AZƏRBAYCANIN MADDİ-MƏDƏNİ İRSİNƏ QARŞI ERMƏNİ VANDALİZMİ TƏHLİL

7 İyul 2022 12:36 (UTC+04:00)

PREZİDENT İLHAM ƏLİYEV: “Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib”

“Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi”. Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı deyib. Dövlətimizin başçısı bildirib ki, 30 il ərzində işğal edilmiş ərazilərdə bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Dövlət başçısı bildirib ki, Azərbaycan işğala son qoyaraq beynəlxalq ədaləti bərpa edib və indi azad edilmiş ərazilərə səfər edən hər kəs azərbaycanlıların dini-mədəni irsinə qarşı törədilmiş vandalizmi öz gözləri ilə görə bilir: “Ermənistanın bizim ərazilərimizin təxminən 20 faizini işğal etməsi etnik təmizləmə ilə nəticələndi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən silindi. İndi azad edilmiş ərazilərə səyahət edənlər bunu - bu barbarizmi, vandalizmi, bizim məscidlərimizin murdarlanması, mədəni və dini abidələrimiz dağıdılmasını öz gözləri ilə görə bilərlər. Bütün bunlar faktlardır, necə erməniyönlü qüvvə olmasından asılı olmayaraq, heç kim buna göz yuma bilməz. Onların dəstəkçiləri buna məhəl qoymamağa çalışırlar, amma onlar bu faktlara məhəl qoymaya bilmirlər. Çünki artıq on minlərlə insan azad edilmiş ərazilərə səfər edib, bura xarici ziyarətçilər - siyasətçilər, parlament üzvləri, parlament sədrləri, jurnalistlər, ekspertlər və sıravi insanlar daxildir. Biz buna son qoyduq. Biz ədaləti, beynəlxalq hüququ bərpa etdik”.

“AZAD EDİLMİŞ BÜTÜN TORPAQLARDA BİZİM TARİXİ, MƏDƏNİ, DİNİ İRSİMİZ ERMƏNİLƏR TƏRƏFİNDƏN DAĞIDILIB, TƏHQİR EDİLİB, SÖKÜLÜB”

Prezident İlham Əliyev bir neçə gün əvvəl işğaldan azad olunmuş rayonlarımıza səfəri zamanı bir daha diqqəti ermənilər tərəfindən məscidlərimizin dağıdılmasına yönəltdi: "Azad edilmiş bütün torpaqlarda bizim tarixi, mədəni, dini irsimiz ermənilər tərəfindən dağıdılıb, təhqir edilib, sökülüb",- deyən Prezident İlham Əliyev İlham Əliyev bunun bütün müsəlman aləminə, islam dininə qarşı cinayət olduğunu bildirib. Ermənilərin binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi, o cümlədən bu sanatoriyanı dağıtdıqlarını bildirən Prezident İlham Əliyev deyib: «Bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki “İstisu” sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir”. Qarabağa səfəri zamanı Prezident İlham Əliyev Zəngilan məscidinin də təməlini qoydu. Dövlət başçısı bununla bir daha göstərdi ki, azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq, yenidən qurulacaq. Xatırladaq ki, yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Yuxarı Gövhər ağa məscidi Şuşanın tam mərkəzində yerləşir. Qarabağ xanı İbrahimxəlil xanın qızı Gövhər ağanın adını daşıyır. Üstündəki naxışlar şuşalı xəttat Mir Möhsün Nəvvaba aiddir. Binanın fasadında “Qurani-kərim”dən ayələr həkk edilib. Həmçinin Gövhər ağanın vəsiyyətlərini əks etdirən daş kitabələr də yonulub.1992-ci ildə Şuşanın işğalından sonra məscid ciddi dağıntılara məruz qalıb. Ermənilər “təmir-bərpa” adı altında məscidin üzərində olan və onun Azərbaycan xalqına məxsusluğunu xatırladan naxışları məhv etməyə çalışıblar. Bununla da məscidi erməniləşdirməyə çalışıblar. Amma nail ola bilməyiblər. Çünki bu məscidin erməniləşdirilməsi mümkün deyil.Ağdam Cümə məscidinin quru divarlarını isə ermənilər yalnız hərbi məqsədlər üçün saxlamışdılar. İşğaldan sonra ermənilər məscidi benzin töküb yandırıblar, divarlarına təhqiramiz ifadələr yazıblar. İçərisində mal-qara və donuz saxlayıblar. Ağdamda Şahbulaq ərazisində yerləşən, Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilmiş Şahbulaq məscidi, onun davamı sayılan Paprəvənd kənd məscidi də eynilə viran qoyulub. Zəngilan, Cəbrayıl rayonundakı, Qubadlının Məmər, Füzulinin Alxanlı kənd məscidlərini də donuz ferması qismində istifadə ediblər.

