Daha sonra MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin rəhbəri Səyyarə Məmmədovanın “Kitabxanalarda "Şuşa İli"nə həsr olunmuş kütləvi tədbirlər” adlı məruzəsi dinlənilib. Vurğulanıb ki, həm füsunkar gözəllikləri, həm də istedadlı insanları ilə şöhrət qazanmış Şuşa şəhərini 30 il sonra yenidən qurub yaratmaq, adını və şöhrətini uca tutmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Məruzədə şifahi kütləvi təbliğat formaları, biblioqrafik icmallar, sərgilərin növləri və müasir kitabxana işinin qurulmasında digər vacib məqamlara toxunulub. Məruzəçi istər AMEA elmi kitabxanalarında, istərsə də digər elmi kitabxanalarda keçiriləcək əyani və şifahi kütləvi tədbirlər Şuşa şəhərinin tarixi, memarlığı, görkəmli şəxsiyyətləri, təbiəti, əhalisinin etnik tərkibi və s. haqqında mövzuları daha geniş şəkildə araşdırmağa, öyrənməyə və təbliğ etməyə kömək edəcəyini vurğulayıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin kitabxanasının direktoru Adilə Abdullayeva “Qədim Şuşa kitabxanalarının tarixi” adlı təqdimatla çıxış edib. Təqdimatda bildirilib ki, Şuşa rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində rayon ərazisindəki bütün kitabxanalar dağıdılmış, fondunda olan kitablar, nadir və unikal nüsxələr talan edilərək külli miqdarda maddi və mənəvi zərər yetirilib
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi, tar.ü.f.d., dosent Nadir İsmayılov, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi, tar.ü.f.d. Eldəniz Məmmədov, BDU Elmi Kitabxanasının direktoru, t.ü.f.d. Nigar İsmayılova və digər çıxışçılar Azərbaycan kitabxana sisteminin formalaşmasının tarixinə nəzər salaraq Azərbaycanda kitabxanaçılıq ənənələri daha dərin tarixə malik olduğunu bildiriblər və tədbirin təşkilində əməyi keçənlərə, xüsusilə MEK-in rəhbərliyinə təşəkkür ediblər.
Tədbirin davamında mövzu ətrafında fikir mübadiləsi aparılıb.