NASA-nın süni peykindən xəbər yoxdur

6 İyul 2022 23:51 (UTC+04:00)

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) Ayı araşdırmaq üçün göndərdiyi yeni peykdən xəbər yoxdur.
SİA-nın əldə etdiyi məlumata görə,NASA sözçüsü Sarah Frazier iyulun 4-də Yer orbitini müvəffəqiyyətlə tərk edən mikrodalğalı soba böyüklüyündə kosmik gəmi CAPSTONE ilə əlaqə problemi olduğunu bəyan edib.

Problemi həll etmək və əlaqəni bərpa etmək üçün çalışdıqlarını ifadə edən Frazier CAPSTONE-un düzgün orbitə yerləşməsi üçün kifayət qədər yanacağa sahib olduğunu bildirib.

Təxminən 25 kiloqram çəkisi olduğu bildirilən CAPSTONE ilə əlaqənin nə zaman kəsildiyi məlum olmasa da, problemin Yer orbitini tərk etdikdən sonrayarandığı güman edilir.

“CubeSat” kateqoriyasındakı peykin toplayacağı məlumatları NASA-ya göndərməsi və bəşəriyyətin yenidən Aya enməsi üçün lazım olan ilkin məlumatları təmin etməsi nəzərdə tutulurdu.

CAPSTONE-un noyabrın 13-də Aya çatacağı və ən azı 6 ay orbitdə qalacağı planlaşdırılırdı.