Kanada İrəvanda səfirlik açdı, Rusiya barmaq silkələdi! SİYASİ RAKURS+AKTUAL

6 İyul 2022 13:46 (UTC+04:00)

Ermənistanda kimlərin hakimiyyətdə olub-olmamalarına baxmayaraq, bu ölkə onsuz da süquta uğrayacaq, çünki tarixi həqiqətlər və mövcud siyasi reallıqlar başqa istiqaməti göstərir

Kanadanın Ermənistanda səfirliyinin açılması ölkənin siyasi gündəmində səs-küylü situasiya yaradıb. Məsələ ondadır ki, Ottava İrəvanda rəsmi diplomatik nümayəndəliyini açması ilə yanaşı bəyan edib ki, burada əsas məqsəd Baltikyanı və Şərqi Avropa ölkələrində “Rusiyanın destabilləşdirmə istiqamətindəki fəaliyyətinin qarşısını almaqdan” ibarətdir.

Lakin ziddiyyətli fikirlərə səbəb olan bu amildən sonra digər faktorlar da ortaya çıxıb – Ermənistan hökuməti nəyə görə balanslı siyasət qura bilmir və Kanadanın qeyd edilən bəyanatı qarşısında Rusiya ilə münasibətlərini daha da gərginləşdirir? Məhz bu sual erməni ictimai-siyasi rəyində ziddiyyətlər yaradıb.

Ermənistan rəhbərliyi bu kimi məsələlərdə qapazaltıya çevrilib

Hətta erməni KİV-ləri Azərbaycanı nümunə göstərməklə müstəqil siyasət qurmasından örnək götürülməsini qeyd edirlər. Belə ki, Bakı istər Qərb, istərsə də Rusiya ilə münasibətlərini yüksək səviyyədə tənmizləyir. Üstəlik vurğulanır ki, Ermənistan rəhbərliyi bu kimi məsələlərdə qapazaltıya çevrilib. Misal üçün, erməni analitik yazarı Tevos Arşakyan yazır: ““Mən güclüyəm, sən zəifsən, deməli nə desəm onu da edəcəksən və cürətin çatırsa özünün müstəqil siyasətini yürüdəsən – dərhal cəzalandırılacaqsan”. Moskvanın ənənəvi olaraq bizə öz iradəsini diktə etməsi və kiminlə dostluq quraraq hansı üsulla ikitərəfli əlaqələri inkişaf etdirə bilməmiz fonunda Ermənistan-Rusiya münasibətlərini məhz bu cür xarakterizə edə bilərik”.

Erməni siyasi şərhçisi sual edir ki, axı Rusiya nəyə görə öz oyun qaydalarını Ermənistana diktə edir? Belə ki, hazırda nə Ermənistan, nə də mövcud hökumət ona borclu deyil. SİTAT: “Gəlin erməni cəmiyyətini yerindən oynadan bu olaya misal gətirək. Bu günlərdə Rusiyanın Ermənistandakı səfirliyi Kanada XİN-ni səfirlik açdığı ərəfələrdə tənqid atəşinə tutdu. Yuxarıda da bildirildiyi kimi, məsələ ondadır ki, Kanada Ermənistanda rəsmi diplomatik nümayəndəliyini açması ilə yanaşı bəyan edib ki, burada əsas məqsəd Baltikyanı və Şərqi Avropa ölkələrində “Rusiyanın destabilləşdirmə istiqamətindəki fəaliyyətinin qarşısını almaqdan” ibarətdir. Rusiya isə dərhal buna cavab olaraq Ermənistan hölkumətini hədəfə alaraq cavab bəyanatı ilə çıxış etdi. Dərhal belə bir fikir yarandı ki, bu cür siyasi xətt erməni xalqının təhlükəsizliyinə hansı təsirlərini göstərəcək?”.

Erməni analitiki: “Bəs biz ümumiyyətlə harada yaşayırıq, suveren ölkədə, yoxsa Rusiya Federasiyasının tərkibində olan hansısa respublikasında?”

Məhz bu cür vəziyyətdə odla-su arasında qalan və əslində qeyri-müstəqil ölkə olduqlarını bir daha müşahidə edən erməni ictimai rəyi əmin olur ki, onlar hətta suveren ölkə kimi də mövcud deyillər. Əbəs deyil ki, həmin məsələyə adıçəkilən erməni siyasi şərhçisi belə münasibət göstərib. SİTAT: “Bəli, biz də istər-istəməz düşünürük - bəs biz ümumiyyətlə harada yaşayırıq, suveren ölkədə, yoxsa Rusiya Federasiyasının tərkibində olan hansısa respublikasında? Görünür, Rusiyanın səfirliyi ikinci varianta üstünlük verir. Rusiyalı diplomatların amiranə tonları da bununla izah edilə bilər. Belə olan halda biz onları göydən yerə endirməyə tələsməliyik – Ermənistan müstəqil ölkədir və öz ərazisində hansı ölkənin səfirliyini açması barədə də özü qərar verə bilər”.

