Xankəndidən və Qərbi Zəngəzurdan barıt qoxusu gəlir ANALİTİK+ŞƏRH

7 İyul 2022 11:01 (UTC+04:00)

Bu qoxu düşmənlərin iyləyə biləcəkləri ən son qoxu olacaq!

44 günlük müharibədən sonra Azərbaycanın qalibiyyəti fonunda kapitulyasiyaya imza atmış Ermənistan regionda sülhün və sabitliyin əldə olunması istiqamətində atılan addımları hər vəchlə uzatmağa, prosesi ləngitməyə cəhdlər göstərir. İrəvanın spekulyativ oyunbazlıqları isə əslində tam səngiməmiş gərginliyi daha da artırmaqdadır. Dəqiqləşdirilməmiş sərhəd zolaqlarında mütəmadi şəkildə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması, Qarabağda-Rusiya sülhməramlı kontingentinin nəzarəti altındakı bölgələrdə separatçıların əl-qollarını rahatlıqla, sallaya-sallaya gəzmələri, bununla yanaşı o ərazilərdə qanunsuz inşaat işlərinin aparılması və s. kimi hallar artıq Azərbaycan cəmiyyətində də haqlı olaraq qıcıq, hiddət hisslərini qabartmaqdadır.

Bütün bu kimi reallıqlar Azərbaycanın növbəti qətiyyətli addım atmasına həm səbəb yaradır, həm də hüquq verir!

Həmçinin, yeni Laçın yolunun istifadəyə verilməsi günü yaxınlaşdıqca işğal dönəmində oraya yerləşdirilmiş Livan, Suriya ermənilərinin də həmin əraziləri tərk etməyəcəkləri barədə iddia etmələri mövcud situasiyanın çərçivədən çıxmasına kifayət qədər zəmin yaradır.

Belə olan halda istər-istəməz danılmaz faktor kimi bir məsələ özünü göstərməyə başlayır – regionda sülhün əldə olunmasını istəməyən çoxsaylı destruktiv qüvvələr var. Onlar Ermənistanın işğalçılıq siyasətinin davam etməsinin, habelə yeni müharibənin başlanmasının tərəfdarları olmaqla yanaşı, həm də revanşizm amilinin çiçəklənməsi yönündə bəlli erməni dairələrinə dəstəklərini göstərirlər. Əlbəttə ki, bütün bu kimi reallıqlar Azərbaycanın növbəti qətiyyətli addım atmasına həm səbəb yaradır, həm də hüquq verir!

İsrailli politoloq Mixail Finkel: “Mən düşünürəm ki, yeni müharibə mütləq olacaq”

Mövzu ilə bağlı tanınmış İsrail politoloqu Mixail Finkel mediaya açıqlama verib və bildirib ki, proseslərin nəticəsi olaraq İrəvan destruktiv qüvvələrin dəstəyi ilə Bakı ilə sülh razılaşmasının əldə edilməsi prosesinə məhəl qoymayacaq və çox güman ki, Azərbaycanla Ermənistan arasında yeni münaqişə yaranacaq. Onun proqnozlarına görə, Bakı əsla İrəvanın artıq həddini aşmış bu oyunbazlıqlarına səbr, dözüm, təmkinlik nümayiş etdirməyəcək. Bu baxımdan, Mixail Finkelin proqnozları da maraqdoğurucudur. Misal üçün, “Mən düşünürəm ki, yeni müharibə mütləq olacaq. Revanşizm həvəsi ermənilərdə böyükdür. Hazırda regionda bir çox sürprizləri görə bilərik”, istiqamətindəki fikirləri də belə deməyə əsas yaradır ki, regionda yeni sürpizlərdən biri də Qərbi Zəngəzurla bağlı ola bilər. Daha dəqiq desək, bu tarixi torpaqlarımızın geri qaytarılacağı mümkünlüyü öz mövcudluğunu qoruyub-saxlamaqdadır.

Bu gün Ermənistanın müttəfiqləri İrəvanı hərbi-texniki cəhətdən təmin edə bilərlər, amma...

“Ermənistanın müttəfiqləri onlara çoxlu vədlər verə bilər. Onlar İrəvanı silahla təchiz etməyə və bu müharibəni aparmaq üçün resurslarla təchiz etməyə çalışa bilərlər”, deyə israilli ekspert “Sovremennıy razqovor” YouTube kanalına müsahibəsində qeyd edən israilli politoloq hətta bunun müqabilində Ermənistanın heç nə əldə edə bilməyəcəyini vurğulayıb. Digər tərəfdən, bu gün Ermənistanın müttəfiqləri İrəvanı hərbi-texniki cəhətdən təmin edə bilərlər, amma fakt budur ki, 44 günlük müharibədə də həmin təminatlar var idi, sadəcə həmin müddət ərzində onlar kütləvi surətdə məhv edildilər – düşmən kapitulyasiyaya imza atması ilə öz ağır, sarsıdıcı məğlubiyyətini etiraf etdi. Və əgər bundan sonra da onlar prosesi ləngitməyə davam edəcəklərsə, əlbəttə ki, məsuliyyəti də özləri daşımalı olacaqlar. Bir sözlə, Xankəndidən və Qərbi Zəngəzurdan barıt qoxusu gəlir və bu qoxu düşmənlərin iyləyə biləcəkləri ən son qoxu olacaq!

Rövşən RƏSULOV