Vətənə xidmət etmək şərəfli bir işdir - SORĞU - DİASPOR NÜMAYƏNDƏLƏRİ DANIŞDI

6 İyul 2022 17:38 (UTC+04:00)

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb. SİA sərəncamla bağlı diaspor nümayəndələrinin fikirlərini öyrənib.

“Diaspor Press” informasiya mərkəzinin rəhbəri, diaspor işləri üzrə ekspert Toğrul Allahverdili: “Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20-ci ildönümündə cənab Prezident tərəfindən komitə əməkdaşlarının və komitə sədrinin təltif edilməsi diaspor sahəsində çalışan əməkdaşlara və komitə sədrinə verilən ən yüksək qiymətin bariz nümunəsidir. Çünki həm 44 günlük Vətən müharibəsində, həm Tovuz hadisələri dövründə, həm də son 3 illik fəaliyyətə baxdıqda Diasporla İş üzrə Dövlət Komitəsinin uğurlu fəaliyyətini hər bir nöqtədə görmək olar. Bunu həm Avropadakı diaspor təşkilatlarımızın fəaliyyətinin koordinasiya olunmasında, həm digər ölkələrdə, həm də Türkiyə diasporası ilə Azərbaycan diasporunun xaricdə birgə fəaliyyətinin qurulması istiqamətində görmək olur. Təbii ki, bunu ölkə rəhbərliyi görür.

Komitənin 20 illiyi münasibətilə komitə sədri Fuad Muradovun 3-cü dərəcəli "Vətənə xidmət medalı" ilə təltif olunması zənnimcə çox böyük etimaddır. Çünki bir məmur və bir vətəndaş üçün Vətənə xidmətdən böyük bir şərəf ola bilməz. Fuad Muradovun fəaliyyətinə gəlsək, o, Azərbaycanın ən gənc millət vəkillərindən olub. Zatən o gənc yaşlarından gənclər sektorunda olub və fəaliyyəti də hər zaman təqdirəlayiq bir fəaliyyət olub. Bu gün də 3 ildən çox müddətdir ki, komitə sədridir və komitədəki fəaliyyəti isə tək diaspor nümayəndələri tərəfindən deyil, eləcə də ölkə rəhbərliyi tərəfindən təqdir olunması tək Fuad Muradova deyil, onun timsalında bu sahə ilə əlaqəsi olan, bu sahəyə həyatını həsr etmiş xaricdə, bütün dünyada yaşayan azərbaycanlılara verilmiş qiymətin bariz nümunəsidir. Çünki Fuad Muradov xaricdə yaşayan azərbaycanlıları koordinasiya edən bir qurumun rəhbəridirsə, bu qurumun rəhbəri "Vətənə xidmət medalı" alırsa bu dünya azərbaycanlılarına verilmiş qiymətdir. Digər komitə əməkdaşlarının “Tərəqqi medalı” ilə təltif edilməsi isə zənnimcə çox yerində olan bir hadisə oldu.

Mən də fürsətdən istifadə edib bu sahə ilə yaxından-uzaqdan əlaqəsi olan bir şəxs kimi ölkə başçısına minnətdarlığımı bildirirəm. Çünki mən komitənin fəaliyyətini ən yaxından izləyən şəxslərdən biriyəm. Vətəndaş Cəmiyyətinin nümayəndəsi olaraq qeyri-hökumət təşkilatı, media nümayəndəsi olaraq mənim ən çox izlədiyim sahələrdən biri diaspor sahəsidir ki, mən bu komitənin fəaliyyətinin son 3 ildə - həm pandemiya dövründə, həm Vətən savaşında alınan sonrakı dövrlərdə şahidiyəm. Ona görə də komitə əməkdaşlarının təltif edilməsini Azərbaycan diasporuna, xaricdə yaşayan soydaşlarımıza verilmiş bir dəyər kimi qiymətləndirirəm. Çünki hər bir ödül insanları daha da stimullaşdırır, onlara daha da güc, qüvvət verir və təbii ki, məmur qarşısında böyük bir məsuliyyət, yeni bir yol xəritəsi qoyur. Düşünürəm ki, bundan sonra da komitə əməkdaşları durmadan çalışacaqlar ki, Azərbaycan diasporu inkişaf eləsin.

