Qoşulmama Hərəkatı Azərbaycanın siyasi iradəsinin təcəssümüdür ŞƏRH

7 İyul 2022 12:24 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı Respublikamız üçün mühüm əhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb.

Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi adlı qətnamənin 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunması dünya ölkələrinin Azərbaycana verdiyi dəyərdir. Qeyd edək ki, varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Prezident İlham Əliyevin gündəliyində olub. Onu da xatırladaq ki, Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları etməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırması, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərməsi birbaşa dövlət başçısının təşəbbüsüdür. Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-adım strateji hədəflərə yaxınlaşdırır. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olması ilə bərabər, ölkəmiz üçün iqtisadi, siyasi və digər sahələrdə yeni bir uğurun başlanğıcının təməlini qoymuş oldu. Biz Azərbaycan gəncliyi olaraq ölkə Prezidenti cənab İlham Əliyevin siyasi meydanda atdığı addımları dəstəkləyir və bu yolda ölkə başçısına uğurlar diləyirik.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı