
"Vətəndaş cəmiyyəti" və "dövlət" anlayışları bir-birini tamamlayır və hər iki anlayış həm sosial-iqtisadi sahələrin inkişafında, həm də siyasi həyatın canlanmasında mühüm rol oynayır. Ölkəmizdə demokratik cəmiyyətin, hüquqi dövlətin formalaşmasında və inkişafında vətəndaş cəmiyyətinin əsas atributlarından olan Qeyri-hökumət təşkilatlarının rolu böyükdür. Həmin təşkilatlar ölkədə sosial mühiti yaxşılaşdırmaqla sosial inkişafın zəruri şərti olan sosial və siyasi sabitliyin təmin edilməsinə mühüm töhfə vermiş olurlar.
Sosial-iqtisadi layihələrin həyata keçirilməsində QHT-lərə bütün inkişaf etmiş ölkələrdə mühüm önəm verildiyi bəllidir və bu təcrübənin Azərbaycanda da tətbiq olunduğu sirr deyil. Bu təşkilatların fəaliyyəti sosial sferanın innovasiyalı inkişafına təsir edir, eləcə də dövlət və vətəndaş cəmiyyəti əməkdaşlığının daha da yüksəlməsinə zəmin yaradır. Həmçinin cəmiyyətin sosial müdafiə sahəsində potensialının inkişafına, güclənməsinə QHT-lər əhəmiyyətli dərəcədə müsbət təsir göstərirlər. Hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, lakin vətəndaşların hüquqlarını müdafiə edən vətəndaş cəmiyyəti liberal qanunlar vasitəsilə tənzimlənən azad fərdlər birliyidir.
Əksər ölkələrdə artıq dövlət paternalizmindən imtina edilir, bərabər hüquqlu dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığına xüsusi önəm verilir. Çünki hüquqi dövlətin formalaşması məhz vətəndaş cəmiyyətinin inkişafı ilə birbaşa bağlıdır. Vətəndaş cəmiyyəti də cəmiyyətin inkişafının müəyyən pilləsində, mərhələsində formalaşan insanların birliyidir, hansıki özündə həmin cəmiyyətin bir çox sferalarında, məsələn, siyasi, iqtisadi, sosial və mədəni sferalarda yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Bu cəmiyyət açıq, demokratik, antitotalitar və müstəqil inkişaf edən cəmiyyətdir, hansıki bu cəmiyyətin mərkəzində insan, vətəndaş, şəxsiyyət durur və burada avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, insanlara qarşı zorakılığa yer yoxdur, əksinə, əxlaq və humanizm prinspləri, qanunlara hörmət ön plandadır. Demokratik ölkələrdə vətəndaş cəmiyyəti dövlətlə qarşılıqlı sıx əlaqədə olur, hansıki biz bunu ölkəmizdə də müşahidə edirik.
Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olması və qorunması müstəqil Azərbaycanın həyata keçirdiyi başlıca prinsplərdir və Ümummilli Lider Heydər Əliyevin bu barədə dedikləri bunu təsdiq edir. Ulu Öndər vurğulayırdı ki, hüquqi dövlətin qurulması, demokratik, sivilizasiyalı cəmiyyətin yaradılması, söz, vicdan azadlığının, insan azadlığının, plüralizmin, çoxpartiyalı sistemin təmin edilməsi bizim əvvəlcədən qəbul etdiyimiz prinsplərdir. Bu isə o deməkdir ki, müstəqilliyini yenidən bərpa edən Azərbaycan üçün ilk növbədə bu prinsplər əsas götürülüb.
Hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır və biri bərqərar olmadan digərinin mövudluğundan danışmaq olmaz. Vətəndaş cəmiyyəti və hüquqi dövlət bir-birini tamamlayır, biri-birindən asılıdır və yetkin vətəndaş cəmiyyəti olmadığı halda hüquqi, deməkratik dövlət qurmaq mümkünsüzdür. Ona görə ki, yalnız azad vətəndaşlar insanların birgəyaşayışının ən şüurlu, ən səmərəli formasını yarada bilərlər. Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra qlobal dünyaya demokratik dəyərlər vasitəsilə inteqrasiya yolunu müəyyənləşdirdi. Sözsüz ki, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ölkəmizin qazandığı nailiyyətlər məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır, çünki Ümummilli Liderimiz tərəfindən formalaşdırılan möhkəm təmələ əsaslanır. “Yolumuz demokratiya yoludur və Azərbaycan dövləti demokratik prinsplər əsasında fəaliyyət göstərməli, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”, deyən Ulu Öndər Heydər Əliyevin demokratik inkişafa, insan azadlığına, vətəndaş cəmiyyətinə necə önəm verdiyi hər kəsə bəllidir.
“Vətəndaş cəmiyyətindəki insanlar dövlətdən asılı deyillər və tam sərbəstdirlər”, deyən dahi alman filosofu İmmanuel Kanta görə, demokratiyanı siyasi sistem formalaşdırır və belə məlum olur ki, onun dayanıqlı olması üçün də vətəndaş cəmiyyəti, vətəndaş mövqeyi, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Hüquqşunasların fikrincə isə, vətəndaş cəmiyyətinin mövcudluğu yalnız hüquqi dövlətdə və iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında mümkündür. Bir sözlə, vətəndaş cəmiyyətinin mövcudluğu üçün hüquqi sistemin əsaslarının yaradılması, eləcə də dövlət, cəmiyyət və insan arasında münasibətlərin tənzimlənməsi əsas şərtdir. Hüquqi dövlət dedikdə isə, struktur, quruluş, idarə formaları və siyasi rejimlərin normalara müvafiq olması başa düşülür və hüquqi dövlət liberal qanunvericiliyə, demokratik idarəedici və konstitusion hakimiyyətə, vətəndaş hüquqlarına hörmət edən və onu təmin edən hüquqi normalara, həmçinin insanlararası azad münasibətlərin yer aldığı vətəndaş cəmiyyətinə malik olur. Hüquqi dövlət konsepsiyası insan azadlığının təzahür sferasını müəyynləşdirməyə yönəlib və vətəndaşın azadlığına dövlətin müdaxiləsi qanunazid hesab olunur. Vətəndaş cəmiyyəti siyasi sistemin əsası olduğu kimi, hüquqi dövlət də vətəndaş cəmiyyətinin inikasıdır və bu cəmiyyət inkişaf etdikcə, hüquqi dövlətin demokratikliyi daha da genişlənir.
Azərbaycanda vətəndaş cəmiyyətinin milli təsisatları məhz güclü dövlət sayəsində mövcuddur və “vətəndaş cəmiyyəti” termini universal xarakter kəsb etsə də ölkəmizdə bu cəmiyyətin, həmçinin hüquqi dövlətin yaranması öz spesifik xüsusiyyətləri ilə fərqlənir. Beləki, Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun Qərb modeli formalaşsa da burada ölkəmizin milli xüsusiyyətləri də özünü biruzə verir. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu onların vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi çıxış etməsindədir. Ölkəmizdə birgəyaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası artıq formalaşmaqdadır və bu da ən sevindirici hal hesab olunur.
Müəllif: İnam Hacıyev
6.3.1. “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.