Ərəblər demokratiyanı iqtisadi inkişafa əngəl hesab edirlər

7 İyul 2022 02:31 (UTC+04:00)

Yaxın Şərq və Şimali Afrikanın ərəb ölkələrinin xalqları demokratiyaya inanmır və onu iqtisadi inkişafa başlıca əngəl hesab edirlər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu qənaət Prinston Universiteti nəzdindəki “Arab Barometer” təşkilatının BBC telekanalının sifarişi ilə apardığı sorğunun nəticələri əsasında hasil olunub. Belə ki, ərəb ölkələrində rəyi öyrənilən 23 min respondentin əksəriyyəti demokratik üsul-idarənin iqtisadiyyatı zəiflətdiyini bildirib. Politoloqlar hesab edirlər ki, ərəblərin bu mövqeyinin formalaşmasında “Ərəb baharı” adlanan prosesdən sonra çevrilişlərin baş verdiyi ölkələrdə qeyri-sabitlik, iqtisadi tənəzzülün dərinləşməsi mühüm rol oynayıb. Məsələn, Tunisdə hələ də nümayişlər və iqtisadi böhran davam edir, Liviyada silahlı münaqişə fonunda normal seçkilərin keçirilməsi belə mümkün olmur.

“Arab Barometer”in direktoru Maykl Robbinson bildirib ki, İraq, Tunis, Liviyada əhalinin 75 faizdən çoxu, İordaniya, Sudan, Livanda isə təqribən 60 faizi demokratiyanın əleyhinədir. Onun sözlərinə görə, sorğunun aparıldığı 7 ərəb ölkəsində insanların yarıdan çoxu sərt dövlət idarəçiliyi tərəfdarıdır.