"Xəzərin statusu ilə bağlı vaxtaşırı müxtəlif mübahisələr olub" - DEPUTAT ŞƏRH ETDİ

7 İyul 2022 13:08 (UTC+04:00)

"Prezident İlham Əliyev Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etdi. Xəzəryanı ölkələrin vaxtaşırı olaraq Sammitinin keçirilməsi bu ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli əməkdaşlığı və işbirliyini daha da gücləndirir. Bu ölkələr arasında, nəqliyyat, hidrometeorologiya, təhlükəsizlik, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində çox səmərəli əməkdaşlıq qurulmuşdur. Azərbaycan Xəzərdə qarşılıqlı fəaliyyətə çox böyük əhəmiyyət verir. Ölkəmiz Xəzəryanı dövlət kimi müstəqilliyin ilk illərindən bugünədək Xəzər dənizinin beynəlxalq hüquqi çərçivəsində hüquqi statusunun müəyyən edilməsi və dənizlə bağlı beynəlxalq əməkdaşlığın dərinləşməsi üçün obyektiv yanaşması ilə ön sırada olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, ötən dövr ərzində Xəzərin statusu ilə bağlı vaxtaşırı müxtəlif mübahisələr olub: "Lakin Azərbaycan hər zaman konstruktiv və ədalətli mövqe göstərib. Biz bu yanaşmanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı çıxışında da müşahidə edirik. Aşqabadda Prezidentimiz öz çıxışında növbəti dəfə bəyan etdi ki, Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı və birgə fəaliyyətinə böyük əhəmiyyət verir. Sözsüz ki, bu fəaliyyət beynəlxalq hüquq çərçivəsində, daha doğrusu BMT-nin sənədlərinə, eləcə də Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya çərçivəsində gerçəkləşməlidir. Sonuncu Aktau sənədi öz tarixi əhəmiyyətinə görə çox mühüm sənəddir. Sözsüz ki, bu sənəd uzun müddət və zəngin tarixi təcrübə üzərində hazırlanmış və imzalanmışdır. Bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib".

Deputat sözlərinə belə davam edib: "Ümumilikdə götürsək deyə bilərik ki, Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Azərbaycan dövlətinin xarici siyasətinin ən əsas prioritetlərindən biri sərhəd qonşuları ilə əməkdaşlığı və əlaqələri yüksək səviyyədə qurmasıdır. Hələ Ulu Öndərimizin həyata keçirdiyi balanslaşdırılmış siyasət bugün də özünü doğrultmuş və biz bunun bəhrəsini görürük. Azərbaycan daima Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyəti, bütün tərəflərin maraqlarının nəzərə alınması, bu dövlətlərin suverenliyi, ərazi bütövlüyü, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərini əsas götürmüşdür. Dövlətimizin Xəzərlə bağlı əhəmiyyət verdiyi başqa bir məsələ isə Xəzər dənizinin sözün həqiqi mənasında regionunun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi məsələsidir. Yəni, bu sahil ölkələrinin hər birinin “qazan-qazan” prinsiplərindən faydalanmasıdır.

Məlumdur ki, Prezidentimiz son çıxışında da bu məqamın üzərində xüsusi olaraq dayandı. Dövlət başçısı bir daha bəyan etdi ki, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Bu mənada bugün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Möhtərəm Prezidentimizin çıxışında da vurğulandığı kimi Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında çox həlledici rola malikdir. Ümumiyyətlə, Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut tam gücü ilə istifadə olunarsa Xəzəryanı dövlətlərin nəqliyyat potensialından yetərincə istifadə etməsinə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Nəzərə alsaq ki. 2020-ci ildə xalqımızın haqq və ədalət uğrunda apardığı 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlar, xüsusilə də yeni nəqliyyat logistika sahəsində Zəngəzur dəhlizi kimi layihələrin gerçəkləşməsi Xəzəryanı ölkələr üçün yeni perspektivlər açır. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra bölgədə yaranmış reallıqlar fonunda bir sıra həyata keçirilən layihələrdən biri də tezliklə inşa edilib istifadəyə veriləcək Zəngəzur dəhlizidir. Sözsüz ki, Zəngəzur dəhlizi Azərbaycan, Türkiyə və Türk dünyası, eləcə də bütövlükdə Avrasiya üçün xüsusi əhəmiyyə malikdir".

Ayşən Vəli