“Bu gün dünya iqtisadiyyatında avronun ucuzlaşmasının şahidi oluruq. Bunun bir sıra səbəbləri var və bu səbəblərdən biri də təbii ki, Rusiya-Ukrayna münaqişəsi çərçivəsində Avropadan külli miqdarda dolların Amerikaya doğru hərəkət etməsidir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Aslan Əzimzadə bildirib.
Onun sözlərinə görə, bu dolların miqdarı təqribi hesablamalara görə, 400 milyard dollar olaraq dəyərləndirilir: “Belə olduğu halda avrozona ölkələrinin pul kütləsində dolların xüsusi çəkisi azalıb, avronun xüsusi çəkisi artdığı üçün, yəni müəyyən mənada avro bolluğu yaşandığı üçün iqtisadi qanunlara əsasən avronun qiymətində dəyərsizləşmə görürük. Bütövlükdə dünya iqtisadiyyatında ciddi maliyyə problemləri yaşanmaqdadır.
Biz Amerikaya nəzər salsaq görərik ki, hazırda Amerikada maliyyə sektoru real sektorun önünə keçib. Bu da heç xoş hal deyil. Belə olduğu zaman ölkədə struktur böhranı yaşana bilər. Təbii ki, bu gün müəyyən ölkələrin mərkəzi banklarının, o cümlədən FED-in və Avropa ölkələrinin Mərkəzi Banklarının faiz dərəcələrini qaldırması inflyasiya ilə mübarizədə effektiv metod deyil. Çünki artıq illərdir aparılan müşahidələr əsasında deyə bilərik ki, inflyasiya zamanı faiz dərəcələrinin qaldırılması effektiv metod sayılmır. Əksinə belə olan halda sahibkarlıq subyektləri yüksək faizli kreditlərlə qarşılaşırlar. Bu da sahibkarlıq subyektlərinin fəaliyyətini daraldır, bəzi hallarda isə biznes subyektlərinin iflasa uğraması ilə nəticələnir. Düşünürəm ki, artıq dünya iqtisadiyyatında yeni bir iqtisadi idarəetmə modelini formalaşdırmaq lazımdır. Çünki bu vaxta qədər gördüyümüz iqtisadi idarəetmə modellərinin heç biri bu gün tam formada effektiv deyil”.