəbulu (MİQ) imtahanı iştirakçılarına müraciət etmiş və müvafiq qərarlar qəbul ediləcəyini bildirmişdi, amma müəllimlərin narazılığı davam edir.

Müəllimlərin işə qəbulu imtahanına hazırlıq vəsaitləri ildən-ilə dəyişir, fərqli kitablar olur. Müəlliflərin sayı kitabları üstələyir. Hələ o azmış kimi deyirlər ki, kurikuluma yeni mövzular salınacaq. Nəticədə işbazlar qazanır.

Təhsil eksperti Kamran Əsədov SİA-ya açıqlamasında qeyd edir ki, ən çox narazılıqlar riyaziyyat fənni ilə bağlı olduğu üçün sözügedən fənnin test misalları təzədən ekspertizadan keçiriləcək və müvafiq addımlar atılacaq.

O, həmçinin bildirib ki, Azərbaycanda 2009-cu ildən başlayaraq orta təhsil məktəblərində MİQ imtahanları test vasitəsilə həyata keçirilir. Yəni bizim dövlət məktəblərində işləmək üçün yeganə yol qanuna uyğun olaraq təhsil nazirliyinin keçirdiyi test imtahanında iştirak etməkdir. 2013-cü ildən başlayaraq MİQ imtahanları yeni qaydalarla həyata keçirilir, burada həm vakant yerlərin seçimi, həm də test üsulları yeni formalarda tətbiq edilməyə başlamışdır. 2021-ci ildə orta məktəblərdə müəllim olmaq üçün 61 min nəfər sənəd vermişdirsə, 2022-ci il isə 56 min şəxs müəllim olmaq üçün sənəd verib. İmtahanlar əvvəlki illərdə fərqli olaraq təkcə Bakı şəhərində deyil, həmçinin son iki ildə bölgələrdə də təşkil edilir. Qeyd edim ki, imtahanlarda tətbiq olunan test tapşırıqları ilə bağlı mütəmadi problemlər faktiki olaraq öz əksini tapır.

Məsələn, 2019-cu ildə 26 test tapşırığı ümumiyyətlə texniki olaraq səhv idi, 2021-ci ildə tətbiq olunan imtahanlardakı qüsurlara görə birmənalı şəkildə bir neçə fənn üzrə imtahanlar təkrar təşkil olundu. Bu il isə imtahanların məzmununda,strukturunda ciddi irəliləyişin olduğunu görürük. İndiyə qədər bədən tərbiyə, texnologiya, Azərbaycan dili - ədəbiyyat və riyaziyyat müəllimləri imtahan veriblər. Konkret olaraq biz suallara baxaraq deyə bilərik ki, bu sualların məzmunu bilikləri yoxlamağa kifayət qədər imkan verəcək formada hazırlanmışdır. Məsələn riyaziyyat fənnindən test tapşırıqların ağırlıq səviyyəsi biraz daha ağır, Azərbaycan dili - ədəbiyyat fənindəki suallar isə daha modern tipdə, bədən tərbiyə, texnologiya fənindəki suallar daha sadə kimi qiymətləndirmək olardı. Təbii ki bu fənlərin strukturundan da asılıdır. Suallarla bağlı hələki, ciddi bir qüsur görməsək də çox təəssüf ki, sosial şəbəkələrdə imtahanda iştirak edənlər sualların öncədən paylanılma faktını ortaya qoyublar. Bu fakt həqiqətən imtahanda iştirak edən zamandan öncə işlədilən sualların ora salındığı öz təsdiqini tapdı. Bu niyə baş verir? Çünki Təhsil Nazirliyinin hələ də punkir sistemi formalaşmayıb bu zaman sifariş verdikləri sualları hazırlayan şəxs həmin sualları öncədən MİQ imtahanlarda iştirak edənlərə təqdim edir. Bunun müqabilində reytinqini, reklamını artırır, daha çox müdavim yığıb pul qazanır.

