İsveçrə prezidenti əleyhinədir

5 İyul 2022 23:04 (UTC+04:00)

İsveçrə prezidenti İqnazio Kassis Rusiyanın Qərb ölkələrində dondurulmuş 500 milyard dollarlıq aktivlərini müsadirə edib Ukraynanın yenidən qurulmasında istifadə etmək planına qarşı çıxıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Guardian” xəbər verir.

Kassisə görə mülkiyyət hüququ və onun qorunması liberal demokratiyanın əsasını təşkil edir. O hesab edir ki, bu cür təkliflər ciddi presedent yaradacaq. İsveçrə lideri əlavə edib ki, pandemiya zamanı olduğu kimi hüquqlar pozula bilər, lakin ciddi hüquqi əsaslandırma və hüquqi əsas lazımdır.

Qeyd edək ki, Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın bərpası üçün istifadə ideyası Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss tərəfindən dəstəklənib.

Xatırladaq ki, xüsusi əməliyyat başlayandan Qərb ölkələri Rusiyanın qızıl-valyuta ehtiyatlarını, həmçinin Rusiya vətəndaşlarının və dövlətin əmlakını dondurub.

Martın 10-da Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının və onun sakinlərinin əmlakının zorla müsadirə edilməsi haqqında qanunu imzalayıb.

Ağasəf Babayev