Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir

3 İyul 2022 15:00 (UTC+04:00)

Xəzər hövzəsi daima dünya dövlətlərinin cazibə mərkəzlərindən biri olub. Tarixə nəzər saldıqda aydın görünür ki, Xəzər ətrafında baş verən hadisələr bütövlükdə Orta və Ön Asiyanın siyasi proseslərinin keyfiyyətini təyin edib. Bu gün də dünyada Mərkəzi və Ön Asiyaya artan maraq konteksində Xəzər və onun ətrafında baş verən proseslər şübhəsiz ki, həlledici rol oynayır.

Xəzər dünyanın ən böyük gölüdür və onun ətrafında beş ölkənin sərhədləri kəsişir. Bu ölkələrin əsas səyləri hərbi-siyasi təhlükəsizliyi təmin etmək, Xəzərin hüquqi statusunun tənzimləyən Konvensiya əsasında yeni tarixi mərhələdə müasir hüquqi münasibətləri tənzimləməkdir. Həmçinin bu akvatoriyada qeyd olunanlardan irəli gələn zərurət: sabitliyin hökm sürməsi, iqtisadi və ticari əməkdaşlıq, mədəni-humanitar mübadilə prosesinin öz tarixi məcrasına qayıtmasıdır. Bu günki qlobal təhlükələr konteksində, baş verən dərin starteji-siyasi-iqtisadi kataklizmlər fonunda Xəzər ölkələrinin görüşü mühüm əhəmiyyət kəsb edir. Cari ilin iyun ayının 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı baş tutdu. Bu toplantıda Xəzəryanı ölkələrin dövlət başçıları həm ekoloji vəziyyət, həm nəqliyyat dəhlizləri, həm də trans-Xəzər marşurutların gücləndirilməsi və bir çox digər siyasi məqamlara toxundular. Toplantıda iştirak edən ölkə başçımız Zirvə Toplantısında geniş nitqlə çıxış etməsi ilə yanaşı həm də öz həmkarları ilə ikitərəfli görüşlər keçirdi.

Cənab İlham Əliyevin bu toplantıdakı nitqində toxunduğu məqamlar isə öz aktuallığı ilə seçildi. Çıxışında Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə toxunan ölkə başçımız bildirmişdir ki, “Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir”. Bildiyimiz kimi, daha öncə 2018-ci ildə Aktauda V zirvə toplantısı keçirilmiş və bu toplantıda uzun müddətdən sonra Xəzərin statusuna rəsmi şəkildə aydınlıq gəlmişdi. Xəzəryanı ölkələr üçün mühüm siyasi, ekoloji, iqtisadi əhəmiyyət daşıyan “Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair konvensiya”nın qəbulu regional dövlətlərin əməkdaşlığının hüquqi bazasını möhkəmləndirməklə bölgədə qarşılıqlı fəaliyyətin inkişafına mühüm imkanlar açıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri sabitlik və təhlükəsizlik sahəsində çox mühüm rol oynayır. Xarici siyasətini qarşılıqlı inam və etibar prinsipləri əsasında quran Azərbaycan bütün beynəlxalq platformalarda olduğu kimi Xəzərdə də səmərəli əməkdaşlıq edir. Xəzərin əməkdaşlıq dənizinə çevrilməsi, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulmasına, ekoloji təmiz texnologiyaların cəlbi üçün əlverişli şəraitin yaradılmasına hədəfləyən iqtisadi əlaqələr böyük əhəmiyyət daşıyır. Bu həmçinin sahilyanı dövlətlər arasında siyasi dialoqun da güclənməsində mühüm rol oynayır.

Azərbaycanın bölgə üçün yaratdığı mühüm imkanlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Qeyd etmək lazımdır ki, bu günə qədər Azərbaycanın reallaşdırdığı nəqliyyat dəhlizləri və logistik imkanlar region dövlətlərinin daha çox iqtisadi əlaqələr qurması baxımından mühüm əhəmiyyətə malikdir. Bildiyimiz kimi, hazırda dünyada baş verən geosiyasi proseslər demək olar ki, bütün sahələrə öz təsirini göstərir. Bu sahələrdən ən önəmlisi enerji resurslarıdır. Bu günün reallığı isə Xəzərin enerji resurslarına tələbatın artmasıdır. Dünyanın enerji böhranı ilə qarşılaşdığı bir vaxtda zəngin ehtiyatlara malik olan Xəzəryanı ölkələrin əməkdaşlığının inkişafı isə olduqca mühüm əhəmiyyət daşıyır. Artıq Xəzərin əhəmiyyəti təkcə Xəzər dövlətləri üçün yox, daha geniş miqyasda-qitə üçün, dünya üçün əhəmiyyəti artıb.

Arzu Cahangirova

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsinin sədri