“Artıq deyə bilərik ki, Azərbaycan diasporu...” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

6 İyul 2022 20:12 (UTC+04:00)

“1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmiz ciddi problemlər yaşadığı bir zaman, xüsusilə siyasi-iqtisadi böhran, daxili çəkişmələr, həmçinin Ermənistanla müharibə şəraiti Azərbaycanın bir dövlət olaraq mövcudluğunu sual altında qoyduğu vaxt Ermənistan tərəfi məkrli planlarını gerçəkləşdirirdi, üstəlik bütün dünyada Azərbaycan əleyhinə təbliğat aparırdı və məhz bu zaman diaspor quruculuğuna və lobbiçiliyə ehtiyac duyulurdu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, xarici havadarların köməyi sayəsində müharibədə, eləcə də informasiya mübarizəsində üstünlük əldə edən Ermənistanın çirkin planlarının qarşısını almaq, vəziyyəti öz xeyrimizə dəyişmək və haqq səsimizi dünyaya çatdırmaq üçün sözsüz ki, qüdrətli dövlət və güclü lobbinin yaradılması çox vacib idi: “Xalqın qətiyyətli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev öz müdrikliyi, uzagörənliyi, qətiyyəti ilə bütün məsələləri sahmana saldı. Ulu Öndərin rəhbərliyi ilə ictimai-siyasi sabitlik bərqərar oldu, dövlətin demokratik əsaslarla idarə olunmasını təmin edən ən mütərəqqi qanunvericilik bazası formalaşdırıldı və ümumiyyətlə bütün istiqamətlərdə, xüsusən də diaspor quruculuğu və lobbiçilik istiqamətində ciddi addımlar atıldı.

Ümummilli Lider xarici səfərlərdə olarkən həmin ölkədə yaşayan azərbaycanlılarla görüşə xüsusi vaxt ayırır, onlarla görüşlər təşkil edir, Azərbaycanla, həmçinin başqa ölkələrdə yaşayan azərbaycanlılarla sıx əlaqə saxlamaları üçün onlara öz dəyərli məsələhətlərini verirdi və beləliklə də diaspor quruculuğu, lobbiçilik fəaliyyəti istiqamətində ilkin addımlar atılırdı. Məhz bu baxımdan cəsarətlə deyə biərik ki, Ulu Öndər Heydər Əliyevin bu uzaqgörənliyi sayəsində diaspor quruculuğu, lobbiçilik fəaliyyəti formlaşmağa başladı və ölkəmizin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ümumiyyətlə, milli birliyimizin təməli də Ümummilli Liderimiz tərəfindən qoyulub və unutmaq lazım deyil ki, Ulu Öndər Heydər Əliyev Naxçivan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, daha dəqiq desək, hələ 1991-ci il dekabrın 16-da məhz 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi, hansıki bundan sonra hər il 31 dekabr həmrəylik günü kimi bütün dünya azərbaycanlıları tərəfindən böyük coşqu ilə qeyd olunur.

“Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixində imzaladığı sərəncam dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, icmalar, cəmiyyət və birliklərarası fəaliyyətin genişləndirilməsi, müntəzəmliyin təmin olunmasına böyük bir tövhə oldu. Bu sərəncamdan bir neçə ay sonra, yəni həmin ilin nöyabr ayında Bakıda keçirilən və 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonağın iştirak etdiyi Dünya Azərbaycanlılarının I Qurultayı böyük bir prosesin başlanğıcı kimi diaspor quruculuğu və lobbiçilik tariximizə qızıl hərflərlə yazıldı. “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Ulu Öndərin 2002-ci il iyulun 5-də imzaladığı fərmanla lobbiçilik fəaliyyətinin mütəşəkkilləşməsinə start verildi. Bu siyasi xətti əsas olaraq qəbul edən, güclü diasporun formalaşdırılması, həmçinin qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətini nəzərə alan cənab Prezident İlham Əliyev “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2008-ci il noyabrın 19-da fərman imzaladı və artıq tam hüquqi baza da yaradıldı”.

Deputat sözlərinğ belə davam edib; “Azərbaycan xalqının milli həmrəylik hissinin yüksək olduğunu ötən əsrin 90-cı illərində baş verən Milli Azadlıq Hərəkatı zamanı bütün dünya gördü. Müstəqilliyimizin, suverenliyimizin bərpa edilməsi uğrunda 20 yanvar gecəsi canlarından keçən vətəndaşlarımız bu milli birliyimizin, həmrəyliyimizin olduğunu qətiyyətlə sübut etdilər. Hətta ötən əsrin sonlarında, birinci Qarabağ müharibəsi zamanı da qəhrəmanlarımızın canlarını vətən uğrunda fəda etmələri həmrəyliyimizin, milli birliyimizin nümunəsi idi. Nəhayət, ermənilər tərəfindən 30 il işğal altında saxlanılan torpaqlarımızın 2020-ci ildə cəmi 44 gün ərzində işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi də həmrəyliyimizin, milli birliyimizin təntənəsi oldu. Ölkə rəhbərinin, cənab Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, siyasi iradəsi, qətiyyəti ilə, eləcə də ordumuzun şücaəti və xalqımızın birliyi, həmrəyliyi ilə işğal altında saxlanılan vətən torpaqları işğaldan azad edildi. Bu savaşda milli birliyimiz bizi bir yumruğa, dəmir yumruğa çevirdi və düşmənin başının ən tez zamanda əzilməsində xüsusi rol oynadı.

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və qurumun əsasnaməsinin təsdiq olunması ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamları digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirmişdir. Artıq deyə bilərik ki, Azərbaycan diasporu yeni vəzifələrin həyata keçirilməsinə başlamış, fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak edərək, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrin daha da gücləndirilməsi yönündə uğurla fəaliyyət göstərməkdədir”.

Ayşən Vəli