Türkiyənin ilin ilk altı ayında qonşularına reallaşdırdığı ixrac

7 İyul 2022 02:12 (UTC+04:00)

Bu ilin yanvar-iyun dövründə Türkiyənin qonşuları Bolqarıstan, Gürcüstan, İraq, İran, Suriya və Yunanıstana ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,4 faiz artaraq 11,4 milyard dollara çatıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisinin məlumatlarından əldə edilən məlumata görə, ilin ilk 6 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixracını 20 faiz artıraraq rekord qıran Türkiyə, 126 milyard dollara yüksələrək, qonşularına ixracını da artırıb.

Türkiyə yanvar-iyun dövründə Bolqarıstan, Gürcüstan, İraq, İran, Suriya və Yunanıstana 11 milyard 448 milyon 927 min dollarlıq ixrac həyata keçirib.

Söz mövzusu məbləğ əvvəlki ilin eyni dövründə 9 milyard 131 milyon 940 min dollar idi. Belə ki, bu ölkələrə ixrac ilin ilk 6 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,4 faiz artıb.

Sözügedən dövrdə ən çox ixrac 4 milyard 837 milyon 698 min dollarla İraqa rellaşıb.

Bu ölkəni 2 milyard 265 milyon 144 min dollarla Bolqarıstan, 1 milyard 558 milyon 737 min dollarla Yunanıstan, 1 milyard 159 milyon 680 min dollarla İran, 897 milyon 740 min dollarla Gürcüstan və 729 milyon 928 min dollarla Suriya izləyib.

Bu dövrdə bütün ölkələrə ixracın illik səviyyədə artdığı müşahidə edilib.

Ən çox artım Bolqarıstan (39,1 faiz), Gürcüstan (37,6 faiz) və İraqa (24,1 faiz) edilən ixracda müşahidə olunub.