DAĞIDILAN YALNIZ İSLAM MƏDƏNİYYƏTİNƏ AİD OLAN ABİDƏLƏR DEYİL

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi abidələrin vəziyyəti göstərir ki, ermənilər 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının tələblərini kobud şəkildə pozublar. 30 ilə yaxın işğal dövründə Qarabağda islam mədəniyyətinə aid olan bütün məscidlər, abidələr dağıdılıb. Lakin dağıdılan yalnız islam mədəniyyətinə aid abidələr deyil. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağda Azərbaycan xalqına məxsus bütün tarixi abidələr də vandallığa məruz qalıb, muzeylər talan edilib, milli eksponatlarımız Ermənistana daşınıb. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.Artıq torpaqlarımız işğaldan azaddır. Qarabağda dağıdılmış bütün milli-mənəvi dəyərlərimiz, tarixi abidələrimiz, məscidlərimiz yenidən qurulacaq və onlar bu torpaqların qədim Azərbaycan yurdu olduğunu yenidən dünyaya bəyan edəcəklər.

“ERMƏNİLƏR DAHİ ŞƏXSİYYƏTLƏRİMİZİN BÜSTLƏRİNİ TƏHQİR EDƏNDƏN SONRA ONLARI ƏRİDİB SATMAQ, PUL ƏLDƏ ETMƏK ÜÇÜN ERMƏNİSTANA APARMIŞDILAR”

Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Şuşa Mədəniyyət Mərkəzi, Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib. Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1992-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi”,-deyən dövlət başçısı bildirib ki, bu büstlər artıq öz yerlərindədir.

“DAHİ ŞƏXSİYYƏTLƏRİMİZİN BÜSTLƏRİ BİZİM QƏLƏBƏMİZİN RƏMZİDİR”

“Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır»,-deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, artıq onlar doğma Vətənə qayıdıblar: «Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini. Tarixi ədalət bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!”. Bəli, bu gün 44 günlük müharibədə işğala son qoyulduqdan sonra bütün vandalizm çılpaqlığı ilə ortaya çıxdı: ermənilər Azərbaycanın maddi, mədəni və dini irsini məhv etməklə kifayətlənməmiş, şəhərləri, qəsəbələri, kəndləri yerlə bir etmişdi; 30 il öncə olan şəhərlərimizin yerində sadəcə düzəngah qalıb; Dünya da fakt qarşısında qaldı. ABŞ Dövlət Departamentinin 2021-ci ildə dünyada dini dözümlülüyün durumu haqqında dərc etdiyi hesabatında erməni vandalizmi ilə bağlı qeyd olunanlar da dünyanın acı gerçəkliyi qəbul etmək məcburiyyətində olduğunu göstərir.

Hesabatda qeyd olunur ki, işğal dövründə Azərbaycanın yüzlərlə məscidi, ziyarətgahı, qəbiristanlığı talan edilib, dağıdılıb və təhqir olunub. Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda azərbaycanlılara məxsus məzarlıqlar sistemli şəkildə ağır tikinti texnikası ilə məhv edilib, qəbir daşları zədələnib, insan qalıqlarının ekshumasiyası izləri aşkar edilib. Hətta azərbaycanlılara məxsus qəbirlərdə cəsədlərin qızıl dişləri çıxarılıb. İşğal dövründə ərazilərin genişmiqyaslı şəkildə minalanması yüzlərlə dini məkana girişi mümkünsüz vəziyyətə gətirib. Füzuli rayonunda XIX əsrə aid Hacı Ələkbər məscidi dağıdılıb və təhqir edilib, Ağdamdakı Cümə məscidinin mehrabı güllələnib, həmçinin, bu rayondakı bütün qəbiristanlıqlar təhqir və talan edilib, dağıdılıb. Dağıdılan dini abidələr arasında İmarət Qərvənd qəbiristanlığında XVIII əsrə aid müqəddəs məzarlar və şəhərdəki Şəhidlər xiyabanı da var. Bütün bunların qeyd olunduğu hesabatda Ağdamdakı Şəhidlər xiyabanını ziyarət etmiş Qərb diplomatlarının vandalizmi canlı şəkildə gördüyü bildirilir.