Azərbaycanda ümumiyyətlə təhlükəsizlik sisteminə malik olan Dövlət İmtahan Mərkəzidir. DİM hər il onlarla imtahan keçirir və heç vaxt orada belə hallarla rastlaşmırıq. Ümumillikdə bəzi sualları yazan müəllimlər və müəlliflər bu sualları öz şagird və müdavimlərinə işlədirlər bu da ədalət prinsipini birmənalı şəkildə pozur. Hesab edirəm ki, müəyyən qruplarda, sosial şəbəkələrdə paylaşılır. İmtahandan sonra görürük ki, hətta öncədən paylaşılan suallardan bir neçəsi də imtahanda salınan sualların içindədir. Ən çox şikayət riyaziyyat fənni ilə bağlıdır. Bu onu göstərir ki, riyaziyyat fənni yazan testi ekspertiza edən müəllif, ekspert bunu öz müdavimlərinə təqdim edəcək. Ümid edirəm ki, bundan sonra gələn illərdəki imtahanlarda Təhsil Nazirliyi testologiyanın təhlükəsizliyini təmin edə biləcək.

Texnologiya və kurikulumun təlimçisi, mütəxəssis Diana Həsənova 3 illik təlimçilik fəaliyyətində gördüyü ən çox nöqsanların bu il baş verdiyini deyib. Müdavimlərimin yüksək nəticə göstərməsinə baxmayaraq, imtahandan çıxanların əksəriyyətinin narazı olduqlarının şahidi oldum. Bəli, narazılıq çoxdur. Müdavimlərim həm səhvin düzü aparmasından, həm də stajı olan müəllimlərə bal əmsalının gəlməsindən narazıdırlar. Çünki, yeni qaydada ilk dəfə imtahan verib müəllim adı qazanmaq istəyən müdavimlər şanslarının azaldıqlarını düşünürlər. İlk iş üçün müraciət edənləri nəzərə almalaları daha dolğun olardı.

Onlar MİQ imtahanları qaydalarının əvvəlki kimi olmasını və daha dolğun, daha düzgün və şəfaf keçirmələrini istədiklərini bildirirlər. Yeni qaydayla ilk dəfə imtahan verən müdavimlərimin nəticələrindən çox razıyam. İlk dəfə imtahan verən müəllimlər üçün 80+, 90+ çox yaxşı nəticədir amma stajı olub 77 bal yığan müəllimin əmsal artımı 80+ etməsi savadlı kadrların arxa planda qalması ilə nəticləndiyini vurğulayırlar. Bir təlimçi kimi vurğulamaq istəyirəm ki, suallar çox sadə düşüb heç bir narazıçılığa səbəb yoxdu. Amma sualların yalnız 4-5 mövzu üzrə tərtib edilməsi sualların planlı qurulmamasının göstəricisidir. Bütün siniflər üzrə tərtib olunması daha məqsədəuyğundur.

MİQ imtahanları ilə bağlı narazılığını bildirənlərdən biri də kurikulum, alman və ingilis dili təsisçisi Nərmin Hacıyevadır.

Bu il MİQ imtahanına girə bilməsəm də, müdavimlərim girir. Ən birincisi demək olar ki, yarıdan çox insanda çoxlu texniki problemlər olub. Riyaziyyat sualları onsuz da gündəmdədir. Mənim üçün ən böyük problem bundan ibarətdir ki, imtahan sualları xarici ədəbiyyatlardan salınmamalıdır. Əgər orada imtahan sualını hazırlayan müəllimlər özlərindən 40 sual hazırlayıb təqdim edə bilmirlərsə, nə mənası var onların orada mövcudluğunun. Artıq, həqiqətən bu imtahanlara ciddi şəkildə yanaşılmalıdır. İmtahan suallarının hazırlanması peşəkar, MİQ imtahan formatından başı çıxan və ən əsası məktəbdə işləyən və məktəb proqramından xəbəri olan insanlara tapşırılmalıdır. Artıq 4 ildir ki, mən bu imtahanlarda iştirak etmişəm (bu il xaric). Amma hələ də bir ədalət, şəffaflıq görə bilmirəm.

Müəllif: Havar Şəfiyeva