"Azərbaycan öz istəyinə çatacaq” - POLİTOLOQ AÇIQLADI

7 İyul 2022 17:56 (UTC+04:00)

"Artıq son iki aydır ki, Ermənistan tərəfi sərhəddə təxribat törədir və Azərbaycan tərəfi adekvat cavab verərək qarşı tərəfi susdurur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, amma bu təxribatlar hələ də dayanmayıb: "Düşünürəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra bu təxribatlara son qoyulacaq. Bildiyimiz kimi sülh müqaviləsi ilə bağlı işlər gedir. Artıq bir neçə görüş keçirilib. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı baş nazirlər səviyyəsində görüş keçirilib. Prezident İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizinin açılması reallaşır. Eyni zamanda bu günlərdə Avropa İttifaqının Prezidenti Şarl Mişel Azərbaycan Prezidentinə zəng etdi və sülh müqaviləsinin gedişi ilə bağlı maraqlandı. Bunun özü belə böyük bir tendensiyadır. Çünki Avropa İttifaqı bu işə nəzarət edir. İrəvanda ermənilərin mitinqləri öz effektini vermədi və onlar bu mitinqdən vazkeçdilər.

Görünən odur ki, Paşinyan da sülh müqaviləsini bağlamaqda maraqlıdır. Çünki Ermənistanın gələcəyi Azərbaycan ilə sülh müqaviləsini bağlamaqdan, Zəngəzur dəhlizinin açılmasından çox asılıdır. Zəngəzur dəhlizinin açılması Ermənistana böyük dividentlər gətirəcək. Amma sülh müqaviləsinin imzalanmasını istəməyən qüvvələr də var. Sülhməramlı qüvvələr hazırda ermənilər yaşayan ərazilərdə kilsə tikir, ermənilər üçün müxtəlif işlər görürlər. Bütün bunlar sülhmməramlıların missiyasına uyğun bir hərəkət deyil. Biz bunu dəfələrlə onların nəzərinə çatdırmışıq. Azərbaycan düz yoldadır və Azərbaycan sülhə çalışır. Azərbaycan Avropa İttifaqının dəstəyi ilə öz istəyinə çatacaq”.

Arzu Qurbanlı