"Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda diasporumuzun rolu böyükdür" - DEPUTAT ŞƏRH ETDİ

5 İyul 2022 18:20 (UTC+04:00)

“Azərbaycan diasporu dünyanın gənc diasporlarından biridir. Son illər xüsusilə də rəhbərlik dəyişəndən sonra xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesi baş verdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, diasporumuzun fəaliyyəti göz önündədir: "O günü-gündən fəallaşır, inkişaf edir. Son illər xarici ölkələrdə, həmçinin ölkəmizdə baş verən hadisələrlə bağlı, 44 günlük müharibədən sonrakı Qələbəmizlə bağlı dünyanın müxtəlif ölkəkərində fəaliyyət göstərən diasporumuzun uğuru sevindiricidir. Kifayət qədər fəal işləyir. Bu da Azərbaycandakı bu qurumlara rəhbərlik edən komitənin müsbət fəaliyyətinin nəticəsidir. Ancaq bununla kifayətlənmək olmaz. Çünki bizim əksimizə fəaliyyət göstərən müxtəlif təşkilatlar, qurumlar, cəmiyyətlər var, xüsusilə də Ermənistan tərəfindən idarə edilən diasporalar, lobbilər çoxdur. Bunların təcrübələri də çoxdur. Onlarla mübarizə aparmaq, onlara qalib gəlmək, cavab vermək çox vacib şərtlərdən biridir. Eyni zamanda Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda, xarici ölkələrdə Azərbaycanın layiqli şəkildə təmsil olunmasında Azərbaycan diasporunun rolu böyükdür.

Azərbaycan dövlətinin xarici siyasətinin düzgün istiqamətdə xarici ölkələrdə təbliğ olunması diasporamızın qarşısında duran önəmli məsələlərdəndir. Arzu edirəm ki, dünya ölkələrində fəaliyyət göstərən diasporalarımız daha da inkişaf eləsin, güclü təşkilatlara çevrilsin və xalqımızı, dövlətimizi, millətimizi ləyaqətlə təmsil etsin”.