İsveç və Finlandiya NATO-ya üzvlük protokolunu imzalayıb

5 İyul 2022 22:37 (UTC+04:00)

Finlandiya və İsveç NATO-ya üzvlük protokolunu imzalayıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu NATO-nun sözçüsü Oana Lunqesku tviter səhifəsində yazıb.

Sənədi Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin XİN başçısı Ann Linde imzalayıblar.

Alyansın Baş katibi Yens Stoltenberq də mərasimdə iştirak edib. O, protokolların imzalanmasından əvvəl çıxış edib.

NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, bu, həm iki ölkə, həm də ümumi təhlükəsizlik üçün tarixi bir məqamdır.

Madrid Zirvə Toplantısında imzalanan üçlü memorandum nəticəsində Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarının aradan qaldırıldığını və ortaq mövqeyə gəlindiyini bildirən Stoltenberq deyib:

“Xalqlarımız daha təhlükəsiz olacaq”.

İki ölkənin ən yeni üzv olması üçün təsdiq prosesinin bu gündən başladığını ifadə edən Stoltenberq NATO-nun qapılarının Avropa demokratiyalarına açıq olduğunu vurğulayıb.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da “Terror hamımız üçün ciddi təhlükədir” deyərək, ölkəsinin NATO-nun təhlükəsizliyinə töhfə verəcəyinə diqqət çəkib.

İsveçin xarici işlər naziri Ann Linde də qeyd edib ki, onun ölkəsi NATO-nun növbəti üzvü kimi bütün müttəfiqlərin təhlükəsizliyinə töhfə verəcək.

Qeyd edək ki, Linde və Haavistonun başçılıq etdiyi nümayəndə heyətləri dünən Brüsseldə NATO rəsmiləri ilə görüşüb və üzvlük danışıqlarını yekunlaşdırıb.