Ürəyi xəstələr də vura bilər, amma...

16 İyul 2022 08:37 (UTC+04:00)

Sietldəki Vaşinqton Universitetinin alimləri müəyyən ediblər ki, alkoqol 40 yaşdan aşağı insanlar üçün zərərli, yaşlılar üçün isə faydalıdır.

“DoctorPiter”in “The Lancet”ə istinadən verdiyi məlumata görə, alimlər 204 ölkədən 15-95 yaş arası insanların sağlamlığı ilə bağlı 30 il ərzində məlumatları təhlil ediblər.

Araşdırmaya görə, 2020-ci ildə 1,34 milyard insan - 1,03 milyard kişi və 312 milyon qadın spirtli içkidən sui-istifadə ediblər. Məlumatların təhlili göstərdi ki, 15-39 yaş arası insanlar üçün alkoqol yalnız zərər verir. Bu kateqoriyaya aid olan kişilər alkoqolla əlaqəli xəsarətlərin 60 faizini təşkil edir. Onların arasında qəzalar, intiharlar, hətta qətllər də var.

Eyni zamanda alimlər belə qənaətə gəliblər ki, 40 yaşdan yuxarı və müşayiət olunan xəstəlikləri olmayan insanlar üçün az miqdarda spirt içmək faydalı ola bilər, bu ürək-damar xəstəlikləri, insult və diabet riskini azaldır.

Tədqiqat standart içkini 10 qram təmiz spirt və ya 100 ml quru qırmızı şərab, 330 ml yüngül pivə, 30 ml spirtli içki kimi təyin etdi.

Alimlər qeyd ediblər ki, vərəm, hipertoniya, qulaqcıqların fibrilasiyası, qaraciyər xəstəlikləri, epilepsiya, pankreatit və bir çox xərçəng növlərində spirtin heç bir qoruyucu təsiri yoxdur.

Ağasəf Babayev