Göründüyü kimi, müəllif bu məsələdə açıq-aydın ifadə edir ki, ölkəsi sözdə müstəqil, suveren ola bilər, amma reallıqda öz başı heç öz əlində də deyil. Əks halda nə Rusiya, nə də Kanada Ermənistanı öz iradələri formasında istifadə etməzdilər. Yəni Tevos Arşakyan istədiyi qədər “Ermənistan müstəqil və suveren ölkədir” tipli iddiasını deyə, yaza, car çəkə bilər, amma fakt tamamilə başqa tərəfi göstərir – Ermənistan qeyri-müstəqil, qeyri-suveren və asılı, vassal ölkələr sırasında yer alır!

Fəqət, erməni şərhçi bu cür düşünmür və sən demə, Rusiya Ermənistan üçün canlı qüvvə də göndərməli, üstəlik, ermənilərin işğalçılıq siyasətinə görə öz hərbçilərini qurban verməliymiş!

Və bu reallığı sübut edən daha bir gerçəklik var – 44 günlük müharibə dövründə Ermənistan dəfələrlə KTMT-ni, xüsusilə müttəfiqi olan Rusiyanı Qarabağ cəbhəsinə müdaxilə etməyə səslədi, amma Moskva, eləcə də KTMT açıq şəkildə bəyan etdi ki, Azərbaycan öz ərazisində hərbi əməliyyatlar aparır və Ermənistan işğalçı qüvvə olaraq əsla öz müttəfiqlərindən siyasi, hərbi dəstək ala bilməz. Fəqət, erməni şərhçi bu cür düşünmür və sən demə, Rusiya Ermənistan üçün canlı qüvvə də göndərməli, üstəlik, ermənilərin işğalçılıq siyasətinə görə öz hərbçilərini qurban verməliymiş! Bax, əsl erməni həyasızlığı, əsl erməni məkri və şeytanlığı da bu kontekstdə əks olunmaqdadır...

Halbuki, Rusiya 44 günlük müharibə zamanı Ermənistana silah-sursatlarla dolu hərbi yük təyyarələri göndərir, bütün mümkün təchizatlarla təmin edirdi. Nədənsə Tevos Arşakyan buna görə Rusiyaya “çox sağ ol” demir və əvəzində buynuz atmağı da unutmur, hansı ki, bütövlükdə erməni cəmiyyətinin sağalmaz xəstəliyinə çevrilmiş bu davranış həmin buynuzun kökündən sındırılması ilə də nəticələnə bilər!

Hələ bir cürət göstərsinlər və Kremli qəzəbləndirsinlər, görək Kreml İrəvana hansı münasibətini göstərəcək?

Daha bir maraqlı nüansa diqqət yetirək. Erməni siyasi analitiki Qazaxıstandan ibrət götürməyi də unutmayıb. SİTAT: “Bəli, biz Rusiya ilə müttəfiqik. Qoy əməli olmasa da, sözdə olsun. Lakin Rusiyanın Qazaxıstandakı səfirliyi bu ölkədə həmin ölkənin rəhbərliyi ilə eyni tonda danışa bilərmi? Əlbəttə ki, yox. Qazaxıstan ümumiyyətlə son vaxtlar Rusiyanı özündən uzaqlaşdırmaq siyasətini həyata keçirir”.

Beləliklə, erməni müəllif hökumətini hətta Qazaxıstandan da ibrət götürməyə səsləyib və Moskva ilə münasibətlərinə yenidən baxmağa dəvət edib. Bu da azmış kimi tələb edib ki, erməni hökuməti Rusiyaya öz yerini göstərsin və s.

“Ermənistanla dostluq etmək istəyirsiniz? Onda amiranə tonu özünüzdə saxlayın. Biz isə özümüzə qarşı hörmətli münasibət göstərməyi tələb edirik. Rusiya öz dostları arasında özünə yeni düşmənlər axtarmasın. Belə də ki, biz artıq ruslarla nə vaxtdan dost olmuşuq ki?”, deyə sual edən erməni siyasi şərhçisi həqiqətdə fikir deyil, hətta analiz də deyil, dediklərinin sadəcə boş hava olduğunu dərindən anlayır. O və erməni cəmiyyəti yaxşı bilir və dərk edirlər ki, artıq bundan sonra nə qədər çabalasalar da Rusiyanın caynaqlarından qurtulmağı bacarmayacaqlar. Yaxud, onlar nə qədər Moskvanın əleyhinə, maraqlarına qarşı çıxacaqlarsa bir o qədər də məngənələr arasında sıxışıb qalacaqlar. Necə deyələr, hələ bir cürət göstərsinlər və Kremli qəzəbləndirsinlər, görək Kreml İrəvana hansı münasibətini göstərəcək? Əslində göstərir də, sadəcə, erməni tərəfi anlamır.

Qaldı ki Ermənistanın doğru seçim etməsinə, - bu seçim qonşuları ilə münasibətlərini tənzimləməsi ilə bağlıdır və belə görünür ki, Ermənistanda kimlərin hakimiyyətdə olub-olmamalarına baxmayaraq, bu ölkə onsuz da süquta uğrayacaq, çünki tarixi həqiqətlər və mövcud siyasi reallıqlar başqa istiqaməti göstərir. Yaxınlarda müşahidə edəcəyik...

Rövşən RƏSULOV