Moskvada “İRS-Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb FOTO

8 İyul 2022 17:04 (UTC+04:00)

Moskvada “İRS-Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb.

SİA-nın məlumatına görə, ənənəyə görə jurnal baş redaktor Musa Mərcanlının məqaləsi ilə açılır. Baş redaktor “Şuşa Azərbaycan mədəniyyətinin palitrasıdır” sərlövhəli məqalədə yazır ki, 2020-ci ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması ilə bitən İkinci Qarabağ müharibəsindən sonra regional inteqrasiya məsələləri gündəmə gəlib. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı Qarabağda müharibəyə son qoyub. Bu sənəddə regiondakı nəqliyyat kommunikasiyalarının açılması məsəlsinə xüsusi diqqət yetirilir.

Üçtərəfli Bəyanatda Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyaları yaradılması barədə xüsusi qeyd-şərt var. Ermənistan onun ərazisindən keçəcək bu kommunikasiyaların təhlükəsizliyinə zəmanət verməlidir. Gələcək nəqliyyat dəhlizinin keçəcəyi ərazinin adına uyğun olaraq bu istiqamət “Zəngəzur dəhlizi” adlanır.

Məqalədə qeyd edilir ki, Azərbaycanın qərbində yerləşən tarixi Zəngəzur vilayəti vaxtilə Qarabağ xanlığının tərkibinə daxil olub. 1917-ci ildə Rusiya İmperiyası süqut edəndən sonra Cənubi Qafqazda milli dövlət sərhədləri qoyulması nəticəsində Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olub, lakin bir sıra başqa qonşu qəzalarla birlikdə Zəngəzur da Ermənistanın ərazi iddialarının obyektinə çevrilib. Nəticədə uzunmüddətli döyüş əməliyyatları baş verib, dinc əhali talanlara məruz qalıb. Azərbaycanda, sonra isə onunla qonşu respublikalarda sovetləşmə başlananda bolşevik Rusiyası Cənubi Qafqazda öz geosiyasi maraqlarını əsas götürərək o vaxta qədər Azərbaycanın tərkibinə daxil olmuş Zəngəzuru və bir sıra başqa əraziləri mübahisəli ərazilər elan edib.

“İRS-Naslediye” jurnalının növbəti nömrəsində dərc edilmiş material müəyyən mənada Zəngəzurun süni şəkildə bölünməsi və bu ərazinin qərb hissəsinin Ermənistana verilməsi ilə bağlı hadisələr haqqında tarixi sənədlərin icmalıdır.

Bu materialla səsləşən məqalələr seriyasının davamı Azərbaycanın Qarabağda qələbəsinin tarixi aspektlərinə həsr edilib. Seriyanın ikinci hissəsində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda mübarizədə rolu, habelə bütövlükdə ölkənin yeni və ən yeni tarixində silahlı qüvvələrin tutduğu yer diqqət mərkəzindədir. Azərbaycan xalqının tarixi döyüş ənənələrini göstərən müəllif vurğulayır ki, müsəlmanları hərbi mükəlləfiyyətdən kənarlaşdıran Rusiya imperiyasının siyasəti Azərbaycanda hərbi quruculuğa mənfi təsir göstərib.

Məlum olduğu kimi, 2022-ci il Azərbaycanda rəsmən “Şuşa İli” elan edilib. Bundan əlavə, Şuşa 2023-cü ildə türk dünyasının mədəni paytaxtı elan edilib. Bu faktlar Azərbaycanın Şuşa şəhərinə, onun mədəni palitrasına və Azərbaycan mədəniyyəti tarixində Şuşanın roluna dövlətimizin xüsusi diqqət göstərməsini sübut edir. Vaxtilə Qarabağın bu əsas şəhərində fəaliyyət göstərən musiqili ədəbi məclislərə və onların XIX əsrdə və XX əsrin əvvəlində Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və muğam sənətinin tarixinə verdiyi töhfəyə həsr edilmiş məqalə oxucuların diqqətini cəlb edəcək.

Jurnalın bu nömrəsində 2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsinin ildönümünə və Qarabağın Azərbaycan mədəniyyətində tutduğu yerə həsr edilmiş sərgi barədə də material dərc edilib. Sərginin eksponatları Azərbaycan mədəniyyətinin Qarabağda yaşayıb-yaratmış görkəmli xadimləri haqqında informasiya verir.

Adətən olduğu kimi, jurnalın bu nömrəsində də Azərbaycan xalqının tarixinin və mədəniyyətinin müxtəlif aspektləri barədə məqalələr təqdim edilib.