Nəvələrimlə televizora baxanda utanıram - CƏMİYYƏTİN BAXIŞI - SORĞU

6 İyul 2022 18:16 (UTC+04:00)

Hər bir aparıcı, iştrakçı və ya qonaq efirə çıxdığı zaman efir əxlağını qorumalıdır. Ölkəmiz son dövrlər inkişaf mərhələsində olsa da bir çox məsələlərdə hələ də çatışmazlıqlar yaşayırıq. Bu çatışmazlıqlardan biri də efir zamanı işlədiyimiz ifadələrdir. Efir zamanı həm aparıcılar, həm də iştirakçılar etik normaları gözləməlidirlər. Amma təəssüflər olsun ki, bunlara əməl edilmir. Hələ də bəzi televiziya kanallarında qonağa hörmət qoyulmur, əksinə təhqir olunub, efirdən qovulur. SİA olaraq şəhər sakinləri arasında efir etikası ilə bağlı sorğu keçirdik:

Şəhər sakini Zəminə Əliyeva: "Düşünürəm ki, hər insanı efirə çıxarmaq olmaz. Aparıcının da gərək jurnalist təhsili olsun. Ümumiyyətlə efir mədəniyyəti deyilən bir anlayış var ki, hər bir efirə çıxan şəxs bunlara əməl etməlidir. Amma təəssüf ki, reytinq xətrinə hər kəsi efirə çıxarırlar".

Şəhər sakini Nigar Hüseynova: "Aparıcıların gələn qonaqlara qarşı və ya iştirakçılara qarşı kobud danranması heç də düzgün deyil. İnsan gərək birinci özünə sonra qarşısındakı insana hörmət qoysun. Nə olsun ki, qarşındakı cahildir. Onu kobudcasına efirdən qovmaq düzgün deyil".

Şəhər sakini Əziz Məmmədov: "Hər insan efirə çıxmamalıdır. Düşünmək lazımdır ki, televizorun qarşısında uşaqlar da var. Mən öz nəvələrimlə televizora baxanda utanıram. Bu cür hərəkətlər düzgün deyil. Düzgün danışığı olan, diksiyası olan insanları efirə çıxarmaq lazımdır. Uşaqlarımız onlara baxıb nə nümunə götürəcəklər?"

Şəhər sakini Leyla Hüseynova: "Efirdə olan qeyri-etik hərəkətləri çox pis qiymətləndirirəm. Düşünürəm ki, hər yoldan keçən adamı efirə buraxmaq olmaz. Bu heç düzgün deyil. Bu insanlardan cəmiyyət nə öyrənə bilər axı? Əlbəttə ki, heçnə".

Şəhər sakini Zeyhəb Həsənəliyeva: "İndi televizora baxan şəxslərin sayı çoxdur. Hər kəs boş vaxtını səmərəli keçirmək üçün televizora baxır. Amma belə hallar insanı əsəbləşdirir. İnsan düşünür ki, niyə efirdəki proqramlar bu cürdür. Təbii ki, bunu bütün proqramlara aid etmək olmaz. Aparıcılar insanlara nümunə olmalıdırlar".

Şəhər sakini Arif Babayev: "Son günlərdə istər aparıcıların, istərsə də iştirakçıların qeyri-etik davranışları xoşagəlməzdir. İllərdir televiziyada aparıcılıq edən jurnalistlər bu gün eqolarını doydurmaq üçün bəlkə də mənəvi cəhətdən özlərindən qat-qat yüksək səviyyədə olan birini danlayır, biabır edir, hətta efirdən qovmağa çalışırlar. Bu, heç də düzgün bir hal deyil. Bu şəxslər barəsində nə vaxta qədər ciddi tədbir görülməyəcək o vaxta qədər də televiziyalarımız bu vəziyyətdə də qalacaq".