THY və İstanbul Hava Limanının yeni uğurları

6 İyul 2022 00:28 (UTC+04:00)

Türk Hava Yolları (THY) və İstanbul Hava Limanı uçuş və sərnişin sayı cəhətdən əldə etdiyi uğurlarına yenilərini əlavə edir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL), məlumatına görə, Türk Hava Yolları, Beynəlxalq Hava Limanları Şurasının (ACI) məlumatlarına görə də, İstanbul Hava Limanı Avropanın zirvəsində yer aldı.

EUROCONTROL 27 iyun-3 iyul tarixlərini əhatə edən bu ilin 26-cı həftəsi üçün məlumatları açıqladı.

Buna görə, gündəlik 1510 uçuşla Avropada ən çox uçuş həyata keçirən üçüncü hava yolu şirkəti olan THY, bayraq daşıyıcı şirkətlər sırasında ən çox uçuş həyata keçirən hava yolu şirkəti olaraq qaldı.

Həmin tarixlərdə gündəlik 2 min 982 uçuşla "Ryanair" birinci, "Easyjet" isə 1571 uçuşla ikinci yerdə qərarlaşıb.

Alman hava yolu şirkəti "Lufthansa" isə 1153 uçuşla THY-dən sonra dördüncü yeri tutub.

İstanbul Hava Limanı isə may ayında 5 milyon 661 min 151 sərnişinlə Avropadakı hava limanları arasında birinci yerdədir.

İstanbul Hava Limanını 5 milyon 341 min 644 sərnişinlə London "Hitrou" və 5 milyon 227 min 412 sərnişinlə Paris "Charles De Gaulle" hava limanları izlədi.