Oğuz rayonunda şəhid baş-leytenantın anım mərasimi keçirilib FOTOLAR

6 İyul 2022 12:28 (UTC+04:00)

Oğuz rayonunda Şəhid baş-leytenant Rəhimov İntizam Əhməd oğlunun şəhadətinin 30-cu ildönümü ilə əlaqədar dəfn olunduğu Qumlaq kəndində anım mərasimi keçirilib. Anım tədbirində YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və təşkilatın əməkdaşları, Oğuz rayon İcra Hakmiyyətinin əməkdaşları, Qumlaq və Tayıflı kənd məktəblərinin şagird və müəllim kollektivi, şəhid ailələri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov I Qarabağ müharibəsi zamanı Azərbaycanın mərd oğullarının çətin şərait və nizam-intizamsızlığa, maddi-texniki təminat çatışmazlığına rəğmən böyük qəhrəmanlıqlar göstərərək, Vətəni müdafiə etdiyini, onların övladlarının da eyni qəhrəmanlıqlarla mövcud şəraitdə Vətənin bütövlüyünü, dövlətimizin suverenliyini bərpa etdiyini vurğulayıb. Dövlətimizin başçısı, Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərdən sonra I Qarabağ müharibəsi zamanı şəhid olmuş Vətən oğullarının da ruhunun şad olduğunu bildirib. Şəhidimizin qızı Dünya xanım da çıxışında davamlı diqqət və qayğı üçün Cənab Prezident İlham Əliyevə təşəkkürlərini bildirib.

Qeyd edək ki, Rəhimov İntizam Əhməd oğlu 4 yanvar 1959-cu ildə Oğuz rayon Qumlaq kəndində anadan olub. İntizam Rəhimov 1976-cı illərdə orta təhsilini başa vurduqdan sonra, SSRİ silahlı qüvvələrində xidmət edib. Şəhidimiz 1982-ci ildə Azərbaycan Pedaqoji İnstitunun hərbi hazırlıq fakültəsinə qəbul olub və ali təhsilini bitirdikdən sonra Oğuz rayonunda bir neçə kənd məktəbində gənclərin çağırışa qədər hərbi hazırlıq müəllimi kimi pedaqoji fəaliyyət göstərir. I Qarabağ döyüşləri başlayanda isə İntizam müəllim hərbi formasını bu dəfə Vətənin müdafiəçisi kimi könüllü olaraq geyinir. 1992 - ci ilin iyul ayının 5-i Ağdamın Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur və yaşadığı Qumlaq kəndində dəfn olunur. Bundan sonra, Vətən uğrunda canından keçmiş nümunəvi müəllim İntizam Rəhimovun adı əbədiləşdirilərək oxuduğu Qumlaq kənd tam orta məktəbinə verilir. Eyni zamanda, Oğuz şəhərindəki küçələrdən biri "İntizam Rəhimov" adını daşıyır. Uca Allahdan Vətən uğrunda canından keçmiş bütün Şəhidlərimizə rəhmət diləyirik.

Zümrüd Bayramova