Cüdoçularımız Açıq Avropa turnirində mübarizəni davam etdirirlər

3 İyul 2022 12:37 (UTC+04:00)

Rumıniyanın Kluj-Napoka şəhərində cüdo üzrə böyüklər arasında açıq Avropa turniri davam edir. SİA xəbər verir ki, yarışın ikinci günündə cüdoçularımızdan kişilər arasında Hasil Cəfərov, Kərim Allahverdiyev (81 kq), Murad Fətiyev (90 kq), İmran Yusifov (+100 kq) yarışacaqlar. Qadınların turnirində isə Südabə Ağayeva, Günel Həsənli (70 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, yarışın birinci gününü komandamız 2 qızıl, 3 bürünc medalla başa vurub. Belə ki, Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) üçüncü yeri tutublar. Bu nəticə ilə komandamız ümumi hesabda birinci sırada qərarlaşıb.

Bu gün başa çatacaq yarışda Azərbaycandan 14 kişi və 3 qadın cüdoçu təmsil olunur.

Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.