Azərbaycan diasporunun ən böyük uğurlarından biri Şuşada Dünya Azərbaycanlılarının 5-ci Qurultayının keçirilməsi idi. Yəni, bu hər bir azərbaycanlının arzusu, hər bir azərbaycanlı üçün qürur idi və bu günə şükürlər olsun ki, müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşanı azad etdi və Azərbaycan diaspor nümayəndələrinin təmsilçiləri Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşada Dünya Azərbaycanlılarının qurultayını keçirdi. Biz artıq xoşbəxt bir diasporanın təmsilçiləri, nümayəndələriyik və düşünürəm ki, artıq Azərbaycan diasporu özünün çiçəklənmə dövrünü keçib.

Bir daha komitənin bütün əməkdaşlarını bir-bir təbrik edirəm, hər birinə çətin, lakin şərəfli işlərində uğurlar arzu edirəm. Çünki Vətənə xidmət etmək şərəfli bir işdir. Diaspora sahəsində çalışan, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları hər biri şərəfli işin, şərəfli peşənin daşıyıcılarıdır və tək komitənin əməkdaşlarını deyil, dünyanın bütün nöqtələrində yaşayan soydaşlarımızı diaspor bayramı münasibəti ilə təbrik edirəm. Bu bayram bizim bayramımızdır. Çünki Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması günü Azərbaycan diasporunda bir bayram əhval-ruhiyyəsi yaradan bir gündür. Xaricdə yaşayan bütün soydaşlarımızı təbrik edirəm. Onları arxa cəbhənin qəhrəmanları adlandırıram. Bayramınız mübarək olsun. Onlara arxa cəbhənin qəhrəmanları deyirəm. Ümidvaram ki, bu ödüllər, bu təltiflər, bu medallar davamlı olacaq, gələcək illərdə də komitənin digər əməkdaşları ölkə rəhbərliyimiz tərəfindən, müzəffər Ali Baş Komandan tərəfindən təltif ediləcəklər. Digər günlərdə də xaricdə yaşayan soydaşlarımız təltif edilirlər, artıq belə bir ənənə var. Bir daha fürsətdən istifadə edib hər kəsi təbrik edirəm. Yaşasın güclü Azərbaycan diasporu deyirəm”.

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri (İSBAM) Samir Adıgözəlli: “Diasporun fəaliyyəti Vətəndən kənarda yaşayan soydaşlarımızın təşkilatlanması baxımından mühüm hadisələrdən biridir. Bu böyük bir müddətdir və burada keşməkeşli yollar olsa da, biz müstəqilliyimizi bərpa etdikdən sonra xaricdə yaşayan soydaşlarımızın ilk cücərtisi olan təşkilatlar, 1990-cı illərdə yaranan cəmiyyətlərimiz var idi ki, onların koordinasıya olunması baxımından belə bir dövlət sturukturunun formalaşması vacib məsələ idi.

Bilirsiniz ki, Dünya Azərbaycanlılarının dəfələrlə qurultayları keçirilib və həmin qurultaylarda cənab Prezidentin proqram xarakterli çıxışları olub. Prezidentin bu yaxınlarda etdiyi təltiflər bütövlükdə Azərbaycan diasporuna verilmiş qiymətdir. Çünki 44 günlük Vətən müharibəsində də ümumilikdə bütün azərbaycanlılar səfərbər oldu. Dəmir yumruq hər kəsi bir araya topladı. Cənab Prezidentin idarəsi xalqımızı bir araya gətirdi. Bu birlikdə bizim xaricdə yaşayan soydaşlarımızın da rolu və fəaliyyəti var. Onlar da Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında xidmət ediblər.

Məncə, cənab Prezidentin bu addımı yüksək qiymətləndirilməli və hər kəs bu məsuliyyəti dərk etməlidir. Bu ali mükafatı dəyərləndirmək lazımdır”.

