Hicab, yoxsa dəb? - ARAŞDIRMA

4 İyul 2022 18:20 (UTC+04:00)

Hicab (ərəbcə - arakəsmə, pərdə, örtük, deməkdir; çadra, niqab, parəncə də bu qəbildəndir) - müsəlman qadınların küçəyə çıxarkən geydikləri, üzlərini və bədənlərini örtdükləri örtük və çiyinlikdir. Əvvəlcə hicab örtmək Məhəmmədin zövcələrinə əmr edilmişdi, sonra isə bütün müsəlman qadınlarına şamil edildi. Nur surəsi 31-ci ayətdə və Əhzab surəsinin 59-cu ayətlərin enməsiylə müsəlman qadınlara Allah tərəfindən əmr olunub. Hicab müsəlman şəhərlərinin hər yerində yayılmışdı, lakin kəndli qadınlar və köçəri qəbilələrin qadınları çox vaxt hicab örtməmişlər.

Hicabın müxtəlif növləri vardır: bütün bədəni və ya ancaq üzü örtmək üçün işlədilən qara rəngli və bəzən də başqa rəngdə olan hicablar, göz üçün xüsusi toru və ya dəlikləri olan hicablar, başa örtülən qara yarımşəffaf hicablar və s.

Müasir müsəlman alimləri, ümumiyyətlə, qadınlardan əlləri və üzlərindən başqa hər şeyi ictimai yerlərdə örtmələrini tələb edir, lakin örtüyü (bəzi müsəlman qadınların geyindiyi üz örtüyünü) vacib hesab etmirlər. Hicab demək olar ki, bütün müsəlman mədəniyyətlərində gənc qızlar üçün məcburi deyil.

Maliki və Hənbəli məzhəbində hakim olan fikir budur ki, qadının əlləri, üzü, başı, boynu, qolları, ayaqları və baldırları istisna olmaqla, bütün bədəninin övrət olması və onun örtülməsidir. Qadının yad kişilər, yəni naməhrəm kişilər qarşısında övrət yeri üzü, əlləri və ayaqlarından başqa bütün bədənidir.

Örtünmək məcburidir?

Quranda başın örtülməsini açıq şəkildə əmr edən bir ayə yoxdur. Baş örtüyünün vacib olmasını sübut etmək üçün yalnız bir ayə irəli sürülür və bu Nur surəsinin 31-ci ayəsidir.

Həqiqi örtük necə olmalıdır?

Geyimlər geniş olacaq bədənə yapışıb cizgilərini göstərməyəcək.

Quranda qapanma varmı?

Kişi və qadının ayıb yerlərini örtməkdən başqa, qadın və kişilərin baş və ya digər hissələrinin bu və ya digər şəkildə örtüləcəyini bildirən açıq-aydın bir ayə yoxdur.

Müasir dövr dəbi və gözəl görsənməyi hər bir baxımlı qadının stereotipinə çevirib. Bu əlamətlər hətta dindar və hicablı qadınlara da sirayət edib. Onlar dinlə dəbi uzlaşdıraraq fərqli “müasir hicab” obrazını yaradırlar.

Beləliklə, əksər xanımlar hicaba “müasir stil” verərək onu dəblə birləşdirməyə çalışır. Lakin onların arasında çarşabdan yalnız bir müddət geyim dizaynı kimi istifadə edənlər də var.

Bəs İslam dinində və şəriətdə müasirliyin bu stereotiplərinə necə yanaşılır? Din dəbdə nələri qadağan edir? Quranda rənglər barədə hansı məhdudiyyətlər var? Bəziləri hicabı niyə dəbə çevirib? SİA olaraq bunları öyrənmək üçün din xadimi, geyim mütəxəssisi və ekspertlərin fikirlərini öyrənib.

Din xadimi Mircəfər Əyyubov: “Hicablı xanımların hicabı dəbə çevirməsini düzgün saymıram. Hicab xanımların gözəlliyini naməhrəmdən gizlətməsi üçündür. Hicabı dəbə çevirmək isə xanımın öz gözəlliyini reklam etməkdir. Lakin hicab dəbə çevrilir deyə hicaba və hicablılara hücum etməyi də düzgün hesab etmirəm. Bir xanımın öz başını örtməsinin nə qədər cəsarət tələb etdiyini bilmək üçün hicab bağlamayan xanımlar arasında sorğu aparmaq kifayət edər.