DÜNYA NİYƏ ERMƏNİ VANDALİZMİNƏ GÖZ YUMMAQDA DAVAM EDİR?

Erməni terrorçuları tərəfindən 30 ilə yaxın işğalda qalan ərazilərimizdə 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri qalmışdı. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı idi. Xarici İşlər Nazirliyinin hazırladığı "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması" adlı hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim edilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla öz iyrənc simalarını göstəriblər. Həmçinin, bu gün İrəvan şəhərində olan Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin də taleyi acınacaqlıdır. Belə ki, Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi həyata keçirilir. Artıq Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub. Qeyd edək ki, Təpəbaşı qədim İrəvan şəhərinin tarixi məhəllələrindən biri olub, hazırkı İrəvan şəhərinin də tarixi nüvəsini təşkil edir. Və bu gün belə bir abidənin - Təpəbaşının məhv edilməsinin qarşısının alınması da dünya ictimaiyyətinin göz yumması yolverilməzdir. Xüsusi ilə UNESCO tərəfindən etinasızlıq göstərilməməlidir. Çünki bu, dünya mədəni irsinin bir hissəsidir.

DÖVLƏTİMİZ ERMƏNİ VANDALİZMİNƏ, BARBARLIĞINA ŞAHİD OLMUŞ QARABAĞI CƏNNƏTƏ ÇEVİRƏCƏK

Dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək və Prezident İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa işləri aparılır. Bu il artıq tikintisinə başlanılan Füzuli Beynəlxalq Hava Limanının, Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı olan yeni avtomobil yolunun istifadəyə verilməsi planlaşdırılır. Eyni zamanda, azad edilmiş torpaqlarda ikinci beynəlxalq hava limanı da Kəlbəcər və ya Laçında inşa edilir. Bir sözlə, sözügedən hava limanı və yol bölgənin inkişafında, turizm infrastrukturunun yaradılmasında, həyata keçiriləcək tədbirlərin, o cümlədən bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında rolu böyük olacaq. Bir sözlə, dünya birliyi unutmamalıdır ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələridir. Ermənistan dağıtdığı bütün tarixi abidələrə, mədəniyyət müəssisələrinə görə məsuliyyət daşımalı və təzminat ödəməlidir. Bunun üçün Ermənistana qarşı beynəlxalq təzyiq gücləndirilməlidir.Bütün bu dağıntılara, maddi və mənəvi ziyana rəğmən dövlətimiz bir tərəfdən də barbarlığa məruz qalan dini, tarixi, mədəni abidələrimizin bərpası ilə məşğuldur. Təəssüf ki, UNESCO da bu məsələdə prinsipiallıq və qətiyyət nümayiş etdirməyib. Əksinə, bu təşkilat tərəfindən Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra erməni təəssübkeşliyini əks etdirən iddialar səsləndirilib. Lakin məğlub ölkənin öz cinayətlərini pərdələmək, ört-basdır etmək imkanları artıq tükənib. UNESCO missiyasının obyektiv monitorinqi nəticəsində bütün dünya Azərbaycan xalqının irsinə qarşı törədilmiş əməllərdən xəbərdar olacaq. Beləliklə, beynəlxalq platformada Azərbaycan erməni vandallığını və erməni iddialarının saxta olduğunu dünyaya sübut edəcək. Və Ermənistan beynəlxalq təsisatların üzvü olan bir dövlət olaraq, Azərbaycanın dini və mədəni irsinə qarşı işğal olunmuş ərazilərdə törədilmiş vandalizm aktlarına görə cavabdehdir. Unutmayaq, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdə yol verdiyi vandallığa görə mütləq cavab verəcəkdir.

RƏFİQƏ HÜSEYNOVA