“Samara Vilayəti Azərbaycanlıları Liqası” İdarə Heyətinin sədri, Vilayət İctimai Palatasının üzvü Şirvan Kərimov: "Cənab Prezidentin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının mükafatlandırılması haqqında sərəncamını çox yüksək qiymətləndirirəm. Çünki uzun müddətdir Diaspora Komitəsi ilə əməkdaşlıq edirik. Komitənin işçiləri bizim həm dostlarımız, həm yoldaşlarımız, həm də Fuad Muradovun dili ilə desək qohumlarımızdır. Fuad müəllim Diaspora Komitəsinə sədr seçildikdən sonra, komitənin ümumiyyətlə diasporalarla, xaricdə yaşayan soydaşlarımızla əməkdaşlıq üsulu tamamilə fərqlidir. Bu aydın məsələdir ki, Diaspor Komitəsi cənab Prezidentin xarici siyasətinin tərkib hissəsi olan diasporla iş üzrə dövlət siyasətini həyata keçirir. Amma buna baxmayaraq Diaspora Komitəsinin əsas əməkdaşlıq etdiyi insanların hamısı ictimai xadimlər və təşkilatlardır. Ona görə də dövlət və ictimaiyyət arasında münasibət quran və bu münasibətə uzun müddət xidmət edən insanlar təltif olunmalıdır. Çünki illər boyu Diasporla İş üzrə Dövlət Komitəsinin təqdimatı ilə diaspor fəaliyyəti ilə məşğul olaraq xaricdə yaşayan yüzlərlə həmvətənlərimiz medalla təltif olunub. Ona görə də çox xoş haldır ki, artıq Diaspora Komitəsinin öz əməkdaşları təltif olunur. Onlar hamısı bu mükafatlara layiqdirlər.

Biz həmişə Diaspor Komitəsinin dəstəyini görürük. Xüsusən də son illərdə pandemiya ilə bağlı komitənin işçiləri xaricdə yaşayan həmvətənlərimizə öz dəstəklərini veriblər. Mənə elə gəlir ki, bundan sonra da onlar daha yüksək ordenlərlə təltif olunacaqlar. Başda Fuad Muradov olmaqla, bütün mükafat alan dostlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm”.

Niderland Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva: "Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin yaranmasından 20 il ötür. 2003-cü ildən etibarən Hollandiyada yaşayan bir azərbaycanlı kimi 2007-ci ildən, 2011-ci ildən isə daha da aktiv şəkildə diaspora fəaliyyəti ilə məşğulam. Əlimdən gəldiyi, bacardığım qədər Vətənim naminə addımlar atmağa çalışıram. Bütün bu illər ərzində səbrli əməkdaşları ilə seçilən doğma Diaspora Komitəsinin işini yüksək qiymətləndirirəm. Yaranması Ulu Öndərin adı ilə bağlı olan doğma Komitə ötən illər ərzində enişli-çıxışlı yollardan keçərək daim özünü doğruldub. Xüsusən də son illər ərzində dünya azərbaycanlılarının aktivliyi diqqəti cəlb edir. Bir çox soydaşlarımızın yaşadıqları ölkələrdəki fəaliyyəti işıq üzünə çıxarılıb, tanınıblar. Məgər ziyalımız, nə çox ürəyi Vətənlə döyünən gənclərimiz var imiş dünyanın dörd bir tərəfində birləşmək məqsədilə yaradılan Koordinasiya Şuraları, Azərbaycan Evləri, həftəsonu məktəbləri, gənclərdən ibarət müxtəlif platformalar və onlarca yeni yaranan diaspor hərəkatları Komitənin son illərdəki uğurlu fəaliyyətinin nəticəsidir.

Xüsusən də 44 günlük Vətən müharibəsində biz xaricdə yaşayan azərbaycanlıların ayağa qalxması, müxtəlif ölkələrdə yaşasaq da birləşməyimiz, sosial media üzərindən mübarizəmiz, bütün bunlar bizi birləşdirən Diaspora Komitəsinin fəallığından irəli gəlir. Pandemiya vaxtında, Ukrayna müharibəsi dövründə azərbaycanlıların təxliyə olunmasında, "YAŞAT" Fondu Marafonundakı göstərdikləri fədakarlıqlar komitənin səbrli və işguzar əməkdaşlarının səyi nəticəsində olub".

Ayşən Vəli