Türkiyənin ən böyük aktiv mayakının İstanbulun Şilə qəsəbəsində olduğunu bilirsinizmi? SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Şile dəniz mayakı Türkiyənin ən böyük aktiv mayakıdır. Dünya reytinqində köhnə olmasına baxmayaraq, hələ də öz işini görən ikinci ən böyük mayak kimi fəaliyyətini davam etdirir. Şile mayakını dünyanın ən böyüklərindən biri edən xüsusiyyət gövdəsinin eni və işığının uzaqdan görünməsidir. Beynəlxalq standartlara görə 1-ci sinif kateqoriyasında olan Şile mayakının işığı aydın gecələrdə 35 mil məsafəyə çata bilir və hətta Boğazdan belə görünür.
Mayakın tikintisinə 1858-ci ildə başlanmış və 1859-cu ildə tamamlanmışdır. Onun inşasında məqsəd Krım müharibəsi zamanı Qara dənizdən İstanbul boğazına daxil olan gəmilərə rəhbərlik etmək idi. Daş quruluşunda türk memarlarının imzası olan Şile mayakının metal hissələri və linza kristal sistemi Fransa istehsalıdır. Dəniz səviyyəsindən 60 metr yüksəklikdə yerləşən Şile mayakının 19 metr hündürlüyü olan qülləsi var. Şəhərin elektrik enerjisi ilə işləyən mayak qurğusu və qüllə konstruksiyasının ilkin vəziyyəti qorunub saxlanılıb.
Həm tarixi, həm də simvolik xüsuyyətilə əhəmiyyətli bir tikili olan Şile dəniz mayakı hazırda muzey olaraq ziyarət edilə bilər. Mayak tarixini əks etdirən qaz lampaları, köhnə işıqlandırma və texniki avadanlıqlar bu muzey mayakda tarixi xüsusiyyətlərilə nümayiş etdirilir. Mayakın ən mühüm xüsusiyyətlərindən biri də Qara dəniz mənzərəsidir.