Azərbaycan quru sərhədlərini açır? - EKSPERT AÇIQLADI

6 İyul 2022 12:20 (UTC+04:00)

“Sərhədlərin açılması ümumi vəziyyətlə bağlıdır. Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargah tam olaraq məsələyə aydınlıq gətirmir. Sadəcə olaraq pandemiya şərtləri ilə əlaqədar olaraq quru sərhədləri hələ də bağlı saxlayırlar. Amma dünyanın əksər ölkələrində sərhədlərin açılması baş verir ki, o cümlədən də qonşu Rusiya iyulun 15-dən bunu edir". Bu fikirləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət bildirib.

Onun sözlərinə görə, Rusiya kimi böyük bir dövlət, həmçinin gündəlik yoluxma sayı dünyadakı digər ölkələrdən çox olan bir dövlət sərhədləri çəkinmədən açmağı düşünürsə və buna qərar verirsə düşünürəm ki, Azərbaycan gündəlik yoluxma aşağı olan bir dövlət kimi öz sərhədlərini açmaqdan çəkinməməlidir: "Ümumiyyətlə isə koronavirus pandemiyası artıq ilkin başlanğıcdakı kimi təhlükəli deyil. Yəni əvvəla kütləvi immunitet yaranıb. Azərbaycan dünyanın əksər ölkələrindən fərqli olaraq çox yüksək səviyyədə peyvəndləmə əməliyyatı aparıb. 3 doza peyvənd vurduranların nisbəti digər ölkərə görə həddən artıq çoxdur. Həmçinin yoluxma saylarındakı azalma kütləviliyin faktiki olaraq aradan qaldırılması imkan verir ki, Azərbaycan dövləti də sərhədləri açsın.

Nə vaxt açacaqlar?

Əlbəttə biz bunu proqnozlaşdıra bilmirik. Ona görə ki, atılan addımların məntiqlə nə qədər uyğun olub-olmadığını müəyyənləşdirə bilmirik. Amma mən düşünürəm ki, Azərbaycan rahat şəkildə quru sərhədlərini aça bilər. Hazırda elə ölkələr var ki, ümumiyyətlə koronavirusla bağlı peyvəndin vurulub-vurulmaması ilə bağlı məsələni də gündəmdən çıxarıblar. İstənilən şəxslər yoxlama olmadan həmin ölkələrə səfər edə bilirlər. Belə bir şəraitdə düşünürəm ki, Azərbaycan da risklərin arxada qaldığını nəzərə alaraq qonşu ölkələrlə sərhədləri aça bilər. Həm də bu ona görə lazımdır ki, əhalinin maddi-sosial vəziyyəti çətinləşib. Xüsusilə də qonşu ölkələrlə sıradan insanların ticarət imkanları sıfırlanıb. Bütün bunlar da əhalidə narazılıqlara səbəb ola bilər. Ona görə də düşünürəm ki, xüsusilə Gürcüstan, Rusiya, həmçinin Türkiyə ilə quru sərhədin açılmasını təmin etməlidir. Yəni ən azından bu 3 ölkə ilə sərhədlərin açılması tezləşdirilə bilər. İran biraz riskli olduğu üçün onu sonraya saxlamaq olar. Əslində koronavirus da bizə məhz elə İrandan gəlib. Orada bu məsələlərə yetərincə baxılmadığı üçün, dövlət bu işi bacara bilmədiyi üçün sərhədi qapalı tutmaq olar. Amma digər dövlətlərlə sərhədləri açmağın vaxtı çatıb. Bu həm də əhalinin sosial problemlərinin həllinə kömək edəcək”.