Düzgün maarifləndirmə və empati yaratmaq yolu ilə bu məsələdə uğur qazanmaq olar”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə : “Hicab geyinmək İslamın tələblərindən biridir. Yəni, hicab hər bir müsəlman qadına vacib buyrulub. Yəqin buna görədir ki, son illər ölkəmizdə hicab geyinən xanımların sayı artıb. Mən bunu normal qarşılayıram.

Azərbaycan hüquqi dövlətdir. Bizim ölkəmizdə hər bir insanın istədiyi kimi geyinmək hüququ var. Əgər qanun bunu qadağan etmirsə, bizim kiminsə geyiminə qarışmağımız doğru deyil. Kim istəyir hicab geyinsin, kim istəyir şortik.

Bəzən valideynlər qızlarını hicab geyinməyə vadar edirlər. Bəzən də hansısa xanım fərqlənmək üçün hicab taxır. Hicabı dəb üçün taxanlar da var. Hər üç halı doğru hesab etmirəm. Hicab geyinmək qadının içindən gəlməlidir. Hicab onun daxili-mənəvi aləmini əks etdirməlidir.

Ümumiyyətlə, mən insana geyiminə görə qiymət verməyin tərəfdarı deyiləm. İnsana geyiminə görə deyil, əməlinə görə dəyər verilməlidir. Bu, həm kişiyə, həm də qadına aiddir”.

Style consulting şirkətinin baş direktoru, stil məsləhətçisi Türkan Babayeva: “Hicab və dəbin, modanın eyni cümlədə işlənməsi məncə çox maraqlı, aktual və müzakirələrə səbəb olan bir mövzudur. Çünki bəlkə də din xadimləri buna tam başqa prizmadan, moda insanları, stilistlər isə başqa tərəfdən fikir bildirəcək. Mən də bir stil məsləhətçisi, xanımlarla işləyən bir insan kimi demək istəyirəm ki, insan üçün geyinmək bədəni bağlamaqdan daha irəli bir şeydir. Yəni tərz özünü ifadə üsuludur və burada yaş, sosial həyat, dini mənsubiyyətdən asılı olmayaraq xarakter və özünü ifadə etmə forması önəm daşıyır. Yəni ruhunda əyləncə,yaradıcılıq və ya sakitlik və.s kimi başqa xüsusiyyətlər olan insanın hicablı və ya hicabsız olmağı xarakterinə təsir etmədiyi kimi geyim şəklinə də təsir etməməlidir.

Bəli, hicablı bir xanım hansısa bədən vurğusu, açıqlıqla bunu etmirsə o demək deyil ki, öz xarakterini geyimində əks etdirə bilməz. Rənglərlə, başqa aksesuarlarla və ya geyimlə başqa şəkildə oynayaraq da özünü ifadə edə, moda ilə ayaqlaşa bilər. Bu yaxınlarda bir hicablı müştəri ilə işlədik və xanımın qardirobu tam rəngsiz idi. Amma xaraktercə çox əyləncəli, şən bir insan idi və o qardirob onu əslində çox sıxırdı. Bizlə işlədikdən sonra qardirobuna qatılan rənglərlə xanım sanki özünü tapdı.

Xanımların həyat tərzi dəyişdikdə, məsələn hicaba keçdikdə, işində, vəzifəsində ciddi dəyişiklik olduqda, çəki dəyişimi yaşadıqda və s. kimi hallar geyimlərini, özlərini tapa bilməmək kimi problemlər yaradır. Buna görə də bu hallarda daha diqqətli olub öz daxili aləmlərini, öz ruhlarını unutmamağı tövsiyyə edirəm. Hicablı xanımlarla işlədiyimiz zaman qaydalarının nə dərəcədə sərt olduğunu da nəzərə alırıq. Bəzən kəmərlə bel vurğusu edə bildiyimiz halda bəzən isə bunu ancaq rənglə edə bilirik. Amma hər bir halda hər xanımın öz geyimindən zövq almaq, özünü ifadə etmək kimi bir haqqı var məncə və hicablıdır deyə modadan kənar qalmamalıdır”.

Ayşən Vəli