Avstraliyada 85 min insan üçün təxliyə qərarı

7 İyul 2022 01:21 (UTC+04:00)

Avstraliyanın Yeni Cənubi Uels əyalətinin (NSW) paytaxtı Sidneydə iyunun 30-dan bəri davam edən leysan yağışları və daşqınlar səbəbindən şəhər və ətraf ərazilərdə 85 min insanın təxliyəsi əmri verilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, son günlər yağan güclü yağışlar nəticəsində bənd və kanalların daşdığı Sidneydə şəhərin böyük hissəsi su altında qalıb.

Yeni Cənubi Uelsin Baş naziri Dominik Perrottet daşqınlar səbəbindən evləri su altında qalan və ya təhlükə altında olan 85 min insanın təxliyə ediləcəyini açıqlayıb.

Rəsmilər dünən 50 min insanın təxliyəsi üçün göstəriş verildiyini, fəlakətin təsirinin artması səbəbindən təxliyə əmrinin Sidney və ətraf bölgələrdə yaşayan 85 min nəfəri əhatə etdiyini bildirib.

Baş nazir Entoni Albanese daşqınlardan zərər çəkənlərə federal yardımın sabah hazır olacağını açıqlayıb.

Xatırladaq ki, NSW ştatı ötən gün 23-ə yaxın yaşayış məntəqəsini “fəlakət zonası” elan edib.