Azərbaycan universitetlərinin rektorları Polşada

5 İyul 2022 11:24 (UTC+04:00)

Polşa Respublikasının Təhsil və Elm Nazirliyində Bakı Biznes Universitetinin koordinatorluğu ilə icra edilən Azərbaycan Rektorlar Konfransının yaradılması layihəsi çərçivəsində daha bir toplantı baş tutub. Polşa Rektorlar Konfransının dəstəyi ilə keçirilən görüşdə Polşanın Təhsil və Elm Nazirinin müavini Tomasz Rzymkowski, Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova və layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları və digər nümayəndələri iştirak ediblər.

Görüşün əsas məqsədi Azərbaycan və Polşa universitetləri arasında tədris və tədqiqat üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə mübadilə imkanlarının artırılması, ortaq layihələrin həyata keçirilməsi olub.
Toplantıda Nazir müavini cənab Tomasz Rzymkowski çıxış edərək qonaqları salamlayıb və iki dövlət arasında sıx əlaqələrin mövcud olduğunu və uğurla davam etdiyini vurğulayıb. Nazir müavini yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsindən, yeni layihələrin birgə icrasından məmnun olduqlarını və yüksək səviyyədə dəstək verdiklərini ifadə edib.

Daha sonra səfir Nərgiz xanım Qurbanova layihə nümayəndələrini salamlayıb və Polşada təhsil sahəsində görülən işlərdən və perspektiv fəaliyyətlərdən geniş söz açıb.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri Nicat Məmmədli layihə çərçivəsində Polşa ilə əməkdaşlığın daha da genişləndiyini və layihədə Polşa təcrübəsinin faydalı olacağını bildirib. Sözügedən layihənin koordinatoru Gülşən Bayramova da layihənin uğurla həyata keçirilməsində və təcrübələrin öyrənilməsində Polşa Rektorlar Konfransının verdiyi töfhələrdən və Polşa universitetləri ilə müxtəlif istiqamətlərdə beynəlxalq layihələrin həyata keçirilməsi üzrə aparılan işlərdən bəhs edib. Daha sonra görüş müzakirələr və fikir mübadilələri ilə öz işinə davam edib.