Sosial təminat sahəsində yenilik: DOST mərkəzi TƏHLİL

19 İyul 2022 17:52 (UTC+04:00)

Prezidentin həyata keçirdiyi sosial siyasətin əsasında xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Ölkə başçısının "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə"dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.

Dövlət başçısı çıxışlarının birində bildirdiyi kimi, "Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür…Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır". Bütövlükdə ölkəmizdə 30-dan çox mərkəz fəaliyyətə başlayacaq.

Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. 2019-2025-ci illərdə istifadəyə verilməsi nəzərdə tutan DOST mərkəzlərinin 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə DOST mərkəzlərində "bir pəncərə" prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək.

DOST LAYİHƏSİ ÖLKƏMİZİN YENİ BRENDİNİ FORMALAŞDIRIB

Bu, "DOST" mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində "ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevriləcəyini deməyə əsas verir. DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Cənab İlham Əliyevin vurğuladığı kimi, DOST mərkəzlərinin yaradılması sosial siyasətimizin mahiyyətini göstərir. Yeni istifadəyə verilən DOST mərkəzlərində iş yerləri yaradılır və o cümlədən könüllülər də işlərə cəlb olunur. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın, regionun aparıcı dövlətlərindən birinə çevrilməsi, ölkəmizin dünya miqyasında nüfuzunun artması, yüksək səviyyəli beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi, şəhər və regionlarımızın simasının gözəlləşməsi, eləcə də, insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılmasında öz əksini tapıb. Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədləri əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə aparılan islahatlar, görülən işlər təqdirəlayiqdir və hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılanır. Çünki dövlətimiz vətəndaşının mənafeyinə xidmət edir. DOST konsepsiyası çərçivəsində artıq 1 milyona yaxın vətəndaşa xidmət göstərilib. Fəaliyyətdə olan beş mərkəz bu ilin birinci yarısında 313 min vətəndaşı qəbul edib, onlara xidmət göstərib. Qəbul edilən hər bir vətəndaşın məmnunluq səviyyəsi 98 faiz olub. Şəbəkənin genişləndirilməsi istiqamətində işlər görülüb. Artıq Zəngilanın Ağalı kəndində ilk "smart DOST" istifadəyə verilib. Bakı şəhərində sonuncu DOST mərkəzinin, həmçinin Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır. Onlar da istifadəyə verildikdən sonra şəbəkə bütün ölkəni əhatə edəcək.

CARİ İLİN İLK 6 AYINDA DOST KONSEPSİYASI 18 BEYNƏLXALQ MÜKAFAT VƏ SERTİFİKATLA TƏLTİF OLUNUB

Bu ilin ilk 6 ayında 125 milyon elektron xidmət göstərilib. Cari ilin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq. Beləliklə, əhaliyə göstərilən xidmətlərin 90 faizi tam elektronlaşmış olacaq. Görülən bu işlər beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilib. Bu ilin ilk 6 ayında DOST konsepsiyası, elektronlaşma işləri 18 beynəlxalq mükafat və sertifikatla təltif olunub.

Dövlət Sosial Müdafiə Fondu və elektronlaşma işləri Böyük Britaniyada keçirilən nüfuzlu müsabiqədə "İlin dövlət qurumu" mükafatına layiq görülüb. DOST Agentliyi "Avropa sosial xidmət mükafatı"nı əldə edib. İlk dəfədir ki, Avropa İttifaqının üzvü olmayan ölkənin qurumu belə yüksək mükafata layiq görülüb. Sosial xidmət sahəsində dünyada ən böyük beynəlxalq təşkilat olan Beynəlxalq Sosial Təyinat Assosiasiya tərəfindən həm DOST Agentliyinə, həm də Dövlət Sosial Müdafiə Fonduna cari il ərzində 4 ən yaxşı təcrübə mükafatı təqdim edilib. Eyni zamanda, keyfiyyətli idarəetmə, korrupsiyaya qarşı idarəetmə və müştəri məmnunluğu sahələrində nazirliyin qurumları tərəfindən 12 beynəlxalq ISO sertifikatı əldə olunub. Cənab Prezidentin bildirdiyi kimi, burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır: "Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur".

Zümrüd BAYRAMOVA